637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III YezdəgirdDəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır.[3]
Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir.[4][5][6]
İlk hücumlar haqqında
Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.
ƏrəblərinSasanilər imperiyasınınXəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nahavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.
Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.
Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.[7][8]
Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634–644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.
Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi-cizyə ödəməli idi; "qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular.
Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü.
Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar".[9][10] Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644–645)-cü ildə üsyan qaldırıb, "müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar".[11][12]
Ərəblərin növbəti hücumları (639–720)
646-cı ildə ərəb ordusu Valid ibn Uqbənin komandanlığı ilə yenidən Azərbaycana yürüş etdi. Ordunun qabaq dəstəsində Salman ibn ər-Rəbiə əl-Bəxili gedirdi. Azərbaycan ikinci dəfə istila edildi, "bu şərtlə ki, (hər il) onlar (əhali) səkkiz yüz min dirhəm versinlər. Bu, Huzeyfə ibn əl-Yəmaninin 22 (b.e. 644)-ci ildə, yəni Nəhavənd vuruşmasından bir il sonra onlarla bağladığı sülhün şərtləri idi".[9]
639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi.[9] Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi:
"Bismillahirrəhman-irrəhim. Bu fərman Bukeyr ibn Abdullah tərəfindən Mukan əhalisinə, onların şəxsiyyəti, əmlakı, dini və qanunlarını mühafızə etmək haqqında verilən mühafızə fərmanıdır ki, həddi-büluğa çatmış hər bir şəxs bir dinar, yaxud onun dəyərini versin, müsəlmana səmimi yanaşsın, ona yol göstərsin və bir gün bir gecə onu saxlayıb yedirsin. Nə qədər ki, onlar öz üzərində (ərəb) hakimiyyətini qəbul edib ərəblərə xeyirxahlıqla yanaşırlar, onlara əmin-amanlıq təmin olunur və biz öz təəhhüdlərimizi yerinə yetirərik. Əgər onlar öz təəhhüdlərini pozub səmimi olmadıqlarını göstərsələr, xainləri ələ verməyincə, onlara aman yoxdur! Əks halda! Onlar xainlərin həmfıkri hesab olunacaqlar. Şahidlər əş-Şəmmax ibn Dirar, ər-Rusaris ibn Cunadib və Xəmələ ibn Cuveyyə olmuşlar. Hicri 21-ci ildə (b.e. 642-ci ildə) yazılmışdır".[9][13][14]
Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizinin sahili ilə şimala doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba (Dərbəndə) çatdı.[15][16] Sonrakı 642/643-cü illərdə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbd-ür-Rəhman ibn ər-Rəbiə əl-Bəxilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr verdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl-Beyda şəhərinə çatıb onu işğal etdi.[17] Lakin Balancar yaxınlığındakı xəzərlər hücuma keçib ərəbləri məğlub etdi və onların komandanı Əbdür-Rəhman ər-Rəbiəni öldürdülər.[18]
Ərəb qoşunları Arran ərazisinə şərqdən deyil, cənub-qərbdən, Naxçıvandan keçməyə başladılar. Arrana soxulan ilk ərəb dəstəsi Salman ibn Rəbiə əl-Bəxilinin komandanlığı altında olan dəstə idi ki, bu da Həbib ibn Məsləmənin ordusuna daxil idi.
Naxçıvan xəlifə Osman ibn Affanın (644–656) hökmranlığı zamanında tutulmuşdu. Həbib ibn Məsləmə Naxçıvanı işğal edəndən sonra onun əhalisi ilə sülh müqaviləsi bağladı və aşağıdakı fərmanı verdi:
"Bismillahirrəhman-irrəhim. Bu fərman Həbib ibn Məsləmə tərəfındən Naşava (Naxçıvan) şəhəri əhalisinə, onun burada olan və olmayan kahinlərinə və yəhudilərinə, ona görə verilir ki, mən sizin əmin-amanlığınızı və əmlakınızı, sizin kilsə və ibadətgahlarınızı və şəhərinizin hasarlarını mühafızə altına alıram. Siz əmin-amandasınız və biz sizinlə bağladığımız müqaviləni o vaxtadək yerinə yetirməyi təəhhüd edirik ki, siz özünüz ona əməl edib cizyə və xərac verəsiniz, ən mötəbər zamin olan Allah özü buna zəmanətdir. Fərman Həbib ibn Məsləmənin möhürü ilə təsdiq olunur".[19]
Salman ibn ər-Rəbiənin dəstəsi Naxçıvandan çıxandan sonra Biçənək keçidindən Şəki, Gorus tərəfə yeridi və Arran ərazisinə çatanda Beyləqan üzərinə yürüş etdi.
Daha sonra Salman ibn ər-Rəbiənin ordusu Bərdəni, Beyləqanı işğal etdi. Şakşin (Şakaşen), Meskean (Meskuenk), Ud (Uti), Mesiran (Mesarans), Xarxilyan (Xarcilank), Tabar (Tri) mahallarının kəndlərini və Arranın digər yerləri də işğal olundu.[20][21]
Sonra Salman ibn ər-Rəbiənin dəstəsi Şamxoru, Qəbələni tutdu, Şakkan və Kamiberan hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı. Xeyzan əhalisi, Şirvan padşahı, qalan dağların padşahları, Məsqət, Şabran və Bab (Dərbənd) şəhərinin əhalisi də onunla (Salmanla) eyni məzmunda sülh bağladılar".[20][22]
Beləliklə, 643–644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub və DərbəndədəkXəzər sahili torpaqlarını tuta bildilər. Lakin bu işğalın özülü hələ möhkəm deyildi. Hətta 644–645-ci illərdə, xəlifə Ömərin ölümündən sonra mərkəzdə baş verən siyasi sabitsizlikdən istifadə edən azərbaycanlılar üsyan edərək, ərəblərin onlarla bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina etdilər. Xilafətin yeni başçısı Osmanın Azərbaycana göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana yeni – ikinci yürüşü başlandı. Bu yürüşdə birinci yürüş zamanı ad çıxarmış Salman ibn Rəbiə və Abdallah ibn İubeyl kimi sərkərdələr iştirak edirdilər.
Abdallahın başçılıq etdiyi dörd minlik qoşun Muğan, Bədr və Taylasana (Talışana) soxularaq bu Xəzəryanı torpaqları yenidən işğal etdi, qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdı. Azərbaycan (cənub hissəsi) yenidən işğal, köhnə müqavilə isə bərpa edildi. Müqavilənin şərtlərinə görə, azərbaycanlılar təzminatla yanaşı 800 min dirhəm verməyə boyun oldular.
Bu yürüş zamanı əl-Validin on iki minlik ön dəstəsinə başçılıq edən Salman ibn ər-Rəbiənin əsgərləri ətraf əhalini qorxutmaq məqsədilə Albaniya ərazisinə hücum edərək, oranı talayıb çapdılar və zəngin qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdılar. Gevondun məlumatına görə, xəlifə orduları "Midiya (Cənubi Azərbaycan) kəndlərini və Naxçıvan obalarını xaraba qoydular. Kişilərin çoxunu öldürdülər, qalanlarını isə qadın və uşaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o tayına apardılar".[23] Yalnız bundan sonra vəzifəsini bitmiş hesab edən əl-Valid Xilafətin nümayəndəsi əl-Əşas ibn Qeysi Azərbaycan hakimi təyin edərək paytaxta (Mədinəyə) qayıdır.
Elə həmin il xəlifə Osman iki Qafqaz yürüşünün iştirakçısı, özünü mahir sərkərdə kimi tanıtdırmış Salmanı bu zaman Kiçik Asiya ərazisində bizanslılarla vuruşan Həbib ibn Məsləmənin köməyinə göndərdi. Birgə qüvvələrlə onlar bizanslıların hücumunu dəf edərək, Qaliqala və b. şəhərləri ələ keçirdilər. Ərəb tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi) məlumatına görə bu yürüş zamanı Həbib ermənilərin yaşadıqları ərazidən keçərək, Gürcüstan torpaqlarına daxil olur və Tiflisi işğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzunmüddətli tabeliyinə keçir.
Hələ Gürcüstan hüdudlarına yetişməmiş, Salman ibn Rəbiənin altı minlik dəstəsi Albaniyanın Sünik (Sisəcan, Sisəkan) vilayəti ərazisində Həbibdən ayrılır. Azərbaycanın şimal hissəsinin tam işğalını başa çatdırmaq cəhdilə edilən yürüş başlanır. O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düşmənçilik göstərənləri məhv edir, rastına çıxan şəhər və qalaları tuturdu. Sonra o, düşməni (burada ərəblərin düşməni – yerli əhali idi. – N. V.) qıra-qıra Arran ölkəsindəki Beyləqan şəhərinə yetişdi". Beyləqan cizyə ödənilməsi, əhalinin "həyatı və əmlakının", habelə "şəhər divar-larının" saxlanılması şərtləri ilə Salmana döyüşsüz təslim oldu. Sonra ərəb qoşunu Bərdəyə doğru istiqamət götürdü, lakin mənbələrin məlumatına görə bərdəlilər, beyləqanlılardan fərqli olaraq, şəhər qapılarını ərəblərin üzlərinə bağladılar. Salman şəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düşərgə salıb, müqavimət göstərən bərdəliləri zəiflətmək məqsədilə "şəhər ətrafında biçini artıq başa çatdırmış kəndlərə qarətçi yürüşlər təşkil edir". Müqavimətin faydasız olduğunu başa düşən bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "[Bərdəlilər] şəhər darvazasını [Salmanın] üzünə açırlar; o, şəhərə daxil olub, bir qədər orada qalır". Çox keçmədən, Bərdəni tərk edən ərəb süvari dəstəsi Albaniyanın Arsax, Uti, Sakasena və b. vilayət və əyalətlərini tutmaqla Kürün sağ sahili torpaqlarının işğalını başa çatdırır. Qədim şəhər olan Şəmkiri ələ keçirdikdən sonra Kürün sol sahilinə adlayan ərəblər, oradakı şəhər və kəndləri də tutur, Qəbələnin, ġəkinin, Hayzanın, Şirvanın, Şabranın, Məsqətin, Lakzın, Filanın, Təbərsəranın, yenidən əl-Babın (Dərbənd) və b. yerlərin hakimləri ilə müqavilə bağlayırlar.
