Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, İstanbul) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti.
Həyatı
Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur.
Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir. Onun meyiti Qaracaəhməd qəbiristanlığında dəfn edilmişdir.
O, İttihad və Tərəqqi Firqəsinin bir üzvü idi.
Fəaliyyəti
Baha Tofiq yazıçılıq fəaliyyətinə 1907-ci ildə İzmir şəhərində fəaliyyət göstərən bir qəzetin redaksiya heyətinə qoşularaq başlamışdır. O, 1909-cu il 31 mart hadisəsindən sonra İstanbul şəhərinə köçmüş, orada qəzet redaktoru olmuşdur. Tofiq 1910-cu ildə yaxın dostu Əhməd Nəbillə "ictimai və elmi bir inqilabın əsaslarını hazırlamaq" məqsədilə "Teceddüd-i İlmî ve Felsefî Kütüphanesi" nəşriyyat evini təsis etmişdir.
Baha Tofiq Fridrix Nitsşe, Lüdviq Büxner və Ernst Hekkel kimi yazıçıların əsərlərini tərcümə etmişdir. O, 20 qəzet və jurnalın redaksiya heyətində işləmiş, 17 kitab yazmış və tərcümə etmişdir. 1913-cü ildə o, "Felsefe Mecmuası" adlı türk dilində olan ilk fəlsəfə jurnalını yayımlamağa başlamışdır.
Fikirləri
Baha Tofiqin fikirlərinin formalaşmasında Lüdviq Büxner, Ernst Hekkel, Fridrix Nitsşe, Odett Lagerr kimi yazıçıların təsiri var idi. O, fərdiyyətçi anarxist idi. O, Osmanlının türk cəmiyyətindəki hər şeyin radikal olaraq dəyişdirilməsinə inanırdı. Buna görə də o, milliyətçiliyə qarşı olduğu üçün Ziya Göyalpa, ədəbiyyatın mənasız olduğunu düşündüyü üçün yazıçı Əhməd Haşıma hücum etmişdi. Tofiq demək olar ki, dövrün Osmanlı ziyalılarının hamısı ilə mübahisədə olmuşdur. O, fikirlərinə görə tez-tez "qərbçi" adlandırılardı.
Baha Tofiq materialist fərdiyyətçiliyin tərəfdarı idi. Dini əxlaqın korşaldığını, türk mentalitetinin boş olduğunu deyir, insanpərvər əxlaqı dəstəkləyirdi. O deyirdi ki, əxlaqı insanlar yaradıb, onun kökünü göydə axtarmaq lazım deyil – vətən və millət pafoslu ifadələrdir, sənət və ədəbiyyat zərərlidir, əfv etmək və alicənab olmaq boş şeydir. Baha Tofiq fərdin ancaq yaşadığı cəmiyyətin fikir və dəyərlərinə hücum edərsə azadlaşa bildiyinə inanırdı.
Baha Tofiq həmçinin, ateist idi. O, inkişafın tək yolunu Osmanlı dəyərlərindən uzaqlaşmaqda görürdü. Tofiq Rza Tofiq Bölükbaşı kimi filosoflara lağ edirdi ki, əslində fəlsəfənin nə olduğunu bilmirlər, çünki nə Kantın, nə də Nitsşenin əsərlərini oxuyublar.
Baha Tofiq öz həmdövrlərindən fərqli olaraq, sosialist anarxist deyildi. "Fəlsəfəyi Fərd" kitabında yazdığına görə, o, pul qazanmağın tərəfdarı idi. Bununla bərabər Tofiq iqtisadi vəziyyəti pis olan, kasıb insanların "işlər qaydasındadır" deməyini "bu fəlakətə alışmışam" ifadəsi kimi qəbul edir, kasıbların evlənərək qadını və uşağını da bu həyata məcbur etməyini anlaya bilmirdi. Buna əlavə olaraq, Baha Tofiqə görə türklər ailə qura bilməzdi. Ənənəvi Osmanlı ailəsində uşaq gələcək üçün yetişdirilən bir qul, qadın evə həbs olunmuş bir məhbus, kişi isə gündəlik qayğılardan qaçıb ailəyə sığınan, bir günlük kral olan bir səfil idi.
Mənbə