Azad xan Süleyman xan oğlu Əfqan puşt. آزاد خان افغان; 1712, Əfqanıstan – 1781, Şiraz) — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, 1749-1757-ci illərdə Urmiya, sonra Cənubi Azərbaycan hakimi.
Həyatı
Azad xan Süleyman xan oğlu Əfqan cəmiyyətinin Gilzay qolundandır. Süleymanxeyl tayfasından idi[2]. Nadir şaha xidmət etmişdi. Nadir şahın öldürülməsindən sonra Azərbaycana gəlmiş, Əmiraslan xan Qırxlı-Avşara xidmət etməyə başlamışdı.
Cənubi Azərbaycanda Əmiraslan xan Qırxlı-Avşar 1748-ci ildə vəfat etdikdən sonra Urmiya hakimi Fətəli xan Əfşar və Dünbili tayfasının başçısı Şahbaz xan arasında mübarizə gedirdi. Lakin bu mübarizədə Cənubi Azərbaycanın çox hissəsi və Cənubi Qafqazın bir hissəsi İranda hakimiyyətə gəlmək uğrunda mübarizə aparan Azad xan Əfqanın hakimiyyəti altında birləşdirildi.
Beləliklə Nadir şahın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdıla, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əlimərdan xan Bəxtiyari da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi. Tərəflər arsındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əlimərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı və 1750-ci ildə müttəfiqlər İsfahana hücum etdilər. Həmin il dekabr ayının 13-də şəhəri tutub qarət edən müttəfiqlər qələbədən sonra həmin ərazidə nüfuzlarını bərqərar etdilər. Əlimərdan xan İran İraqının hakimi, Kərim xan isə hərbi hakim oldu. Əbülfət xan isə İsfahanın hakimi kimi saxlandı. Həmədan, Qəzvin və Kermanşahın işğal edilməsi Kərim xan Zəndə tapşırıldı. Bununla belə Əlimərdan xan hərbi əməliyyatlardan geri qalmadı. Kifayət qədər böyük ordu ilə Farsa hücum edən Əlimərdan xan Fars hakimi Saleh xan Bayatı məğlub edərək Şirazı tutdu. Şirazın tutulması ilə bütün Farsa və Cənub Şərqi İrana nəzarəti ələ keçirən Əlimərdan xan İsfahanı paytaxt elan etdi. Eyni zamanda Kərim xan da Həmədan, Qəzvin və Tehranı tutdu. Aparılan hərbi əməliyyatlar zamanı qazanılan uğurlar istər Kərim xanı, İstərsə də Əlimərdan xanı İranda mərkəzləşdirilmiş dövlətin yaradılmasına və İranda təkhakimiyyətliliyi bərqərar etməyə sövq edirdi. Bu mənada, Kərim xan Əlimərdan xanın hakimiyyətini devirmək məqsədilə İsfahana hücum edərək paytaxtı və Farsı özünə tabe etdi. Bu qələbə Kərim xan Zəndin hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxardı. Lakin Kərim xan mərkəzləşdirilmiş dövlətin başçısı kimi deyil, bu dövlətdə ali mənsəb sahibi kimi çıxış etdi. Belə ki, Səfəvi nəslindən olan II İsmayıl ilə İsfahana gələn Kərim xan onu taxtda oturtdu özü isə vəkilüddövlə elan edildi. Əslində real hakimiyyət Kərim xan Zəndin əlində cəmləşdi. O, Şah II İsmayıl isə bütün dövlət işlərindən təcrid etdi. Sonrakı iki il ərzində apardığı hərbi əməliyyatlar nəticəsində 1752-ci ildə bütün Mərkəzi və Qərbi İran, İran İraqı, Həmədan, Kürdüstan, Kermanşah, Fars və digər ərazilər Kərim xan Zəndin hakimiyyəti altında idi. Kərim xan zəndlə qarşıdurmada məğlub olan Əli Mərdan xan Xuzistanda qoşun toplayıb, yenidən Kərim xana qarşı yürüş etsə də, uğursuzluğa uğradı.
