Əli Bayramov (inqilabçı)

Əli Bayramov
Əli Bayram oğlu Bayramov
Doğum tarixi
Doğum yeri Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Dəfn yeri Bakı şəhəri, 1-ci Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Fəaliyyəti inqilabçı
Partiyası

Əli Bayram oğlu Bayramov (1889, Lahıc, Şamaxı qəzası[1]23 mart 1920[1]) — Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış siyasi xadim.

Həyatı

Bayramov Əli Bayram oğlu 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olmuşdur. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirmişdir. 1920-ci il aprelin 7-də öldürülmüşdür. Birinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi

Əli Bayramov Ceyran xanımla ailə həyatı qurur. İki övladı doğulur. Sonralar Əli Bayramovun qətlini əlində bayraq eləyən bolşeviklər az sonra onun yoldaşı Ceyran Bayramovanı Sibirə sürgün edirlər. İki övladı Ukraynaya gedib çıxır. Sürgündən geri dönən Ceyran xanım ailəvi dostluq etdikləri Ağabala Yusifzadənin oğlu Məmmədağanın köməkliyi ilə övladlarının yerini öyrənir və onları Azərbaycana qaytarır.[2]

Fəaliyyəti

Sol eserlərin fəal nümayəndəsi olmuş, Fevral inqilabından (1917) sonra Bakı fəhlə və hərbi deputatları Sovetinin deputatı seçilmiş, 1917–1918-ci illərdə Bakı, Cavad, Lənkəran, Şamaxı və s. qəzalarda sovet hakimiyyəti qurulması uğrunda fəaliyyət göstərmişdi. 1918-ci ildə Bakı XKS silahlı qüvvələri tərkibində gəmi kapitanı vəzifəsində əks-inqilaba qarşı vuruşmuş, 1918-ci il 15 sentyabr tarixində Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Gəncədə gizli inqilabi iş aparmışdır. 1919-cu ilin əvvəllərində Bakıya qayıtmış, mayda Cümhuriyyət Hökumətinə qarşı fəhlə tətillərinin keçirilməsində fəal iştirak etmişdir. 1919-20-ci illərdə "Hümmət" təşkilatının rəhbərlərindən biri, RK(b)P Qafqaz Ölkə Komitəsi yanında gizli hərbi inqilab qərargahının və BK (Bakı Bolşevik) tərəfindən yaradılmış hərbi təşkilatın üzvü olmuşdur. BK-nın gizli fəaliyyət göstərən "Xüsusi dəniz ekspedisiyası"nın iştirakçısı idi. Ekspedisiya Bakıdan Sovet Rusiyasına neft və neft məhsulları aparır, oradan isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat və s. gətirirdi. Paris sülh konfransında (1919-20) Ali Şuranın Azərbaycanın istiqlaliyyətini tanımasını Əli Bayramov Azərbaycan xalqına və bütün Şərqin müsəlman xalqlarına qarşı "böyük xəyanət" adlandırmışdı. "Paris cəlladlarının Zaqafqaziyada siyasəti" adlı məqaləsində o Antanta dövlərinin bu addımını imperialist dövlətlərin qəsbkarlıq planları kimi qiymətləndiriridi. Bayramov 1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının I qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini silahlı üsyan yolu ilə devirməyə, dövlət çevirilişi etməyə çağıran bəyannaməni Əli Bayramov da imzalamışdı.[3]

Öldürülməsi

Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri kimi Əli Bayramov 1920-ci il martın 20-də həbs olunmuş, əldə əsaslı dəlil-sübut olmadığından martın 22-də azad edilmiş, martın 23-ə keçən gecə isə qətlə yetirilmişdir. Onun cəsədi aprelin 3-də tapılmış, aprelin 5-də tanınmış və aprelin 7-də dəfn olunmuşdu. Əli Bayramovun şəxsi ədavət zəmnində qoçular tərəfindən qətlə yetirilməsi tarixçəsi də məlumdur. Bununla belə, hakimiyyət çevrilişinə hazırlaşan bolşeviklər onun qətlində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini ittiham etmiş, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Əli Bayramovun öldürülməsi ilə əlaqədar məsuliyyətə cəlb edilənlər Azərbaycan SSR Ali İnqilabi Tribunalının 28 may 1920-ci il tarixli hökmü ilə müqəssir sayılmış və onların 15 nəfəri güllələnməklə ölüm cəzasına, digərləri isə uzunmüddətli həbs cəzasına məhkum olunmuşdular. Hökm Azərbaycan İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən elə həmin gün təsdiq edilmiş, mayın 29-a keçən gecə saat 2:30-da yerinə yetirilmişdir. Lakin Əli Bayramovun qatilinin kim olması konkret müəyyənləşdirilməmiş, hökm müxtəlif fərziyyələr əsasında çıxarılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1920-ci il 1 aprel tarixli iclasında Əli Bayramovun öldürülməsində Hökuməti günahkar bilənlərə etiraz etmişdir. Məhəmməd Əmin Rəsulzadə Əli Bayramovun qətlindən Hökumətə qarşı böhtan məqsədilə istifadə olunduğunu bildirmişdir.[2]

Xatirəsi

Azərbaycanda onun adına şəhər (Əli Bayramlı - indiki Şirvan), Bakıda küçə vardı.

İstinadlar

  1. 1 2 Байрамов Али Байрам оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 "Arxivlənmiş surət". 2019-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 250-251

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!