Bağlanılan sülhə baxmayaraq, ərəblər getdikdən az sonra şirvanlılar və dərbəndlilər, görünür öz qoşunu ilə Dərbəndə gəlmiş xəzər xaqanının təhriki ilə Xilafətlə bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən boyun qaçırırlar. 32 (652–653)-ci ildə Salman ibn Rəbiə dörd minlik qoşunu ilə yenidən Dərbəndə daxil olur və bu zaman artıq şəhəri tərk etmiş Xəzər ordusunun izi ilə onların Bələncər şəhərinə doğru irəliləyir. Baş vermiş qanlı döyüşlərdə müsəlmanlar basılır, Salman özü isə öldürülür. Beləliklə, Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxır.
Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət etdi, lakin Balancar çayının o tayında xəzər qoşunları ilə rastlaşdı və qanlı vuruşmadan sonra, demək olar, bütün dörd min nəfərlik dəstə qırıldı və Salmanın özü öldürüldü.
Salman ibn ər-Rəbiənin ölümündən sonra xəlifə Osman Azərbaycan və Arrana Xuzeyfə ibn əl-Yəməni hakim təyin etdi; Xuzeyfə artıq xəlifə canişinlərinin iqamətgahı olan Bərdə şəhərinə gəldi, bir tərəfdən Bərdə ilə Qaliqala, digər tərəfdən Bərdə ilə Xayzan (yəni Bərdənin şimal-qərbində) arasında olan bütün vilayət və şəhərlərə məmurlar (amillər) göndərdi.[20]
Salmanın ölümündən iki il sonra xəlifə Osman öz sərkərdəsi Həbib ibn Məsləməni yeni qüvvələrlə Qafqaza göndərir. Bu dəfə Sirac Tayrda (Şirakda) düşərgə salmış Həbib ərəblərin birinci və ikinci yürüşləri zamanı Qafqazda işğal etdikləri bütün yerlərin hakimlərinə və camaatına qasidlə xəbər göndərib, onlardan itaət tələb edir. Az sonra xəlifə Osman Həbibi geri çağıraraq, Huzayfa ibn əl-Yəməni Xilafətin Qafqaz vilayətlərinin hakimi təyin edir. İşğal olunmuş şimal torpaqlarını daha yaxşı idarə etmək üçün yeni hakim canişinliyin iqamətgahını 640-cı ildən (Ermənistanın fəthindən bəri) yerləşdiyi Dəbildən (Dvindən) Bərdəyə köçürür. Lakin Huzayfanın özü Mədinədə qalırdı, Bərdəyə isə "əmisinin nəslindən olan bir adamı" – Sulat ibn Zafiri göndərmişdi. "Bütöv bir il orada hökmranlıq edən" Sulat, nəhayət, yerli əhalini özünə tabe edə bilir.
Ərəb-zimmi döyüş dəstələri haqqında
Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən) döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız piyada qoşuna götürürdülər.[24][25][26]
Bu hərbi səfərlərdə zimmilər görkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında vuruşurdular.[27][28]
Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; bu ağır sahələrdə zimmilər, şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyur, ya da düşmənin başlıca zərbəsini öz üzərindən götürürdülər. Zimmi qoşunlarından istifadə edildiyini göstərən məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərində tapmaq olar. M. Kalankatuklu bildirir ki, 713/714-cü illərdə Məsləmə ibn Əbdülmalik xəzərlərin təzyiqi altında Dərbənddən geri çəkiləndə, "bütün əmlakilə birlikdə öz qərargahını tərk etdi, hətta öz hərəmxanasını da arxada buraxmışdı. Onun arxasını [Aqvan] patrisilərindən Eranşahik Vaçaqan müdafıə edirdi".[29][30]
Zimmilərin yerli birləşmələri ərəblərə silahlı kömək göstərəndə, ərəblər onları vergi ödəməkdən azad edirdilər, çünki hərbi xidmət vergini əvəz edirdi. Əhali ərəb qoşunlarında xidmət etməkdən və onlara yardım göstərməkdən boyun qaçıranda, Azərbaycan əhalisi də belə etmişdi – azad olmaq üçün böyük ödənc verməli idi.[31][32][33]
Bəzən zimmi birləşmələrindən cəsus kimi də istifadə edilirdi.[34]
Beləliklə, on ildən artıq müqavimətdən sonra Azərbaycanın şimal hissəsi də Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Bu, təkcə ərəb qaynaqlarının deyil, həm də yerli müəlliflərin (Gevondun, Sebeosun və b.) məlumatları ilə təsdiq olunur. Xilafət üçün qarışıq olan 684–685-ci illərin hadisələrindən xəbər verən Gevond yazırdı: "Ermənilər, gürcülər və albanlar otuzillik itaətdən sonra [ərəblərə] vergi verməyi dayandırdılar". Lakin, bu çox çəkmədi. Xilafət və Bizansın yeni hökmdarları xəlifə Əbd əl-Məlik (685–705) və imperator II Yustinian (685–711) arasında bağlanan sazişdən sonra Arran – Albaniya, Moisey Kalankatlının sözlərilə desək, "üç xalqa -xəzərlərə, taciklərə (yəni, ərəblərə – Nailə Vəlixanlı) və yunanlara (yəni, Bizansa – Nailə Vəlixanlı) vergi ödəməyə" məcbur oldu.
İşğal siyasəti
Xəlifə Əbu Bəkr (632–634) ərəb istilalarının ilk dövründə ərəb qoşunlarına belə əmr etmişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək üçün lazım olandan başqa, qoyun, inək və dəvələri kəsməyin. Siz, hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz: onları rahat buraxın və məşğələlərinə mane olmayın".[35][36] Sonra əmrdə deyilir: "Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar. Onlarla aranızda bir hədd olmaq üçün bac qoyun ki, onlar öz din və öz torpaqlarında qalsınlar. Sizi qəbul etməyənlərlə müharibə edin".[37]
Hələ Xilafətin ilk hücumlarından sonra yaranmış vəziyyətin ağırlığını dərk edən alban işxanı Varaz Qriqor ərəblərlə danışığa girməyi qət etmiş və Moisey Kalankatlının yazdığına görə "könüllü surətdə düşmənə tabe olmuşdu". Lakin əyilməz Cavanşir, onun təhriki ilə Bizansın süzerenliyini (himayəsini) qəbul edib, imperator II Konstant tərəfindən Ermənistan batriki və sparapeti kimi tanınmış sərkərdə Teodoros Rştuni ilə müqavilə bağlayır. Cavanşir imperatordan "uzaq xalqı (yəni albanları) yeni təbəəliyə qəbul etməyi" xahiş edir. Beləliklə, Albaniyanın ilk hökmdarlarına məxsus olan bütün vilayət və kəndlər "nəsildən-nəslə" imperator tərəfindən "proton – batrik" kimi tanınmış Cavanşirə verilir.
Lakin az sonra, 654-cü ildə, Teodoros Rştuni Bizansla əlaqələri kəsərək, Sebeosun məlumatına görə, təkcə Ermənistanın deyil, "Qafqaz dağları və Çola qapısınadək İberiyanın, Albaniyanın və Sünikin üzərində" onun hakimiyyətini tanımış xəlifə ilə saziş bağlayır. Bu hadisədən sonra Cənubi Qafqaz vilayətləri hakimlərinin Teodoros Rştuni ilə ittifaqının möhkəmlənməsinə mane olmaq məqsədilə Bizans imperatoru öz ordusunu bu ölkələrə göndərir. Moisey KalankatlıMidiya ərazisindəki Kunqr kəndində (Cənubi Azərbaycanın Kinkivar kəndi) II KonstantlaCavanşirin görüşü haqqında məlumat verir. İmperatorun hökmü ilə bu görüşdə Cavanşirə padşahlıq xələti və "əbədi hökmdarın xaçının bir hissəsi" bəxş edildi. "Alban ölkəsinin tarixi"nə görə Bizansın Cavanşirə göstərdiyi bu etimad onu gözü götürməyən erməni nahararlarının həsədinə səbəb oldu. Cavanşir isə imperatorun bəxşişi olan "İsayi Məsihin hər şeyə qalib gələn xaçı" üçün Girdiman qalasında gözəl bir məbəd ucaldılması əmrini verdi.
Ərəb qoşunlarını yenidən Bələncər yaxınlığında darmadağın etmiş xəzərlər 662-ci ildə Albaniyaya soxuldular, lakin Cavanşirin Kür çayını keçmiş ordusu ilə rastlaşdılar və ciddi məğlubiyyətə uğradılar. Dövrün qaynağında Cavanşirin xəzərlərin başçısına xitabən dediyi bu sözlər qalmışdır: "Get, Çoqanın (yəni Dərbəndin) qapısından gir və bir daha buralara qayıtma!"
Lakin iki ildən sonra yenidən albanların torpaqlarına hücum edən xəzərlər gəlib Araz sahillərinə çıxdılar, çoxlu mal-qara, habelə xeyli yerli sakini əsir apardılar. Cavanşir vassallığı qəbul etmək şərti ilə xəzərlərlə sülh bağlamağa məcbur oldu. Saziş Cavanşirin xəzər xaqanının qızına evlənməsi ilə möhkəmləndirildi.
661-ci ildə sonuncu "raşidi" xəlifə Əli ibn Əbu Talibin (656–661) öldürülməsindən sonra Xilafətdə baş verən siyasi çevriliş – Əməvilər sülaləsinin hakimiyyət başına gəlməsi Cavanşiri öz siyasi xəttini dəyişməyə vadar edir. Ərəblərdən özünü zorla qoruyan Bizansdan əli üzüldüyü üçün o, Azərbaycana ola biləcək yeni ərəb yürüşlərinin qarşısını almaq məqsədilə ilk Əməvi xəlifəsi Müaviyə ilə danışığa girir. Cavanşir bunun üçün iki dəfə – 667 və 670-ci illərdə Xilafətin Əməvilər dövrü paytaxtı Dəməşqə gedir. Nəticədə Albaniya rəsmi olaraq Xilafətə tabe dövlət elan edilir. Lakin yürütdüyü çevik siyasəti ilə Mihranilərin daxili müstəqilliyini qoruya bilən Cavanşir Albaniyadan Xilafət xəzinəsinə axan vergilərin miqdarının əvvəlkinin üçdə birinədək azaldılmasına nail olur.
Beləliklə, ilk ərəb işğallarından sonra Azərbaycanın cənub hissəsi – Adurbadaqan müstəqilliyini tamamilə itirərək bilavasitə xəlifə canişinlərinin hakimiyyətinə tabe olmuş, Şimal hissəsi -Albaniya isə siyasi müstəqilliyini saxlamağa cəhd göstərsə də Xilafətin vassalı kimi vergi ödəmək şərtilə ondan asılı vəziyyətə düşmüşdü.
