Azərbaycan Premyer Liqası 2024/2025 — futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü mövsümüdür.
2023/2024-cü illər mövsümündə turniri sonuncu — 10-cu pillədə baş vuran "Qəbələ" Premyer Liqadan Birinci Liqaya yuvarlandı. Son mövsümdə Birinci Liqanın çempionu olan "Şamaxı" isə Premyer Liqaya vəsiqə qazandı. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi 16 iyul tarixində baş tutdu. Yeni mövsüm avqustun 2-də start götürüb.[1]
Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 10 futbol klubu mübarizə apardı. Onlardan doqquzu son mövsümdə Premyer Liqada, digər biri isə son mövsümdə Birinci Divizonda mübarizə aparmışdı.
Klublar bir-biri ilə 4 dəfə, ümumilikdə 36 matç keçirir.
2024/25 mövsümündə "Turan Tovuz" oynadığı ilk 5 matçda heç bir qol buraxmayaraq ölkə çempionatlarının 32 illik tarixində bunu edən 7-ci komanda olub. Belə ki, klubun "Neftçi" ilə matçı 0:0 hesabı ilə bitib və onlar ardınca "Sumqayıt", "Qarabağ" və "Səbail"i bir, "Kəpəz"i isə üç cavabsız qolla məğlub ediblər. Bu rekordu ən son 2016/17 mövsümündə "Qəbələ" təkrarlamışdır.[39] "Turan Tovuz"un qapıçısı İvan Konozalov isə 2016/17 mövsümündə "Qəbələ"nin qapıçısı olmuş Dmitri Bezotosnıdan sonra ölkə çempionatları tarixində ilk 5 matçda qapını təmiz saxlamış ikinci legioner qapıçı olub.[39]
"Neftçi" 32 ildə ikinci dəfə olaraq oynadığı ilk 9 matçda qələbə qazana bilməyib. Onlar "Turan Tovuz" və "Şamaxı" ilə matçlarını qolsuz yekunlaşdırmış, "Səbail" və "Araz-Naxçıvan"la isə 1:1 hesablı heç-heçə etmişdirlər. Klub ilk dəfə yeddi il əvvəl, 2017/18 mövsümündə ilk 5 matçında qələbə qazana bilməyib, həmin mövsüm bu qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.[40]
20 sentyabrda, 7-ci turun "Qarabağ" və "Neftçi"nin qarşılaşdığı matçında "Neftçi"nin futbolçusu Robert Bauer öz qapılarına qol vuraraq mövsümün ilk avtoqolunun müəllifi olub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olmaqla birlikdə, klubun öz qapısına vurduğu 25-ci avtoqol olub ki, bu da turnirin tarixində antirekorddur. Bu qol ilə həmçinin "Qarabağ" öz tarixində 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.[41]
İlk 18 turun yekununda mövsümün azarkeş sayı rekordu XV turda keçirilmiş "Neftçi" – "Qarabağ" (3:0) qarşılaşmasında qeydə alınmış, Neftçi Arenada keçirilən matçı 7069 azarkeş izləmişdir.[42]
2024/2025 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb. Bu, ölkə çempionatlarında ilin ən erkən startıdır. Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.[43]
16 fevral 2025-ci ildə “Neftçi” və “Qarabağ” arasında “Neftçi Arena”da keçirilən XXIII tur derbisi 9355 tamaşaçı ilə Misli Premyer Liqasında 2024/25 mövsümünün ən çox izlənilən oyunu olub.[44]