Azərbaycanın ordenlərinin siyahısı — Azərbaycan Respublikasında mövcud olan ordenlərin siyahısı. Hal-hazırda Azərbaycanda 12 orden mövcuddur. Azərbaycanın ən yüksək təltifi "Heydər Əliyev" ordenidir. "Vətənə xidmətə görə" ordeni, "Rəşadət" ordeni və "Əmək" ordeni üç dərəcədən ibarətdir.
1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı" və "Şöhrət" ordenləri.
1993-cü il dekabrın 6-da isə Azərbaycanın III Prezidenti Heydər Əliyev həmin ordenlərin status və təsvirlərini təsdiq etdi. Sərəncama əsasən "İstiqlal" ordeni, Azərbaycanın ən yüksək təltifi, habelə "Şah İsmayıl" ordeni Azərbaycanın ali hərbi ordeni oldu.
2003-cü il 7 noyabrda Azərbaycanın IV Prezidenti İlham Əliyev üç dərəcədən ibarət olan "Vətənə xidmətə görə" ordeninin təsis edilməsi haqqında Sərəncam imzaladı. Həmin orden, dərəcələrdən ibarət olan birinci Azərbaycan təltifi oldu.[1]
2005-ci il aprelin 22-də isə İlham Əliyevin imzaladığı Sərəncam ilə Azərbaycanın ən yüksək təltifi, "Heydər Əliyev" ordeni oldu. Azərbaycan Prezidentinə statusuna görə verilən həmin orden, təsvirinə görə də digər dörd ordenlərdən fərqləndi.
2007-ci il fevralın 16-da İlham Əliyev, daha iki orden təsis etdi — "Şərəf" və "Dostluq" ordenləri.[2] "Dostluq" ordeni daha çox, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verilir.[2]
2016-cı il 29 noyabrda İlham Əliyevin Sərəncamı ilə daha bir orden təsis edildi — üç dərəcədən ibarət olan "Əmək" ordeni.[3]
2017-ci il 17 noyabrda İlham Əliyevin Sərəncamı ilə daha bir orden təsis edildi — üç dərəcədən ibarət olan "Rəşadət" ordeni.[4]
2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[3] Qanun layihəsinə əsasən 2 orden təsis edildi — "Zəfər" və "Qarabağ" ordenləri.[5]
<ref>