Ərəblərin Azərbaycanı tamamilə tabe edə bilməmələrinin bir neçə səbəbi var idi. Buna, Cavanşirin şəxsi nüfuzu və Albaniyanın tutduğu mühüm strateji mövqe ilə yanaşı, bu zaman Xilafətin daxi-lində və xaricində baş verən hadisələr – Əli ilə Şam hakimi Müaviyə arasında səltənət uğrunda gedən mübarizə, hakimiyyətə gəlmiş Müaviyənin Bizansla apardığı müharibələr də şərait yaratmışdı.
Cavanşirin siyasi müstəqillik naminə ərəblərə güzəşt siyasəti bəzi bizanspərəst yerli hakimlərin narazılığına səbəb oldu. 680-ci ilin sonlarında (və ya 681-ci ilin əvvəllərində) Cavanşir həmin hakimlərin təşkil etdikləri qəsd nəticəsində xaincəsinə öldürüldü. Onun qardaşı Varaz Perozun oğlu Varaz Tiridat alban taxtında əmisini əvəz etdi. Elə bu zaman xəlifə olmuş I Yəzid (680–683) Varaz Tiridatı "Şərq vilayətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi" təsdiq etdi.
Cavanşirin qətli onun qayınatası, Xəzər xaqanı Alp İlitvərə qisas almaq bəhanəsi ilə Albaniyaya qoşun çəkmək imkanı verdi. Tezliklə onun başçılıq etdiyi Xəzər ordusu Albaniya hüdudlarına soxulub, yol boyu rastına çıxan kənd və şəhərləri talan edə-edə Uti əyalətinə yetişdi. Xəzərlər burada çoxlu əsir tutaraq, üstəlik, xeyli qənimət ələ keçirtdilər. Sonra isə Lpina vilayətinə qayıdaraq, orada düşərgə saldılar.
681-ci ildə I Varaz Tiridat alban katolikosu Yeliazarı Xəzər xaqanının yanına danışıqlara göndərdi. Katolikos, Cavanşirin qətlində albanların əli olmadığına xaqanı inandırmalı idi. Verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirən katolikos, hətta xəzərlərlə"sülh və qırılmaz dostluq" münasibətlərinin bərpasına da nail oldu. Lakin Yeliazarın bu uğurlu elçiliyi alban-xəzər münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılmış yalnız ilk addım idi. İkinci addım Metskoqman yepiskopu İsrailin başçılıq etdiyi nümayəndə heyətinin Alp İlitvərin Varaçanda yerləşən qərargahına göndərilməsi oldu. Hörmətlə qarşılanmış yepiskop İsrail xəzərlərlə sülh bağlaya bildi. Moisey Kalankatlının şəhadətinə görə, İsrailin təbliğatından sonra, xaqan başda olmaqla, xəzərlərin bir hissəsi xristianlığı qəbul etdi. I Varaz Tiridata göndərdiyi məktubunda xəzər xaqanı İsrailin onun ölkəsində yepiskop kimi qalmasını xahiş etdi. O, I Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi "bizim barbar xalqların Albaniyaya basqınlarının qarşısını ala bilər". Eyni xahişlə Xəzər xaqanı albanlarla həmdin olan erməni knyazı Qriqori Mamikonyana və erməni katolikosu Səhəkə də müraciət etdi. Xəzərlərə göndərdiyi cavab məktubunda katolikos Səhək yazırdı: "Biz onun (İsrailin) həmişə sizinlə olmasına razılıq vermək istərdik. Lakin bu məsələnin həll olunmasında müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara məxsusdur. Bu, onun işidir".
Lakin İsrailin xəzərlərlə sülh münasibətləri yaratmaq naminə göstərdiyi fəaliyyəti onların Cənubi Qafqaz ərazisinə yeni basqınlarının qarşısını ala bilmədi. Çətinliklə əldə edilmiş sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar şimal vilayətləri üzərində ərəb nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər, 685-ci ildə yenidən Albaniya, Ermənistan və İberiya (Kartli) torpaqlarına daxil oldular, bir çox vilayətləri tutub böyük qənimət və xeyli əsir əldə etdilər. Yerli qaynağın məlumatına görə, "döyüş zamanı onlar knyaz Qriqori Mamikonyanı, xeyli gürcü və alban əyan və knyazlarını qətlə yetirdilər".
Bu mürəkkəb dövrdə Xilafətdəki hakimiyyət Əməvilər sülaləsinin Mərvanilər qolunun banisi, cəmi bir il xəlifəlik edə bilən I Mərvanın (684–685) əlinə keçdi. Məhz bu zaman Xilafət mərkəzində yaranmış müvəqqəti qarışıqlıqdan istifadə edən albanlar qonşuluqda yaşayan xalqlar kimi əsasən vergi verməklə ifadə olunan "otuzillik itaətdən sonra", "ərəblərə vergi ödəməkdən imtina etdilər". Lakin bu vəziyyət çox çəkmədi. VII əsrin 80-ci illərinin ortalarından başlayaraq Cənubi Qafqaz xəzərlərin, ərəblərin, bizanslıların at oynatdıqları iri döyüş meydanına çevrildi. Onlar əhalini amansızcasına qarət edir, əsir aparır, maddi dəyərləri məhv edirdilər. Yalnız 80-ci illərin sonlarına yaxın ərəb xəlifəsi Əbdülməlik ibn Mərvanla Bizans imperatoru II Yustinian arasında barışıq əldə edildi. Şərtə görə, Qafqaz ölkələrindən gələn bütün vergilər iki imperiya arasında bərabər bölünməyə başlanıldı. Lakin bu barışıq da uzun çəkmədi. 692-ci ildə ərəblərlə bağlanmış sülh müqaviləsini pozaraq, Şam üzərinə hücum edən II Yustinian məğlubiyyətə uğradı. Əldə edilmiş qələbə ərəblərin Qafqazdakı mövqelərini möhkəmləndirdi. 693-cü ildə xəlifə öz qardaşı Məhəmməd ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və Ərminiyənin (Albaniya – Arran və Gürcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin edir.
Lakin Xilafətin bölgədəki hakimiyyəti hələ də kifayət qədər möhkəm deyildi; Albaniya – Arran isə ərəblərdən başqa bizanslılara və xəzərlərə də vergi ödəmək məcburiyyətində idi.
Bu dözülməz vəziyyət xəzərlərlə münasibətləri qaydaya sala bilmiş I Varaz Tiridatı imperatorla danışıq aparmaq üçün oğlanları Qaqik və Vardanla 699-cu ildə Konstantinopola getməyə vadar edir. Lakin arzu edilən müsbət nəticə əvəzinə, Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı zindana atılaraq, 705-ci ilədək Bizans paytaxtında saxlanılır.
Məhz bu zaman Albaniyanın özündə elə hadisələr baş verir ki, onlar bu vaxtadək yalnız vergi almaqla kifayətlənən Xilafət üsuli-idarəsinin ölkənin daxili işlərinə daha fəal müdaxilə etməsinə səbəb olur. Belə ki, katolikos Yeliazar öləndən bəri (688-ci ildən) onun yerini tutmuş keçmiş Girdiman yepiskopu Katolikos Nerses Bakur hələ də Konstantinopolda saxlanılan Varaz Tiridatın arvadı Sparamanın təşviqi ilə Bizans kilsəsinin etiqad etdiyi xalkidon təlimini Albaniyada da yaymaq və bu addımla albanların Xilafətə deyil, Bizansa daha çox meyl göstərdiklərini əyan etmək istəyir. Xalkidonluğun Albaniyadakı əleyhdarları, başda alban knyazı Şeroy olmaqla Qəbələ, Amaras və Hoş yepiskopları, eləcə də ölkənin nüfuzlu feodalları erməni katolikosu İliaya (Eliaya) müraciət etdilər, onun Partava (Bərdəyə) gəlməsini, "yaralarını sağaltmasını" xahiş etdilər.
Erməni kilsəsininAlbaniyadakı mənafeyinin gerçəkləşdirilməsi məqamının yetişdiyini anlayan katolikos İliya xəlifə Əbdülməlikə göndərdiyi məktubunda bildirirdi: "Partav taxtında oturan indiki alban katolikosu Rum imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda "Allaha qarşı günah işlətmiş" alban katolikosunun və "onunla həmfikir olan kübar qadının" cəzalandırılması xahiş edilirdi.
Təbiidir ki, Bizansın Qafqazdakı mənafeyinə zərbə endirə biləcək hər bir əməl Xilafət üçün sərfəli idi. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də ərəblərin ürəyincə deyildi. Buna görə də, erməni katolikosunun xahişlərini həvəslə yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə endirir, həm də özlərinin Albaniyadakı maraqlarını güdən qriqorian ruhanilərinin simasında müttəfiq tapırdı. Məhz bu siyasəti güdərək, "öz sadiq nökərini çoxsaylı qoşunun başında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab məktubunda qəbul etdiyi qərar haqqında belə yazırdı: "Biz əmr etdik ki, bizim ağalığımıza qarşı çıxmış albanların [etiqadında] sizin dinə uyğun düzəlişlər edilsin". Məktubun sonunda xəlifə İliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmış Nerses və Sparamanı oraya gətirmək əmrini verir. Xilafət nümayəndələrinin də iştirak etdiyi bu kilsə məclisində Nerses lənətlənir. Yerli müəllifin yazdığına görə, bundan sonra aclıq elan edən Nerses, Şeroyu lənətləyərək 8 gündən sonra ölür. I Varaz Tiridatın arvadı Sparama isə qaladakı həbsxanaya salınır. Xəlifənin əmri ilə baxışlarına görə etibarsız sayılan və xüsusi siyahıya daxil edilən başqa alban knyazları da cəzaya məruz qalırlar.
Erməni katolikosunun başçılıq etdiyi kilsə məclisi Dvin taxtının keçmiş arxidyakonu Simeonu Albaniyanın katolikosu seçir. Simeon "Nersesin bidət dolu kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi.
Elə bu zaman beşillik Bizans əsirliyindən çətinliklə azad ola bilən I Varaz TiridatAlbaniyaya qayıdır. Onun vətənə qayıtması ərəb-Bizans döyüşlərinin yenidən başlanması, ərəblərin Qafqazda zor siyasəti yürüdən Mərvan ibn Məhəmmədi böyük qoşunla Ermənistana və Albaniyaya göndərməsi ilə bir vaxta düşür. I Varaz Tiridat "yalnız taciklərə" (ərəblərə) vergi ödəyərək, Xilafətin süverenliyini qəbul etsə də, ölkənin iflasının qarşısını ala bilmir. Albaniyaya gələn Mərvan xəlifə Əbdülməlikin xüsusi siyahısına düşmüş Şeroyu və başqa alban knyazlarını tutaraq, onları Xilafətin mərkəzinə – Şama göndərir.