Həmin dövrdə Şimali İranın ən qüdrətli feodallarından biri Məhəmmədhəsən xan Qovanlı-Qacar idi. Məhəmmədhəsən xan bəxtiyarilərlə zəndlər arasında gedən mübarizədən istifadə edərək İranda mərkəzi hakimiyyətə sahib olmaq istəyirdi. Lakin Əlimərdan xanın Kərim xan Zəndı məğlub olduğunu eşidən Məhəmmədhəsən xan Qacar 1752-ci ildə zəndlərə qarşı başlamış olduğu hərbi yürüşdən geri dönmək məcburiyyətində qaldı. Məhəmmədhəsən xanın bu niyyətindən xəbər tutan Kərim xan Zənd onun kifayət qədər güclü olduğunu zənn edərək Astrabad və Mazandarana hərbi yürüşə başladı. 40 minlik qoşunla Astrabad yaxınlığındakı Ağqalanı mühasirəyə almasına baxmayaraq, Kərim xan Zəndin qoşunları məğlubiyyətə düçar oldu. Əsir düşmək təhlükəsindən qurtaran Kərim xan Zənd Tehrana qayıtmaq məcburiyyətində qaldı. Kərim xan Zəndin məğlub olduğu bir şəraitdə Əlimərdan xan ona sadiq olan dəstələri də başına toplayıb, Kərim xana qarşı yenidən hücum etdi. Lakin Əli Mərdan xanın və onun müttəfiqlərinin qoşunları 1753-cü ilin yayında məğlub edildi və Kərim xan Zənd Kermanşahı tutdu. Bundan sonra Kərim xan Zənd İranda mərkəzi hakimiyyıt uğrunda mübarizə aparan Azad xan, Fətəli xan Əfşar və Şahbaz xan Dünbilinin birləşmiş qoşunlarına qarşı hərbi əməliyyatlara başladı. Lakin Azad xanın başçılıq etdiyi müttəfiq qoşunlar Kərim xan Zəndi məğlub etdi və İsfahanı tutdular. Buna baxmayaraq fars feodallarının Kərim xan Zəndi müdafiə etməsi ona hakimiyət uğrunda mübarizəsini davam etdirməyə imkan verirdi. Məhz fars feodallarının güclü dəstəyi nəticəsində Kərim xan Zənd Azad xanı və onun müttəfiqlərini məğlub etdi. Qeyd edək ki, fars feodallarının Kərim xan Zəndi hərtərəfli dəstəkləməsində əsas məqsəd İranda mərkəzi hakimiyyətin türk tayfalarının deyil, yalnız onların əlində cəmləşdirilməsi idi. 1754-cü ildə baş vermiş bu döyüşdə məğlub olan Azad xan Şiraza, oradan isə İsfahana qaçdı. Lakin Kərim xan Zənd də hərbi əməliyyatları dayandırmadı və həmin il Şirazı tutaraq, İsfahana yürüşə hazırlaşdı.
Belə bir vəziyyətdə Məhəmmədhəsən xan Qacar, Kərim xan Zəndin Azad xanla apardığı mübarizəsini nəzərə alaraq, Xəzərin cənub sahillərindəki ərazilərini xeyli genişləndirməyə müvəffəq oldu. Məhəmmədhəsən xan Qacar ilk növbədə zəndlərin və onların müttəfiqlərinin siyasi cəhətdən birləşməsinə qarşı çıxış edirdi. Çünki digər qruplaşmalara nisbətdə daha güclü və mütəşəkkil idi. Bu mövqedən çıxış edən Məhəmmədhəsən xan Qacar 1755-ci ildə Mərkəzi İrana hərbi yürüş etdi. Bu yürüş zamanı qacarlar zəndləri məğlub etdikdən sonra Məhəmməd Həsən xan Qacar İsfahanı tutmaq üçün yeni hərbi əməliyyatlara başladı. Gülabad yaxınlığında baş vermiş döyüşdə Kərim xan Zəndin qoşunlarını məğlub edən Məhəmməd həsən xan İsfahana daxil oldu.
