Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır.[4][5] Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar.[4][6] 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur.[4][7]
2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır.[4][8][9]
18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb.[2][3]
Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir. Fakültənin ilk dekanı Abuzər Alı oğlu Xələfov olmuşdur. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, "Şöhrət" və "Şərəf" ordenli Abuzər Xələfov 1962–1970 və 1979–1993-cü illərdə fakültəyə rəhbərlik etmişdir. 1970–1979-cu illərdə Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Əliyev, 1993–2012-ci illərdə Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov, 2012–2020-ci illərdə dosent Azad Qurbanov dekan vəzifəsində çalışmışlar. 2020-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayınadək dekan vəzifəsini dosentƏləmdar Cabbarlı əvəz etmişdir.
Bu günə qədər fakültəni 6000-dən çox məzun bitirib. Fakültədə yüksək ixtisaslı milli kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahvediyev, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev, Əli Rüstəmov, Zöhrab Baxşəliyev, Aşur Əliyev, Kəmalə Şeyxzamanova, Qəmzə Hacıyeva, Sənubər Mustafayeva və digər alim-pedaqoqların böyük xidmətləri olub.[5]
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanı ilə informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması həyata keçirilir. Dövlət proqramı əsasında yeni yaradılacaq kitabxana-informasiya sistemində müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnmiş ixtisaslı kadrların yetişdirilməsi zərurətə çevrilmişdir. Bu mənada İnformasiya və sənəd menecmenti fakültəsinin əsas məqsədi müasir dövrün tələblərinə, informasiya əsrinin çağırışlarına uyğun kadr hazırlığını həyata keçirməkdir.
Hazırda fakültədə təlim-tədris prosesi ilə 40 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültədə tədris bakalavriatura, magistratura və doktorantura olmaqla 3 pillədə həyata keçirilir. Bakalavr pilləsində 600-ə qədər, magistr pilləsində 20-ə qədər tələbə təhsil alır. 20-dən çox doktorant isə fəlsəfə və elmlər doktorluğu proqramları üzrə elmi-tədqiqat işləri üzərində çalışır.
Rəhbərlər
1962-ci ildən bu günə kimi fakültəyə dörd dekan rəhbərlik edib: 1962–1970, 1979–1993-cü illərdə tarix elmləri doktoru, prof. Abuzər Xələfov, 1970–1979-cu illərdə prof. Zöhrab Əliyev, 1993–2012-ci illərdə prof. Xəlil İsmayılov.[5] 2012-ci ildən 2020-ci ilin sentyabr ayınadək fakültənin dekanı dosent Azad Qurbanov olmuşdur. Hal-hazırda fakültəyə dekan, dosent Ələmdar Cabbarlı (Bayramov) rəhbərlik edir.[10][11]
↑ 1234Mammadov, E.E. History of books and libraries in AzerbaijanArxivləşdirilib 2023-02-02 at the Wayback Machine: Teaching aid for universities / Scientific editors: professor J.R.Mehrad, Ph.D. in technology E.Ch.Mammadov; reviewers: docent E.Y.Ahmadov, docent K.I.Aslan, Ph.D. in history A.T.Abdullayeva; Ministry of Science and Education of the Republic of Azerbaijan, Baku State University. - Baku: Adiloglu, 2022. - 174 p. - ISBN 978-9952-37-885-6