Bundan sonra xəlifə canişinləri ölkəni şəriksiz idarə etməyə başladılar. Canişinin yanında bir növ məşvərətçiyə çevrilən alban knyazı və katolikosu müstəqil qərar qəbul etmək imkanlarından məhrum oldular. Bu zamandan, yəni 705-ci ildən etibarən Albaniya hətta vassallıq mövqeyini də əldən verir, şimallı-cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeliyinə keçir.
VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı.
707–708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə I Validin (705–715) qardaşı Məsləmə ibn Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüşlərdən sonra Dərbəndi ələ keçirmiş xəzərlərin üzərinə göndərildi. Azərbaycanın boyun əyməyən bütün qala və şəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. Lakin alınmaz divarlar şəhəri tutmağa mane oldu.
Xəzərlərə qarşı uğursuzluqla başa çatan yeni yürüş iki il sonra baş verdi. Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin şimal vilayətlərinin canişini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarşı mübarizəni təşkil etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi tuta bildi. Onun qoşunları şəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki Aranşahik Vaçaqanın başçılıq etdiyi yerli qoşun dəstəsi himayə etdi. Məhz bu dəstənin köməyi ilə xəzərlər basıldı.
Beləliklə, Məsləmə Dərbəndi xəzərlərdən alaraq, böyük qənimətlər və Dərbəndin alınma xəbəri ilə Dəməşqə yollandı. Ərəb ordusunun şəhəri tərk etməsi xəbərini eşidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular.
717-ci ildə, xəlifə II Ömərin hakimiyyəti (717–720) dövründə ilk böyük həmlə ilə Azərbaycan ərazisinə soxulan xəzərlər qarşılaşdıqları azsaylı ərəb hərbi dəstəsini darmadağın edib, Şirvanda ağalığa başladılar. Lakin Xatim ibn Numan əl-Bəhilinin başçılığı ilə xəlifənin göndərdiyi qoşun xəzərləri darmadağın etdi.
721–722-ci illərdə xəlifə II Yəzidin hakimiyyəti zamanı (720–724) qıpçaq və başqa türk tayfaları ilə birləşmiş 30 minlik xəzər ordusu yeni həmlə ilə Azərbaycanın şimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini məğlub etdi. Azərbaycan və Ərminiyənin yeni canişini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən 25 minlik qoşunla xəzərlərə qarşı çıxış etdi. Yeni ərəb ordusunun hücumu xəbərini alan xəzərlər Dərbəndə doğru geri çəkildilər. Onları təqib edən əl-Cərrah tezliklə Kür çayını keçərək, Dərbəndə yaxınlaşdı və şəhərdən cənubda axan Rubas çayı sahilində düşərgə saldı. Baş vermiş döyüşdə xəzərlər ərəblərə qarşı xaqan oğlunun başçılığı altında 40 minlik qoşun çıxarsalar da məğlub edildilər. Dərbəndi ələ keçirən ərəblər şimala – xəzərlərin bir sıra qala və şəhərlərinə hücum edib, onları və o cümlədən paytaxt olan Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər məskəni olan Qəbələ tərəfə köçürtdü.
Bu zaman Mənbicdə (Şam) olan sərkərdə Səid əl-Həraşi 30 minlik (əl-Kufinin məlumatına görə 50 minlik) qoşunla və 100 min dirhəm xərcliklə təmin edilərək Cənubi Qafqaza göndərildi. Ərəb qoşunlarının yeni başçısı "müqəddəs" müharibədə iştirak etmək istəyən bütün könüllüləri öz ordusuna dəvət etdi. Əl-Cərrahın ordusunun qalıqları da Səidə qoşuldular. Onların keçmiş xidmətlərini nəzərə alan Səid bu döyüşçülərin hər birinə 100 dinar pul verdi. Böyük bir qüvvə ilə əl-Cəzirədən keçən Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə düşmən əlində olan başqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin əlində olan Bərdəyə çatdı. Gevondun məlumatına görə, ərəblər xəzərləri "tamam əzərək, sələflərinin cəsurluğu şərəfinə hələ indi də əl-Həraşinin dəstəsində saxlanılan təsvirli mis bayrağı onların əlindən aldılar". Bərdədə, habelə Azərbaycanın başqa yerlərində Səidin ordusuna xeyli könüllü qoşuldu. Xəzər talanından, ardı-arası kəsilməyən müharibədən cana doymuş adamlar əllərindən gələn köməyi ordudan əsirgəmədilər. Çox keçmədən Səidin qoşunları BərdədənBeyləqana, ordan isə Varsana çəkilmiş xəzərləri izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər. Ərəblərin yaxınlaşdığından xəbər tutan xəzərlər Balasacan düzündən keçərək Bacarvana doğru geri çəkildilər. Varsan və Bərzəndi arxada qoyub Ərdəbildə qərarlaşan ərəblər, bütün əyalətin ərazisinə səpələnmiş, xeyli əsir və qənimətlə müsəl-man ordusundan uzaqlaşmağa çalışan xəzərləri izləməyə başladılar. Səidin döyüşçüləri xəzər qoşunlarının bir neçə dəstəsini ləğv edib, onların əsir tutduqları müsəlmanları və qarət etdikləri qəniməti geri aldılar. Xəzərlərə qarşı mübarizəyə Varsandan, Beyləqandan, Bərdədən, Qəbələdən və Azərbaycanın başqa yerlərindən çoxsaylı könüllü dəstələri qoşuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüşlərdən biri Bərzənd yaxınlığında baş verdi. Qələbə qazanan Xilafət qoşunları əsir alınmış bütün müsəlmanları azad etdilər. Beyləqan yaxınlığında çay sahilində baş verən qanlı döyüş pərən-pərən dəstələrdən yığılmış xəzər ordusunun məğlubiyyəti ilə nəticələndi; onların başçısı – xaqan oğlu öldürüldü. Ərəblər dənizə doğru qaçan xəzər ordusunun qalıqlarını yalnız Şirvan torpaqlarınadək təqib etdilər. Buradaca qərarlaşaraq, xəlifə Hişamın əmrini gözləməyə başladılar.
Elə həmin il xəlifə öz qardaşı Məsləməni yenidən Azərbaycan və Ərməniyyə canişini təyin etdi. Yeni əmr və tapşırıqla Bərdəyə gələn təzə canişin dərhal Şirvana doğru hərəkət edib ərəblərə tabe olmaq istəməyən Şabran qalasını mühasirəyə aldı. Neçə gün davam edən mühasirədən sonra əlləri hər şeydən üzülmüş şabranlılar aman istədilər.
Əl-Cərrahın şimala, Səməndərə doğru hərəkəti, ərəblərin əvvəlki döyüşlərdə əsir düşmüş ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə dayandırıldı. Onun verdiyi xəbərə görə, ərəblərin təzyiqini dəf etməyə hazır olan xəzərlər yeni qüvvələr səfərbər etmişdilər. Azərbaycana qayıdan əl-Cərrah qışı Şəki vilayətində keçirtdi. Elə buradan da xəlifəyə qasid göndərib kömək istədi. II Yəzidin ölümündən sonra hakimiyyət başına gəlmiş yeni xəlifə Hişam kömək göndərəcəyini vəd etdi, lakin bununla yanaşı əl-Cərrahın yerinə əvvəllər bu vəzifədə olmuş öz qardaşı Məsləməni təyin etdi.
726–727-ci illərdə xaqan oğlunun başçılığı altında yenidən Arranı keçərək Azərbaycana soxulan xəzərlər, Xəzərin cənub sahili vilayətlərində ağalıq etməyə başladılar. Lakin çox keçmədən əks-hücumla irəli atılan ərəblər rəqiblərini Araz çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər.
Sonrakı iki ildə Məsləmə Azərbaycan ərazisindən Dəryal keçidi vasitəsilə xəzərlərə qarşı iki dəfə yürüş təşkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə onu geri çağıraraq, Azərbaycan və Ərminiyənin canişini vəzifəsinə yenidən əl-Cərrahı təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarşılıqlı hücumlar şəraitində keçdi.
730–731-ci ildə xəzərlər və başqa türk tayfaları xaqanın oğlunun başçılığı ilə 300 minlik qoşunla Dərbənd, Dəryal və başqa keçidlərdən Azərbaycan ərazisinə soxulub, yolları üstündə olan şəhər və kəndləri yandırmağa, hər yeri qarət etməyə başladılar.
Hələ də kömək ala bilməyən əl-Cərrah Şəki vilayətindən çıxaraq Bərdəyə, oradan Beyləqana yollanır, sonra Araz çayını keçərək, Varsan və Bacarvan vasitəsilə Ərdəbilə yetişir. Burada düşərgə salan əl-Cərrah kiçik həmlələrlə xəzər dəstələrinə hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı.
Ərəb qoşunlarının qərargahı haqqında bir gürcü knyazından məlumat ala bilmiş xaqan oğlu öz ordusunu Kür və Araz çaylarından keçirərək Varsana gəlir, şəhəri tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarşılarına çıxan hər yeri və hər şeyi qarət edib yandıran xəzərlər, nəhayət, ərəb qoşunlarının yerləşdiyi Ərdəbilə yaxınlaşırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah, ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı döyüşdə xəzər istilasından təngə gəlmiş yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah başda olmaqla bütün qoşun məhv edildi. Onun bütün əmlakı, arvad-uşağı, xidmətçiləri düşmən əlinə keçdi. Neçə günlük mühasirədən sonra çətinliklə ram edilən Ərdəbil işğal olundu, igid müdafiəçiləri qətlə yetirildi, şəhərin qadın və uşaqları isə əsir aparıldı. Qısa bir müddətdə Azərbaycanın, Arranın və Ermənistanın bir çox şəhər və kəndlərini ələ keçirən xəzərlər, orta əsr ərəb salnaməçisinin yazdığına görə, "öldürməyə, qarət etməyə, yandırmağa və zorakılığa" başladılar. Xilafət üçün yaranmış bu təhlükə bütün qüvvələri səfərbərliyə almağa, xəlifəni xəzərlərə qarşı yeni ordu yaratmağa məcbur etdi.
