Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Anar Kərimov.
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020).
Həyatı
Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsini, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini almışdır. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.[1]
Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.[1]
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.[2][3] 9 iyul 2019-cu ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[4]
20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5][6] Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunmuş[7] və 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir.[8]
Anar Kərimov 2023-cü ilin may ayından İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışır.[9]
Mükafatları
İstinadlar