Appalaç dağları (ing.Appalachian Mountains) — Şimali Amerikanın şərqində (Kanada və ABŞ ərazisində) dağ sistemi. Cənub-qərbdən şimal-şərqə 2600 km uzanır. Ən hündür zirvəsi 2037 metrdir (Mitçell dağı). Turizm, idman və ovçuluq rayonu kimi böyük əhəmiyyəti var.
Hudzon və Mohok çayları Appalaç dağlarını 2 hissəyə (Şimali və Cənubi Appalaç dağları) bölür. Şimali Appalaç dağları ayrı-ayrı dağ massivləri (Adirondak – hündürlüyü 1629 metrədək, Yaşıl dağlar – hündündürlüyü 1339 metrədək, Ağ dağlar – hündündürlüyü 1917 metrədək) olan yayladan ibarətdir. Massivlər bir-birindən tektonik dərələrlə ayrılır. Cənubi Appalaç dağları bir neçə paralel silsilədən, onların arasındakı dərələrdən və dağ massivindən (Mavi silsilə, Böyük Vadi, Appalaç platosu, Pidmont platosu) ibarətdir. Qırışıqlı-qaymalı və qaymalı silsilələr erozion dərələr və çökəkliklərlə parçalanmışdır.
Geoloji quruluşu
Appalaç dağları eyni adlı Paleozoy yaşlı qırışıqlı - örtük orogenik sistemdir. Cənub-şərq və şimal-şərq hissələri kristallik süxurlardan (qneyslər, şistlər, kvarsitlər), qərb və cənub-qərb hissələri isə çökmə süxurlardan (əhəngdaşılar, qumdaşılar, dolomitlər) ibarətdir. Mezozoyun sonunda və Kaynozoyda indiki Appalaç dağlarının tağ hissəsi qalxmağa başlamış, səthi parçalanmış və müasir relyefi formalaşmışdır. Dördüncü dövrdə (Antropogen d.) Appalaç dağlarının şimal hissəsi buzlaşmaya məruz qalmışdır; cənub hissəsi nisbətən isti və rütubətli iqlim şəraitində olduğundan, burada enliyarpaqlı və həmişəyaşıl meşələr məhv olmamışdır və sonradan Appalaç dağlarının çox hissəsinə yayılmışdır.
Appalaç dağlarının iqlimi Atlantik okeanı və xüsusilə Meksika körfəzinin təsiri ilə əlaqədar yumşaqdır.; şimalda mülayim, cənubda subtropikdir. Orta temperatur yanvarda şimalda –12°C-dən cənubda 8°C-yədək, iyulda müvafiq olaraq 18°C-dən 26°C-yədəkdir. İllik yağıntı 1000–2000 mm-dir. Dağların yuxarı qurşaqlarında qış şaxtalı və qarlıdır. Yay rütubətli, buludlu və yağışlı keçir.
Daxili suları
Appalaç dağlarının çay şəbəkəsi sıxdır. Çayları gursuludur, böyük hidroenerji ehtiyatına malikdir. İri çayları: Konnektikut, Hudzon, Saskuehanna, Tennessi. Şimal hissəsinin iri çayları gəmiçiliyə yararlıdır. Pidmont platosunun şərq kənarından axan çay dərələri meyilli və astanalıdır; çoxlu şəlalələr və SES-lər var. İri gölləri: Şampleyn, Uinnipesoki, Mushed, Çesankuk.
Torpaq örtüyü
Şimalda, əsasən, podzollu və çimlipodzollu torpaqlar, cənubda dağ-qonur meşə, öndağlıqda qırmızı və sarı torpaqlar inkişaf etmişdir.
Flora və faunası
Yamacları 1000 m. hündürlüyə qədər enliyarpaqlı, 1000 m-dən yuxarı iynəyarpaqlı və qarışıq meşələrdir. Şimali Appalaç dağlarında küknar, ağ şam, tuya (səlb), ağcaqayın, qarağac, fıstıq, sarı tozağacı və cökə ağaclarından ibarət iynəyarpaqlı və qarışıq meşələr yayılmışdır. Cənubi Appalaç dağlarında təqribən 1000 m-ədək hündürlüyündə palıdın, ağcaqayının və göyrüşün çoxsaylı növləri, həmçinin xeyli endemik və relikt növlər (zanbaq ağacı, maqnoliya, çinar, ağ akasiya və s.), daha yuxarılarda Şimali Appalaç dağları üçün səciyyəvi olan qarışıq və iynəyarpaqlı meşələr yayılmışdır. İlkin meşələr, demək olar ki, tamamilə qırılmışdır. Dağların yuxarı qurşağında rododendron, qızılağac kolları da daxil olmaqla subalp bitkiləri üstünlük təşkil edir.
Appalaç dağlarının heyvanlar aləmi rəngarəngdir. Ağaclıq tirəndazı (oxlu kirpi), baribal ayı, vaşaq, yenot, skuns, samur və s., endemik növlərdən Virciniya opossumu, Virciniya maralı, vəhşi hinduşka və müxtəlif yarasa növlərinə rast gəlinir.[1]