Buradan Dərbəndə yollanan Məsləmə şəhər divarları yanında düşərgə saldı. Şəhər hakimi ərəbləri qarşılamağa çıxdı. Dərbəndin qalasında yerləşmiş xəzər qoşun hissələri isə heç bir maneəyə rast gəlmədən şəhəri tərk etdilər. Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yerlərin dağlı hakimlərindən xərac alaraq, öz qoşunlarını Xilafətin şimal vilayətlərindən olan Arranın hüdudlarından kənara – xəzərlərin Bələncər, Vəbəndər və Səməndər şəhərlərinə tərəf yeritdi. Ərəblər və xəzərlər arasında qanlı döyüş bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə başa çatdı. Geri qayıdan ərəblər yenidən Dərbənd qalasında sığınacaq tapmış min xəzər ailəsini mühasirəyə aldılar. Uzun mühasirədən sonra qala ərəblərin əlinə keçdi. Məsləmə bu dəfə də qaladakı xəzər ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi.
Dərbənd sərhəd vilayətində ərəblərin mövqeyini möhkəmlətmək məqsədilə Məsləmə Dərbəndi dörd qismə (sektora) bölüb, bunların hər birində Dəməşqdən, Himsdən, eləcə də Fələstin, Şam və əl-Cəzirənin başqa yerlərindən olan 24 min ərəb döyüşçüsü yerləşdirdi. Məsləmənin tapşırığı ilə möhkəmləndirilmiş, silah və ərzaqla təchiz edilmiş Dərbənddə müsəlman icmasının başçısı Mərvan ibn Məhəmməd təyin olunur. 732–733-cü ildə Azərbaycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapşırılır. Məsləmə özü isə, görünür, növbəti hesabat üçün Dəməşqə, xəlifə sarayına yollanır. Əl-Kufinin məlumatına görə, Məsləmənin getməsindən xəbər tutan xəzərlər yenidən Dərbənddən şimalda olan torpaqlarına qayıdırlar.
Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin vacib olduğunu dərk edən Mərvan, Cənubi Qafqazın Xilafətin real müttəfiqinə çevrilməsi zərurətini də yaxşı başa düşürdü. Bu baxımdan onun Xilafətin şimal ərazisi hesab edilən Qafqazda apardığı siyasət əvvəlki canişinlərinkindən fərqlənirdi. Erməni və alban knyazlarının tam itaətinə nail olmuş Mərvan, çox keçmədən, zor gücünə başqa Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları – ləzgiləri və b.) da özünə tabe edir. Arxa cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoşunla Bərdənin 40, Tiflisin isə 20 fərsəxliyində yerləşən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düşərgə salır.
737-ci il ərəb-xəzər müharibələri tarixinə ən gərgin dövrün başlanğıcı kimi daxil olur. Ərəblərin şimala doğru hücum əməliyyatlarına başçılıq edən Mərvan xəzərlərin üzərinə iki istiqamətdən – Dərbənd və Dəryal keçidlərindən yürüş təşkil etmək qərarına gəlir. Dərbənd qoşununa şəhərin rəisi Üseyd (Əsəd) ibn Zafir əs-Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoşuna isə Mərvan özü başçılıq edirdi.
Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan hətta islam dinini qəbul etməyə də razılıq verdi. Ərəb mənbələrinin məlumatına görə (əl-Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaşadıqları ərazini tutdular, eləcə də Xəzər ölkəsi hüdudlarından çıxaraq, onun qonşuluğunda yaşayan əs-səkləb tayfalarına və başqa "kafirlərə" hücum etdilər. Əl-Kufi yazırdı: Mərvan "daha sonra səkləblərə və onlarla qonşuluqda yaşayan başqa cinsdən olan kafirlərə hücum etdi, onlardan 20 min ev adam əsir tutdu, sonra irəli gedərək, Səkalib (hərfən: Səkləblərin) çayına yetişdi".
Xəzər xaqanı islam dinini qəbul etməyə boyun olsa da, müsəlmançılıq burada yayılmadı. Belə ki, Mərvanın əsas məqsədi heç də xəzərləri doğru din yoluna gətirmək deyil (bunun üçün heç lazımi imkan da yox idi), onların belini qırmaq, gözlərini qorxutmaq, Xilafətin Qafqazdakı işğal zonasından onların ayağını kəsmək idi. Beləliklə, Xilafətin xəzərlər üzərində qəti qələbəsini nümayiş etdirən 737-ci il döyüşü başa çatır. 40 mindən çox xəzər əsiri evindən-eşiyindən edilib, Samurçay və Şabrançay arasındakı əraziyə köçürülür.
Təmtəraqla Bərdəyə gətirilən gəlin islamı qəbul etdi, Quranı öyrəndikdən sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiş onun özü və Yəziddən olan iki oğlu vəfat etdi.
Xaqan qızının qəfil ölümü ərəblərə qarşı yenidən inamsızlıq yaratdı. Bu işdə Yəzidi və onun yaxın adamlarını günahlandıran xəzərlər 763–764-cü ildə böyük bir qoşunla Cənubi Qafqaz ərazisinə hücum edib, alban və gürcü vilayətlərini, o cümlədən yerli salnaməçinin alban vilayətləri sırasında adlarını çəkdiyi Hecerini (Ecerini), Kambehcanı (Kambisenanı), Şakeni (Şəkini), Xozması (Xaçmazı), Balasakanı və b. yerləri tutdular, saysız-hesabsız sürü və ilxıları apardılar. Xəzərlərin bu, dəfəki hücumları olduqca güclü idi. Çox keçmədən Şirvan torpağında xəzərlərlə üzləşən Yəzid, ona kömək göndərilməsinə baxmayaraq, məğlub edilir və Bərdəyə qaçır.
Bu xəbər xəlifəyə çatanda o, Yəzidə bir daha kömək göndərir. Yəzid yeni qüvvələrlə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və şəhərin müdafiəsini təşkil etmək qərarına gəlir. Az qala bütün Arranı fəth edən xəzərlər ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilmədilər, qala ərəblərin əlində qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular.
O dövrün salnaməçiləri və tarixçiləri VIII əsrin 60-cı illərinin ortalarında xəzərlərin Cənubi Qafqaz ərazisinə daha bir neçə yürüşü haqqında məlumat vermişlər. Bundan sonra VIII əsrin sonlarınadək xəzərlər bu ərazidə görünmədilər. Yalnız həmin yüzilin lap son ilində, xəlifə Harun ər-Rəşidin (786–809) hakimiyyəti dövründə, xəzərlərArran ərazisinə yenidən müdaxilə etdilər, kiçik ərəb hərbi dəstələrinin müqavimətini qıraraq, Kür çayının sahillərinədək irəlilədilər.
Ərəb tarixçisi əl-Kufi xəzərlərin bu müdaxiləsini o zaman Dərbənddə baş verən hadisələrlə əlaqələndirir: Dərbənd əhalisi şəhər hakiminin başçılığı ilə qiyam qaldırmış, ərəblərə xərac verməkdən imtina etmiş, nəhayət xəzərləri yardıma çağırmışdı. Dövrün digər mənbələri (ət-Təbəri, İbn əl-Əsir və b.) bu rəvayəti başqa cür işıqlandırsalar da, fakt özlüyündə qalır: VIII əsrin son ilində xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola bilirlər.
İki gəlmədən biri üçün qələbə, digəri üçün məğlubiyyət olan belə qanlı döyüşlər torpaqları yağı tapdağı altında qalan yerli əhali üçün zülm, iztirab və əziyyətdən başqa bir şey deyildi.
Bununla da xəzərlərin bir əsrdən çox ardı-arası kəsilməyən soyğunçu yürüşlərinə demək olar son qoyulur. Yalnız hələ də xəzərlərin qüdrətinə inanan yerli hakimlər ara-sıra köhnə müttəfiqlərini ərəblərə qarşı birgə mübarizəyə dəvət edirdilər. Hətta IX əsrin sonları, X əsrin əvvəllərində, Cənubi Qafqaz ərazisində müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baş verən lokal xarakterli bu çıxışlar nəticə etibarı ilə Xilafətin Qafqazdakı mövqeyini sarsıdan amillərdən oldu. Beləliklə, obyektiv olaraq, müsəlmanların şimala doğru yollarını bağlamış Xəzər xaqanlığı, rusların və digər xalqların da Şimali Qafqaz tərəfdən müsəlman torpaqlarına müdaxilə etmələrinə mane olmuş, bufer dövləti rolunu oynamışdır.
Xilafətin Azərbaycanda inzibati və idarəetmə siyasəti
İspaniyadanHindistanadək bir çox ölkə və xalqları tabe etmiş ərəblər, işğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə işini yüngülləşdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiş sərkərdənin və ya yürüşün bilavasitə iştirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində birləşdirirdi.
*Ərəb xilafəti, anonim. 168 h. ili (784-785) Azərbaycanda zərb edilmiş gümüş dirhəm *Canişin Übeydulla (673 – 683) dirhəm
Ərəblərin Qafqaza hücumları zamanı Süniklə birlikdə Albaniya, eləcə də Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. Baş vermiş ərəb işğalı bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyünü saxlasa da onların inzibati adını dəyişdirdi. İlk çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini təşkil edirdi. VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə, "Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daşıyan ərəb vilayəti öz tərkibində təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş bilavasitə Ermənistanı deyil, eləcə də keçmiş Albaniya və İberiya ərazilərini də birləşdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də şamil edilməsi Bizans imperatoru I Yustinianın (527–565) islahatları nəticəsində VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi.
Ərəblərəqədərki inzibati quruluşdan miras qalmış "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına başqa obyektiv səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamış, artıq 639–640-cı illərdə, Mesopotamiya yürüşü zamanı Bizansın tabeliyində olan erməni torpaqlarını ələ keçirmiş, ikincisi isə ərəb işğal zonasını idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri Dəbildə -Dvində yerləşdirmişdilər. Təbii ki, özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmış ərəblər, başqa yerlərdə olduğu kimi, burada da köhnə dövrə aid "Ərminiyə" adını saxlamışdılar. O da təbiidir ki, işğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan zonaya qatmış, bir bölgədə yerləşən bu torpaqları birlikdə "Ərminiyə" adlandırmış, bütün Cənubi Qafqazdakı işğal zonasının idarəsini Dəbildə oturan ərəb canişininə – amilinə həvalə etmişdilər. Bu obyektiv səbəblərlə yanaşı, qədim kitablardan faydalanan erkən ərəb müəlliflərinin (İbn Xordadbeh, ibn Fəqih və b.) islamaqədərki siryani xristian ədəbiyyatından (məsələn, VI yüzildə yaşamış Mitilen Zaxarinin əsərindən) istifadə etmələri də mümkündür; bu ədəbiyyatdan olan məlumata görə Qurzan (Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar" adlanırdı (bu dövrün ən yaxşı tədqiqatçılarından azərbaycanlı alim Z. M. Bünyadov və erməni alimi A. N. Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər).