Azad xan Qacar xanlarının olmamasından istifadə edərək Gilanı tutdu. Bu xəbəri eşidən Məhəmməd Həsən xan tələsik şimala yollandı. Düşmənin üstün qüvvələri ilə həlledici döyüşə girməyin çətinliyini başa düşən Məhəmməd Həsən xan Mazandarana gəldi. Burada öz qoşunlarını yenidən təşkil edb, silahlandırandan sonra qəflətən Gilana hücum etdi. Bu vuruşmada Azad xanın qoşunları darmadağın edildi. 1757-ci ilin yanvarında Urmiya sahilində Məhəmməd Həsən xanın qoşunları ilə Azad xanın qüvvələri araslnda həlledici döyüş oldu. Məhəmməd Həsən xan qələbə qazandı. Məhəmməd Həsən xan bütün Azərbaycanı özünə tabe etməyə başladı. O, bu məqsədlə 1758-ci ilin yazında Araz çayını keçərək, Şimali Azərbaycana hücum etdi. Şimali Azərbaycandakı bir çox xanlar, o cümlədən Gəncənin irsi xanları olan Qacarlar, Muğan xanı və s. onun vassallığını qəbul etdilər. Lakin Cavad, Qazax və Borçalının hakimi, həmçinin hələ yaxın vaxtda Məhəmmədhəsən xanın müttəfiqi olan Qarabağ xanı Pənahəli xan onun hakimiyyətini qəbul etmədi. Bu səbəbdən Məhəmmədhəsən xan Qarabağ xanlığının paytaxtı olan Şuşaya hücum etdisə də, bu hücum müvəffəqiyyətsizliklə nəticələndi. Bundan sonra o, bütün səylərini Mərkəzi İranda öz mövqeyini gücləndirməyə yönəltdi. 1758-ci ilin yazında o, Fətəli xan Əfşar,Şahbaz xan Dünbili və digər müttəfiqləri ilə birlikdə İran İraqına yürüş edərək İsfahana daxil oldu. İsfahanı tutduqdan sonra 1758-ci ilin əvvəllərində Şiraza doğru hərəkət edən Məhəmmədhəsən xanın hərbi yürüşünü açıq toqquşma ilə qarşısını almaq istəyən Kərim xan müdafiə mövqeyi tutmaq məcburiyyətində qaldı. Öz növbəsində Qacar Şirazı mühasirəyə aldı. Yaranmış vəziyyətdə İsfahandan göndərilən xüsusi dəstənin fəaliyyəti Məhəmmədhəsən xanın Astrabaddaki düşərgəsində pozğunluq baş verdi. Bu isə İsfahandan Mazandırana qayıdan Məhəmmədhəsən xanın bütün əmlakının və hərbi sursatının zəndlərin əlinə keçməsinə imkan yaratdı. Bunun nəticəsində zəndlərin hərbi qüvvəsi xeyli gücləndi ki, bu da 1758-ci ilin fevralında Mazandarandakı Sari və Əfşar şəhərləri arasındakı yerdə baş vermiş döyüşdə onlara Məhəmmədhəsən xanın qüvvələrini məğlub etməyə imkan verdi. Bu döyüşdə Məhəmmədhəsən xan Qacar da öldürüldü. Qacarlar üzərindəki qələbə Kərim xan Zəndi İranda yeganə qüdrətli hakim kimi tanıtdı.
Ənvər Çingizoğlu və Aydın Avşar yazır: "Azad xan Əfqan Fətəli xanın dirçəlişini eşidib, İraqdan Azərbaycana gəlmək fikrinə düşdü. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: «Hicri qəməri 1174-cü ildə Azad xan Məhəmmədhəsən xan tərəfindən məğlub olub, Bağdada qaçmışdı. Ordan İranda baş verən hadisələri izləyirdi. Kərim xan Zəndin Məhəmmədhəsən xana qələbəsini eşidib, fürsəti münasib görüb, qohumlaşdığı Həkkari əşirətindən yardım istədi. Onlar bu qohumluğa görə, 15 min nəfərlik ordu toplayıb, sevincək Təbriz şəhərinə yola düşdülər. Marağa şəhərinin iki ağaclığındakı Binab şəhərinə yetişdilər. Marağa hakimi Hacı Əliməhəmməd ağa Müqəddəm çox huşlu-başlı bir adam olduğundan el və kənd əhli onun bir sözünü iki eləmirdi. O da elə arxalanıb, Azərbaycan hakiminə, Fətəli xana vergi verməkdən imtina etmişdi. Azad xan ordusunun Marağa ətrafına gəlməsinə narahat oldu. Naçar qalıb, Fətəli xanla dostlaşdı. Ona məktub yazıb yardım istədi. Fətəli xan tabeliyində olan Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbilini 1000 nəfərlik qoşunla ona köməyə göndərdi. Yardım yetişincə Azad xan Binab şəhərini odlayıb, adlı-sanlı adamları öldürüb, qalan kişi və qadınları əsir götürdü. Bu xəbəri eşidən Fətəli xan əfqanların özbaşınalıqlarından səbri tükəndi. Tabeliyində olan qoşunu götürüb, Marağaya üz tutdu. Marağaya yetişəndə Hacı Əliməhəmməd ağa Müqəddəm də ona qoşuldu.[3]
Ədəbiyyat
- Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М., Наука, 1983.səh 124
Mənbə
- Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı:Mütərcim, 2015, 288 səh.
İstinadlar
- ↑ Hambly 1991, p. 114.
- ↑ گلستانه، ابوالحسین محمد امین، مجملالتواریخ پس از نادر، ۳۲
- ↑ Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh.70
Həmçinin bax
Xarici keçidlər