Alban dilində dövrümüzədək gəlib çatan ilk yazılı abidə – “Xaç suyuna salınmanın formulu” (1462), ilk kitab – “Meşari” (Q.Buzuku tərəfindən tərcümə olunmuş dini mətnlər – “Dua kitabı”, 1555) hesab edilir. XVI–XVII əsrlərdə P.Budi, M.Barleti, F.Barde, P.Boqdani tarixi, dini-didaktik və epistolyar janrda əsərlər yazmışlar. XVIII əsrdə alban ədəbiyyatında Yaxın Şərq mədəniyyətinin təsiri ilə satirik, mənəvi və məişət məzmunlu improvizasiyalı beyteji janrı yaranmışdır. Şairlərdən İ.Frakula, H.Z. Kamberi, M.Çami, S.Naibinin yaradıcılığı Şərq, xüsusən türk və fars poeziyası ilə sıx bağlı ol muşdur. Onların əsərlərində məhəbbət və təbiətin tərənnümü ilə yanaşı, ictimai motivlər də müəyyən yer tutur. XVI əsrdənİtaliyada yaşayan albanlar (arbereşlər) arasında da ədəbiyyat inkişaf etmişdi. XIX əsrdə arbereşlərdən İ.De Rada, Q.Dara (kiçik), Z.Serembe və b.-nın şeir və poemaları yayılmışdı.[1]
XX əsrin əvvəllərində alban ədəbiyyatında yeni janrlar meydana gəlmiş (poeziyada – ballada, elegiya, sonet, lirik-epik poema; nəsrdə – epik dram, məişət komediyaları), F.S.Noli, X.Stermilı, M.Kuteli və b.-nın yaradıcılığında realizm ənənələri güclü olmuşdur. Milli azadlıq mübarizəsi dövründə (1939–44) Albaniyada müqavimət hərəkatı ədəbiyyatı inkişaf etmişdir. Kommunist rejimi dövründə ölkənin ədəbiyyatının inkişafına əhəmiyyətli dərəcədə mane olan ciddi senzura mövcud idi. İlk qadın alban yazıçıları Musine Kokalari və Selfice Çiu repressiyaya məruz qalmışdılar. Bundan başqa o dövrlərdəAlbaniya ədəbiyyatında faşizmə qarşı mübarizədən, ölkədəki ictimai dəyişikliklərdən bəhs edən əsərlər yazılmışdır (D.Şuteriçi, F.Qyata, P.Marko, S.Spasse və b.). “Alban xalq nağılları”, “Alban yazıçılarının hekayələri”, F.Qyatanın “Tana” povesti (hər üçü 1958), S.Spassenin “Onlar tək deyildilər” romanı (1961), həmçinin A.Çayupi, N.Fraşeri və b.-nın bəzi şeirləri Azərbaycan dilində nəşr edilmişdir.[1]