VII əsrin axırlarında ərəblərlə əks cəbhədə olan Bizansa qarşı ideoloji mübarizə aparan erməni din xadimlərinə etdikləri xidmət müqabilində xəlifənin göstərdiyi iltifat və yürütdüyü qərəzli siyasət bu inzibati adın bir qədər də möhkəmlənməsinə səbəb oldu.
Beləliklə, Sasanilər dövründə Xəzəryanı İran vilayətləri ilə yanaşı, bütün Cənubi Qafqaz vilayətlərini özündə birləşdirən inzibati Adurbadaqan – Azərbaycan adı ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda işğal etdiyi yerlərə verilən inzibati Ərminiyə adı ilə əvəz olundu. Alban kilsəsininerməni kilsəsinə tabe edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin, müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin başlanğıcında Albaniyanın özünün də bir dövlət kimi süqutu xəlifə Əbdülməlik ibn Mərvanın (685–705) başladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sisteminin həyata keçirilməsinə şərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın Qərbi Ermənistanda, yəni coğrafi baxımdan ərəb Ərminiyəsindən fərqlənən yerdə həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I–IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaşadıqları əraziyə aid idisə, "Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-nın yaşadıqları və ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi. Vaxtilə Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I–IV Ərminiyə adı ilə dörd hissəyə bölünürdü.
Xilafət qoşunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz köhnə adlarını saxlayan bu qondarma ərazilər haqqında yalnız erkən ərəb mənbələri məlumat verir. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzibati bölgüsü haqqında ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında heç bir xəbər vermir. Çox güman, bu "məlumatsızlıq" bütün bölgə ərazisinin süni şəkildə Ərminiyə adı ilə birləşdirilməsindən, bu birləşmənin isə dövrün real tarixi coğrafiyasını əks etdirməməsindən irəli gəlirdi. Məhz buna görə bu dövr haqqında məlumat verən ərəb mənbələri erməni torpaqları ilə birlikdə ermənilərə aid olmayan qonşu torpaqları da əhatə edən yeni "Ərminiyə" inzibati vahidi ilə yanaşı, ərəblərəqədərki Sasani inzibati vahidi "Azərbaycanın" (Adurbadaqanın) da adını çəkirlər. Son Sasanilər dövründə Albaniya və Atropatena ilə birlikdə imperiyanın bütün şimal kustunu əhatə edən bu ad, ərəb hakimiyyəti dövründə, şimalda Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid edilirdi. Bu yerlərdə olmuş X əsr müəllifi İbn Havqəl özünün tərtib etdiyi Xəzər dənizinin xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məhz bu təsviri vermiş, DərbənddənHəmədanadək ərazini Azərbaycan adlandırmışdır. Onun Cənubi Qafqaz bölgəsini təsvir edən digər xəritəsində bölgə vilayətlərinin dəqiq hüdudları göstərilir. Cənubi Azərbaycan – Adurbadaqan Arran – Albaniyadan Araz çayı ilə ayrılır, bilavasitə Ermənistan isə Xilat (Van) gölü ilə Araz çayının yuxarı axarı arasında yerləşdirilir.
Orta əsr ərəb müəlliflərinin (İbn Xordadbeh, Bəlazuri, Yəqubi, İbn Fəqih və b.) ərəb inzibati-ərazi bölgüsü barədə təqdim etdikləri material bir qədər qarışıq olsa da, biri digərini tamamlayan bu məlumatlara görə, I Ərminiyə adlanan ərazi öz tərkibində ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını (Sünik – Sisəcan – Sisakan ilə birlikdə) birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın bilavasitə özündən başqa 644-cü ildən 1122-ci ilədək müsəlmanların tabeliyində olan Tiflis və onun civarları da daxil idi.
II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim dairələri Curzanı (Gürcüstanın bir hissəsini), Tiflis yaxınlığında, Kür çayı sahilində yerləşən Suğdəbil şəhərini, Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad şəhərini, eləcə də Lakz vilayətini daxil edirdilər. Yalnız III və IV Ərəb Ərminiyəsi ermənilərin Dəbildən Şimşatadək yaşadıqları yerləri əhatə edirdi.
Beləliklə, Xilafətin Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını özündə birləşdirirdi.
VIII yüzilin sonu – IX yüzilin I yarısında Xilafətin daxilində baş verən hadisələr ərəb işğal dairələrinin Cənubi Qafqaz ərazisində yaratdıqları süni "Ərminiyə" inzibati birləşməsinin faktiki olaraq ləğvinə gətirib çıxartdı. Çox keçmədən, bu dövrdə həm də Bizansla müharibə aparan Xilafətin zəifləməsi onun yerlərdəki hakimiyyətini də nominallaşdırdı. Məhz buna görə formal olaraq Azərbaycan, Arran və Ermənistanı birləşdirən vahid Qafqaz canişinliyi – vilayəti yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə – valiyə tabe olan və ona vergi verən yerli feodallar öz mülkləri daxilində hakimiyyət və imtiyazlarını qoruyub saxlaya bilmişdilər.
X əsrin müxtəlif illərində Azərbaycan torpaqlarında da olmuş əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir, müxtəlif gəlmə və yerli sülalələrin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkələrini – Azərbaycan, Arran və Ermənistanı "yalnız bir məlik – hökmdar idarə etdiyi" üçün "vahid ərazidə" birləşdirirdilər. Əsrin 80-ci illərində Qafqazda olmuş əl-Müqəddəsi bu yerlərin hamısını birlikdə "ər-Rihab iqlimi" (yəni bölgəsi) adlandırır. Onun sözlərincə, "ər-Rihab geniş və səfalı iqlimdir. Meyvə və [xüsusilə] üzümü boldur. Qiymətlər ucuzdur… Biz bu yerləri birləşdirə biləcək ümumi ad tapa bilmədiyimiz üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniş yer" kimi açıqlana bilər, Nailə Vəlixanlı).
Yenə onun məlumatına görə, ər-Rihab iqliminin üçdə birini təşkil edən ArranXəzər dənizi ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik (Kür) çayı onu ikiyə bölür. Yeri gəlmişkən, onu deyək ki, Kür çayı Arranı sağ və sol sahillərə böldüyü üçün İbn Havqəl buranı "iki Arran" adlandırırdı. Başqa ərəb mənbələri də tarixi Albaniya ilə tarixi Adurbadaqan arasında ayrıcın Araz çayı boyunca keçdiyini təsdiq edirlər. Belə ki, X əsr müəllifi əl-Məsudiyə görə, ər-Ras çayı "xürrəmi Babəkin Azərbaycanda sahib olduğu əl-Bəzzeyn adlı yerlə Arrana aid olan Əbu Musa (Qarabağ – Nailə Vəlixanlı) dağı arasında axır".
Ərəblərin Arran ərazisində tabe etdikləri vilayətlər sırasında erkən ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) alban vilayət və nahiyələri Sakasenanın (Şakaşenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın), Xaçının, Mets- İrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-Miskuanın), Şəkinin, eləcə də Şirvanın, Layzanın, Məsqətin, Xursanın, Şabranın, Təbəsaranın, Muğaniyənin və b.- nın adlarını çəkirlər.
Ərəblərin işğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-xəzər müharibələrinin başlanması ilə Ərdəbil və onun ətraflarının gərgin döyüş meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732–744) paytaxtın yenidən bərpa edilmiş Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonunadək, yəni Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək vilayətin baş şəhəri oldu. Arranın baş şəhəri isə Həbib ibn Məsləmənin ikinci yürüşündən sonra (654-cü ildən) bütün Qafqaz ərəb canişinliyinin yeni iqamətgahına çevrilmiş Bərdə idi.
Ərəb işğalının ilk dövründə yerli əhali ilə ərəblər arasındakı münasibət çox mürəkkəb idi və əsasən işğal prosesində bağlanılmış müqavilələrlə tənzimlənirdi. Bu müqavilələrin məzmunundan görünür ki, Ərəbistanın özündə və başqa fəth edilən yerlərdə olduğu kimi, Azərbaycanda da yalnız bütpərəstlər zorla, lazım gəlsə qılınc gücünə müsəlmanlaşdırılırdılar, yerdə qalan əhaliyə isə əvvəlki etiqad və adətlərə əməl etmək icazəsi verilirdi. "Əhli Kitab" xalqlar (yəni, müqəddəs dini kitabları olan yəhudilər və xristianlar), o cümlədən ilk çağlar atəşpərəst olan azərbaycanlılar da əvvəlki etiqadlarında qalır, əvəzində isə can vergisi – cizyə verirdilər. Müsəlman icmasının qəbul etdiyi qaydaya görə, cizyəni yalnız sağlam kişilər ödəyir, "uşaqlar, qadınlar, xroniki xəstələr", eləcə də "heç bir vəsaiti olmayan, adamsız və heç bir gəliri olmayan zahidlər" verginin bu növündən azad olunurdular.
Ərəblər hələ Məhəmməd dövründən etibarən "əhli Kitab" adlandırdıqları başqa dinə etiqad edənləri, ümumiyyətlə, dinsiz hesab etdikləri bütpərəstlərdən fərqləndirir, sonuncuları zorla da olsa dini baxımdan da ram etməyə çalışır, vahid Allaha inam gətirib, ona öz qaydalarına əsasən etiqad edən xristian və yəhudilərə qarşı iltifatlarını əsirgəmirdilər.
Yeni dini nəyin bahasına olursa-olsun dinsizlər arasında yaymağı qarşısına məqsəd qoymuş Məhəmməd peyğəmbər və onun ardıcılları islamı silah gücünə qəbul etmiş bəzi adamlara, xüsusilə bədəvilərə inanmır, yeni dini etiqadın ürəklərdə hələ tam möhkəmlənmədiyi bu dövrdə həmin adamlarla ehtiyatlı olmağı tövsiyə edirdilər. Quranda "Əl-hücurat" ("Hücrələr") surəsinin aşağıdakı ayəsi buna sübutdur: "Bədəvi ərəblər dedilər: Biz iman gətirdik. [Onlara] de: – Siz iman gətirmədiniz, ancaq [belə] deyin: biz təslim olduq, belə ki, iman hələ sizin ürəklərinizə daxil olmayıb və əgər Allaha və onun rəsuluna itaət etsəniz, o, sizin işlərinizdən heç bir şey əskiltməz. [Çünki] Allah bağışlayan və rəhm edəndir"[38].
Məhz buna görə iman gətirənləri "muminuna", yəni "möminlər", Allaha inamla yeni dini qəbul edənləri – təslim olanları ("əsləmə") isə "muslimuna" – müsəlmanlar, yəni "təslim olmuşlar, tabe olmuşlar" adlandırdılar.
