Əslən ƏrdəbilinÇanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.[1][2] Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb.[3] 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub.[4] Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.[5]1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.[6]
1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib[4][7] Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib.[8] O, Miyanə-Zəncandəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır.[9] Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub.[10] Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim olunarkən ona, "Tudə" ("Xalq" deməkdir) təxəllüsü verilib.[11] 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub.[12] 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub.[10][13] Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub.[10] 1944–1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945–1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib.[4] Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb.[8][14] Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub.[4][15] Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.[10]
Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, mətbəədə yandırılıb.[10] Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib.[8][10] Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazır.[10][16] Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan bu şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə döndü və dillər əzbərinə çevrildi.[10]
Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayır.[4] 1947-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olur və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir.[4] Ali məktəbi bitirdikdən sonra Azərnəşrə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub.[16] Sonra bütün həyatını bədii yaradıcılığa həsr edib.[16] Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir.[17] "Cənub nəğmələri" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib.[18] Bu kitabda o, 1945–1949-cu illərdə yazdığı şeirləri toplayıb.[19] Ümumittifaq tədbirlərində: Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda iştirak edib. 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb.[20] 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.[21] 1960-cı ildən 1996-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olub.[6] 1986-cı ildə Əmək veteranı, 1987-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.[22][23] 50 poemanın 60-dan çox kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.[24]
↑"Azərbaycan SSR incəsənət və ədəbiyyat işçilərinin SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin FƏRMANI". Kommunist qəzeti. 1959-06-11. səh. 3. (#cite_web_url)