Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Anar (ad).
Anar Dosiyev (Dosiyev Anar Adıgözəl oğlu; d. 1972. Bakı, Azərbaycan SSR, SSRİ) — Türkiyə alimi; Fizika‑riyaziyyat elmləri doktoru (2012), professor (2006). Yaxın Şərq Texniki Universitetinin riyaziyyat kafedrasının professoru.
Həyatı
Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da Bakıda anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995–1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. "Li cəbrinin Banaxov təsvirində Teylor spektri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998–2001-ci illərdə institutda kiçik elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib. A. Dosiyev 2004–2006-cı illərdə Atılım Universitetinin (Ankara) dosenti, 2006–2008-ci illərdə isə həmin universitetdə professor olub. 2008-ci ildən Yaxın Şərq Texnika Universitetində işləyir. 2012-ci ildə M. V. Lomonosov adına MDU-da "Li Cəbrinin təsvirlərinin qeyrikommutativ holomorf funksional hesabı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]
O, kvant funksional analizi və qeyri-kommutativ həndəsə sahəsində mütəxəssisdir. Onun elmi tədqiqatlarının əsas istiqamətləri qeyri-kommutativ analiz və cəbr, funksional analizin kvant modeli və qeyri-kommutativ cəbri həndəsəni əhatə edir. A. Dosiyev tərəfindən qeyri-kommutativ operatorlar ailəsi üçün funksional hesablama metodu, informasiyanın kvant nəzəriyyəsi sahəsində tədqiqatlar aparmağa imkan verən müxtəlif kvant məkanlarının təsviri işlənib hazırlanıb.
A. Dosiyev 40-dan çox beynəlxalq səviyyəli və digər ölkələrin mütəxəssislərinə tanış olan elmi işin müəllifidir. Müxtəlif illərdə o, Rumıniya, Sloveniya, Polşa, Danimarka və Türkiyədə mühazirələr deyib. M. V. Lomonosov adına MDU-nun professorları ilə sıx əlaqə saxlayır. MDU-nun funksional analiz və funksiyanın nəzəriyyəsi kafedrasının seminarlarında dəfələrlə çıxış edib.
Maraqlı faktlar
İdmanla fəal məşğul olur və hazırda universitet tələbələrinin sambo və cüdo güləşi üzrə məşqçisidir.
İstinadlar