İlk müqavilələrin şərtlərinə görə, atəşpərəstlərə verilən güzəşt və amana baxmayaraq, islamın verdiyi maddi və mənəvi üstünlüklər, o cümlədən müsəlmanlardan can vergisi-cizyənin alınmaması, müsəlman icmasının atəşpərəst Sasani cəmiyyətində olduğu kimi zümrələrə bölünməməsi və s. Zərdüştün azərbaycanlı ardıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu işdə, çox güman, islamı hələ peyğəmbər dövründə qəbul etmiş, əvvəllər atəşpərəst olmuş iranlıların çağırışları da az rol oynamadı. Ət-Təbərinin məlumatına görə, hələ xəlifə Ömər (634–644) dövründə işğal edilmiş Sasani vilayətlərinin dehqanları könüllü surətdə islamı qəbul etmişdilər. Müəllifin fikrincə, ərəb hərbi sərkərdəsi müsəlman Zuhra ilə Sasani sərkərdəsi atəşpərəst Rüstəm arasında aparılan danışıqlarda Zuhranın mənəvi üstünlük qazanması bir çoxlarının islamı qəbul etməsinə səbəb olmuşdu.
Bütpərəstlərə qarşı (o cümlədən xristianlığı qəbul etməmiş bütpərəst albanlar da daxil olmaqla Azərbaycanın bütpərəst türk əhalisinə) zor işlədən ərəblərin "əhli Kitab"ı xristian və yəhudilərlə yanaşı, "əhli Kitab" hesab etmədikləri atəşpərəstlərə də işğalın ilk dövründə iltifat göstərmələri daha çox siyasi baxımdan, yəni QafqazınBizansa qarşı mübarizədə mühüm strateji əhəmiyyəti ilə də izah oluna bilər. Lakin çox keçmədən islam bütpərəstliklə yanaşı, atəşpərəstliyi də aradan götürdü. Tədqiqatçıların fikrincə, Allah qarşısında bütün müsəlmanların bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-fars əhalisi, o cümlədən Azərbaycan türkləri arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin məlumatını şişirdilmiş fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq xəlifə Əlinin dövründə (656–661) islamı qəbul etmiş, Quran oxuyurdu.
Lakin köhnə dindən dönmə və yeni dinə gəlmə prosesi sürətli olmamış, azərbaycanlıların atəşpərəst, bütpərəst və ya xristian ulu babaları ərəblərin çox yerdə zor gücünə qazandıqları siyasi üstünlüyə baxmayaraq, əvvəlki etiqadlarından xoşluqla, birdəfəlik üz döndərməmişdilər. Şimali və Cənubi Azərbaycanın xristian əhalisi ilə yanaşı, ölkənin aran və dağ yerlərinin atəşpərəst və bütpərəst əhalisi də islamaqədərki etiqadlarında qalmışdılar. Əl-İstəxrinin məlumatına görə, onun bu yerlərdə olduğu vaxt, yəni təqribən X əsrin 20–30-cu illərində də Qabh (Qafqaz) dağında bir çox müxtəlif dilli "kafirlər" yaşayırdılar. XII əsrin 30–40-cı illərində Azərbaycanın bir sıra şəhər və kəndlərini gəzmiş əndəluslu Əbu Həmid əl-Qərnati Dərbənd yaxınlığındakı dağ kəndlərində "islamı qəbul etməmiş, hətta cizyə də verməyən", dəfn mərasimlərinə görə atəşpərəst olduqları görünən adamlara rast gəlmişdi. İslamı qəbul etmiş xalqlar, o cümlədən azərbaycanlılar arasında bəzi dağ kəndləri sakinlərinin nəinki öz etiqadlarını, hətta dillərini də qoruyub saxlaya bilmə səbəbini XIV əsrin ikinci yarısı, XV əsrin əvvəlində yaşayan ərəb tarixçi-filosofu İbn Xəldunun fikri ilə izah etmək olar. Onun rəyincə, "ərəblər dağlıq yerlərə deyil, düzən yerlərə hücum etməyə meyillidirlər. Çünki dağlıq yerlərdə öz məqsədlərinə nail olmaq onlar üçün asan olmur".
Tədqiqatçıların fikrincə, islamın erkən çağında onu ilk növbədə ərəblərin simasında özlərinə arxa tapmaq istəyən yerli əyanlar qəbul edirdilər. İslamı qəbul etməklə onlar öz mülklərini və torpaqlarını da qorumuş olurdular. Mənbələrin və arxeoloji materialların öyrənilməsi sübut edir ki, islam Azərbaycanın şimalında, cənubunda olduğundan daha gec mənimsənilmişdi. Şəhərlilər islamı kəndlilərə nisbətən daha həvəslə qəbul edirdilər. Akademik Z. M. Bünyadovun yazdığına görə, ərəb işğalı dövründə kəndlilərə nisbətən daha ağır cizyə ilə yüklənmiş şəhərlilərin, xüsusilə tacir və sənətkarların islamı ilk növbədə qəbul etmələri onların öz varidatlarını qorumaq cəhdindən, ərəb üsul-idarəsinin isə tacir və sənətkarlara daha böyük güzəştlər verməsindən irəli gəlir. X əsr mənbələri (əl-Məsudi) müsəlman şəhərlilər və xristian kəndlilər haqqında məlumat verirlər. Görünür, buna görə də xəlifə I Ömərin fərmanına görə, islamı qəbul etmiş kəndli, hətta xəzinədən mükafat da alırdı. Bundan başqa, islamı qəbul etmək həmin adamları nəzəri olaraq müsəlman ərəblərlə bərabərləşdirirdi.
Yeni dinə keçənlərin böyük bir hissəsi müsəlman ordusuna yazılır, bununla da ərəblərlə bağlanılmış müqavilələrin şərtinə görə cizyədən azad edilir, müharibə qənimətlərindən ərəblərlə bərabər istifadə edirdi. İslamı qəbul etmiş qeyri-ərəblər yerli əhalinin "məvla" (cəmdə – "məvali") adlandırılan qrupunu təşkil edirdilər. Hələ islamaqədərki Ərəbistanda geniş yayılmış bu istilah əslində "kimdənsə asılı" mənasında işlədilirdi, özü də yalnız qan qohumluğu ilə bağlı olanlar deyil, başqa qəbilədən hamiliyə götürülənlər də nəzərdə tutulurdu. Ərəb işğalı dövründə isə bu termin yalnız "kiminsə qeyri-ərəb adamı" mənasını verir, həmin adam ya müəyyən bir şəxsin (mütləq ərəbin) və ya qəbilənin (mütləq ərəb qəbiləsinin) adamı – məvlası olurdu. Məvalilər onlara hamilik edən adamın və ya qəbilənin yanına köçür, hərbi yürüşlərdə onları müşayiət edirdilər.
Azərbaycan işğal edildikdən sonra Arran əhalisinin bir hissəsi, Cənubi Azərbaycan əhalisinin böyük hissəsi islamı qəbul etməyə başladı. Məvalilərin sayı gündən-günə artırdı. Lakin islamın Azərbaycanın xüsusilə şimal hissəsində sidq-ürəklə mənimsənilməsi və başdan-başa qərarlaşması uzun çəkən bir proses oldu. Bu prosesin birinci mərhələsində islamı yayan əsas qüvvə başlıca olaraq ərəblərin özləri idisə, islamın mədəni gücünün artdığı IX əsrin sonu -X əsrin əvvəllərində bu işi islamı qəbul etmiş yerli əhali özü görürdü. Yuxarıda gördüyümüz kimi, işğal prosesində bağlanılmış müqavilələrə görə, ərəblərin siyasi hakimiyyətini qəbul etmiş "əhli Kitab" yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi; lakin ilk ərəb təcavüzündən bir neçə il keçmiş, xəlifə Əlinin dövründə Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirilmiş ərəblər yerli əhalini islama dəvət etmək tapşırığını aldılar. Məhz həmin dövrdə Cənubi Azərbaycanın baş şəhəri elan edilmiş Ərdəbildə o zaman Azərbaycanın hakimi təyin edilmiş əl-Əşas ibn Qeys məscid tikdirdi. İlk vaxtlar belə məscidlər ancaq ərəb qəbilələrinin yerləşdirildikləri şəhərlərdə fəaliyyət göstərirdisə, sonralar Azərbaycanın hər bir yaşayış məntəqəsində kiçik və böyük məscidlər tikildi.
Artıq X əsrdə Azərbaycanın demək olar, bütün şəhərlərində came (ellik) məscidləri vardı. Hətta X əsrin məşhur coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi şəhəri kənddən fərqləndirən əsas cəhəti məhz hər hansı yaşayış yerində came məscidin olmasında görürdü. "Dərbəndnamə"nin məlumatına görə, 733/734-cü ildə əməvi sərkərdəsi Məsləmə ibn Əbdülməlik Dərbənddə olan came məscidindən başqa daha yeddi məhəllə məscidi (Xəzər, Fələstin, Dəməşq, Qeysəri, əl-Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı millətlərin, daha doğrusu, tayfaların yaşadığı məhəllələrdə tikilən bu məscidlərə ərəblərlə yanaşı, islamı qəbul etmiş qeyri-ərəblər – məvalilər də gəlirdilər. Mənbələrin məlumatına görə, məhz Dərbənd islamı "kafirlərin" yaşadıqları ətraf dağlıq ölkələrə yayırdı. 869-cu ildə Dərbənddə məskunlaşmış ərəb nəslindən olan Haşim əs-Suləmi bu şəhər-dövləti müstəqil elan edib, Dərbənd əmirliyinin əsasını qoyduqdan sonra vaxtaşırı qonşu qeyri-müsəlman dağlılar üzərinə dini bayraq altında işğalçılıq yürüşləri təşkil edirdi. Dağ yerlərində islamlaşma uzun proses şəklini alsa da, bu yürüşlər bəzi dağlıların zorla, bəzilərinin isə könüllülük prinsipi əsasında gec-tez müsəlmanlaşmasına gətirib çıxartdı.
Öz əvvəlki dini etiqadını saxlayan "zimmi" adlandırılan yerli əhali "dövlətlinin dövlətinə görə, varlının varına görə, kasıbın kasıblığına görə" can vergisi verirdi. Lakin artıq Əməvilər Xilafəti dövründə çox vaxt öz şəxsi mənfəətlərini güdən xəlifə canişinləri Quranın[39] cizyənin yalnız zimmilərdən tutulması haqqında buyuruğunu pozaraq, yeni müsəlmanlardan – məvalilərdən də vergi almağa başladılar. Beləliklə, başqa dinə mənsub olanlardan tutulan can vergisi-cizyə həm müsəlmanlardan, həm də qeyri-müsəlmanlardan alınan adi vergiyə çevrildi. Belə siyasət xalq kütlələrinin narazılığına və bunun nəticəsi olaraq xəlifə II Ömərin (717–720) canişinlərə yeni müsəlmanlardan cizyə toplanmasını dayandırmaları göstərişini verməsinə səbəb oldu. Ancaq II Ömərin ölümündən sonra can vergisinin alınması yenidən bərpa edildi, onu ödəməyənlərə qarşı müxtəlif cəza tədbirləri görüldü.
İslam bütpərəstliyin və çoxallahlılığın bütün formalarına qarşı müharibə elan etdi, səcdə məqsədilə canlı varlığın şəklini çəkməyi yasaq etdi. Məhz bu addım islamın yayılması ilə Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsinin məhdudlaşmasına gətirib çıxartdı.
Beləliklə, ilk ərəb işğalından keçən təqribən üç əsr ərzində bütün Azərbaycan əhalisinin əksəriyyəti islamlaşdı, azərbaycanlılarla yanaşı, ərəb işğal dairəsinə düşmüş qonşu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas səbəbi Azərbaycan ərazisində – həm şimalda və həm də cənubda, dini etiqadca bütpərəst və atəşpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların üstünlük təşkil etməsi idi. Məhz onlar, öz xoşları ilə islamı qəbul etmiş dönmə xristianlarla birlikdə Qafqazın ilk müsəlmanları oldular.
İslamlaşdırmanın ilk mərhələsində xoş-güc qəbul edilmiş din yalnız müəyyən vaxt keçdikdən sonra, xüsusilə islamın mədəni gücünün təsirilə sidq-ürəklə qavranılmış və mənimsənilmiş inama çevrildi.
Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında erməni qriqorian kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilərermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsininerməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar.
Sonralar diofiziliyə qarşı hər yerdə mübarizə aparan erməni kilsəsi alban ruhanilərini öz mövqelərindən sıxışdırıb çıxartdı və ölkənin ərəblər üçün əlçatmaz dağ yerlərində yaşayan alban əhalisini qriqorianlaşdırmağa başladı. Bu proses nəticəsində, ərəb müəlliflərinə görə, hələ X əsrdə də Bərdə və onun ətraflarında işlədilən alban-arrani dili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yoxa çıxdı.
Ancaq qriqorianlaşdırma prosesi və bunun nəticəsi olan erməniləşdirmə albanların kəskin müqaviməti ilə üzləşdi. XIII əsrdə Gəncədə yaşamış, mənşəcə alban olan tarixçi Kirakos yazırdı ki, yalnız alban "rəislərinin", yəni zadəganların çoxu erməni dilini bilir və bu dildə danışırdılar. Deməli, hətta XIII əsrdə belə, Albaniya əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danışırdı.
İ. P. Petruşevskinin haqlı qeydinə görə, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdu. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən, yəni erməni monofizi [kilsəsinin] katolikosu Yeqiya (İliya) xəlifənin köməyi ilə xalkidonçuluq (diofizilik) mövqeyində duran alban katolikosu Nersesi devirdikdən və ermənipərəstlər – monofizilər tərəfindən Albaniyada xalkidonçuluq (pravoslav yunanpərəst və gürcüpərəst) hərəkatı yatırıldıqdan sonra xüsusüə nəzərə çarpırdı, bu hərəkat ruhanilər və knyazların bir hissəsi tərəfindən alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirirdi".
Bu vaxtdan etibarən, xristian qaydası ilə ruhanilərin başına əl qoyub, onları keşişliyə keçirmək hüququ alban katolikoslarından erməni katolikoslarına keçir; Moisey Kalankatlının yazdığına görə, Albaniyada bundan sonra xalkidonçuluğa rəğbət bəsləyən hər kəs "qılıncla və əsarətdə məhv edilməli" idi. Bəzi tədqiqatlarda işlədilən "erməni Albaniyası", "erməni albanları" ifadələri elə buradan törənmişdir.
Beləliklə, keçmiş alban vilayətləri, o cümlədən Artsak (indiki Qarabağın dağlıq hissəsi) İ. P. Petruşevskinin gəldiyi nəticəyə görə, "heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır". Məşhur erməni tədqiqatçısı N. Adontsun fikrincə. "Artsak həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur". İ. P. Petruşevskinin yazdığına görə, "erməni kilsəsiArran xalqlarının erməniləşmiş nəsilləri arasında heç olmazsa SünikdəOrbelyanların nahararlığı dövründə və sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi".
Beləliklə, erməni kilsəsi, ərəb işğalçılarının köməyilə, VIII əsrin başlanğıcından etibarən ərəb vilayəti Arrana çevrilən keçmiş Albaniyanın xristian əhalisini qriqorianlaşdırmağa başladı. Çox uzun sürən bu proses Eçmiadzinin dəfələrlə müraciətindən sonra alban katolikosluğununÇar Rusiyası tərəfindən 1836-cı ildə ləğv edilməsi ilə başa çatdı. Bu gün tarixi Azərbaycan ərazisinin (tarixi Sünik, Artsak, Xaçın, eləcə də müasir Sisyan, Basarkeçər və s. yerlərin) bəzi kəndlərinin köklü (sonradan köçüb gəlmə yox) erməni əhalisi "erməni kilsəsinin etiqadına qoşulmuş və ermənilərə qarışmış" (A. İohannesyan) albanların nəsillərindəndir. Bu yaxınlaradək onların qonşuluğunda yaşayan, indi isə erməni təcavüzü nəticəsində qaçqına çevrilən azərbaycanlıların bir qismi isə müxtəlif səbəblərdən islamı qəbul etmiş, həmin ermənilərdən yalnız dilləri ilə fərqlənən qədim alban soylarındandır[40].
Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır.[42] Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi.[41]
Y. E. Lipşis,[45][46] St. T. Melik-Baxşyan,[47] L. Q. İohannisyan,[48] F. Konnibir[49] və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q. Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir.[50]
VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi. Erməni katolikosu İlya bu barədə xəlifə Əbd ül-Malikə (685–705) xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana salındı[51][52][53][54].
Lakin Z. Bünyadov qeyd edir ki, katolikos İlya pavlikian bidətini Albaniyanın yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa müvəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti böyük antifeodal hərəkat xarakteri aldı və Alban vilayətlərindən Girdiman və xüsusilə Balasakan bu cəhətdən ayrıca yer tutdular.
Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və narazılığını qeyd etmişdir; o yazır ki, "Balasakan ölkələrində bir yalançı nəzəriyyə çox yayılmışdı və Girdiman vadisində də həmin bidətin ardıcılları var idi".[55] Bunu Moisey Kalankatlı da təsdiq edir.[56] Erməni katolikosu İlyanın xələfi katolikos Odzunlu İohann (717–728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32 qaydasının" əsasını təşkil etmişdir: "Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq, iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası və əbədi atəşin közərtiləridir; əgər birisi onlara qoşulub onları sevərsə və onlarla dostluq edərsə, belələrinə işgəncə və ağır cəza vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlam olsun və möhkəmlənsin. Əgər onlar yenidən belə əməl tutsalar, əmr edirik, belələrini vəba xəstəliyinə tutulanlar kimi, xristian kilsəsi üzvlərindən ayırıb atsınlar".[57][58]
Sonralar, ehtimal ki, pavlikianların hamısı və ya bir hissəsi qırılıb tükənmək və ya müsəlmanlaşdırılmaq təhlükəsinin təsiri altında Beyləqandan Bizansa köçə bilərdi, az hissəsi isə islam dinini qəbul edərək, assimilyasiyaya məruz qalmışdı. Bunu aşağıdakı fakt təsdiq edir: De Quye Kudamanın əsərlərini nəşr edərkən, ona məlum olmayan bir dini təriqətin adına rast gəlmiş və onun transkripsiyasını naylakani və ya naykalani şəklində vermişdi.[59][60][61] Lakin le Strenc bu təriqətin adını baylakani[62] şəklində oxumağı təklif etdi, Quye də dərhal bununla razılaşdı. Məlum oldu ki; bu təriqət pavlikianlar təriqəti idi və Kudamanın əsərində onların adı "baylakani", yəni beyləqanlılar şəklində idi. Melik-Baxşyan bu faktı qeyd edərkən yanlış olaraq belə hesab edir ki, "baylakani" sözünün bu cür oxunuşunu A. A. Vasilyev təklif etmiş və onun düzəlişini də de Quye etmişdir.[63] Lakin bu düzəlişi Le Strenc təklif etmişdir.
Bizansda yerli hakimiyyət orqanları tərəfındən sıxışdırılan pavlikianlar ərəb qoşunlarının işğal etdiyi əraziyə keçdilər və yalnız pavlikian qalaları tutulduqdan və Melitenanın ərəb əmiri Ömər ibn Abdullah üzərində qələbə çalındıqdan sonra pavlikianların bir hissəsi bizanslılar tərəfındən Frakiya və Konstantinopola köçürüldülər.[64][65] Beləliklə, Albaniyada Girdiman və Beyləqanı (Balasakan, Paytakaran) pavlikianların vətəni hesab etmək edilir. Bu vilayətlər uzun zaman, həm yerli feodallara, həm də yadelli basqınlara qarşı qüdrətli xalq hərəkatının mərkəzi olmuşdur.
Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə həmin ölkənin ərazisində başlamış ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatıdır. Xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir.[66]
Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" "qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.
Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808–809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış,[4] hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.
Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.
816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.
Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş.[67][68]
Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi.[69][70][71] Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi".[72] iki ərəb tarixçisi – Bağdadi və Məsudi onun haqqında eyni fikri ifadə edir:
Əbu Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır".[73]
Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi[74]. Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi".[75][76]
Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər.[78] Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl "xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər".[79]
Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:
"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get"
— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158.
833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi[80] və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.
Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.
Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə "Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si – noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i – dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [833-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.[81]
M. Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi".[82]
İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; "onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular".[83]
Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu[84] 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə – gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı.[85][86][87]
835-ci il AfşinBəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı.[88][89] Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu".[90][91]
836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi.[92][93] Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər.[94][95][96] Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.
Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi".[97][98] Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi".[99]
Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin "Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı".[99]
Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim".[100]
Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı.[101] Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı – o, hər birini yandırdı və ya dağıtdı".[101] Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular[102][103][104] Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.[105]
Bu məğlubiyyətdən sonra 837-ci ildə BabəkSünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir.[106]
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.