"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır.
Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur.[1] Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir. “Əhsənüt-təvarix” əsərinin müəllifi Həsən bəy Rumlunun tərcümeyi-halına dair bildiklərimiz əsas etibarilə özü haqqında “Əhsənüt-təvarix”də verdiyi sistemisiz məlumatlardan ibarətdir. Həsən bəy Rumlu hicri 937-ci ildə (miladi 1530-1531) Qum şəhərində anadan olmuşdur.[2] Babası Əmir sultan RumluQəzvin və Sovucbulaq hakimi olmuş məşhur qızılbaş sərkərdələrindəndir. Bu səbəbdən Həsən bir müddət tiyul şərti feodal mülkiyyəti formasında babasına məxsus olan Qəzvin şəhərində yaşamışdır. Hicri 943 (m. 1536-37-ci ildə) I Şah İsmayılın oğlu olan Səfəvi şahzadəsi Bəhram mirzə Qəzvinə gələrkən Həsən öz anası ilə birlikdə onu qarşılamış, hədiyyələr təqdim etmişdir. Hicri 946 (m. 1539-40-cı) ildə babası Əmir sultan vəfat etdikdən sonra Həsən bəy şahın şəxsi qvardiyası olan qorçular dəstəsinə cəlb edilir. Hicri 948 (m. 1541-42-ci) ildə Şah Təhmasibin Dizful yürüşünə qoşulan Həsən bəy hicri 980 (m. 1572-73-cü) ilə kimi şahın bütün səfərlərində onu müşayiət etdiyini bildirir.[3][1]
Əsərdən məlum olur ki, Həsən bəy Rumlu elm öyrənməklə məşğul olmuşdur. O, məşhur alim Cəmaləddin Mahmud Şirazinin yanında bədii sənətin bir növü olan şəmsiyyəni öyrənməsi barədə məlumat vermişdir. Həsən bəy şah I Təhmasibin ölümünə qədər sarayda yaşayaraq əsəri üzərində işləmiş, II Şah İsmayılın hökmranlığı zamanı (1576 – 1577) baş verən hadisələri kənardan izləmiş, salnamənin davamı üçün məlumat toplamış və II Şah İsmayılın öldürülməsindən bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. Həsən bəy Rumlu öz çoxcildli əsərinin sonuncu cildini İsmayıl Mirzəyə (II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan kəlmələrin müəllifi... Həsən bu cildi də gənc şahzadə İsmayıl Mirzənin adına yazmışdır. Ə. Nəvayi Həsən bəy Rumlunun II Şah İsmayılın tərəfdarı olduğunu bildirir, lakin Həsən bəyin özü bu haqda yazmamışdır. II Şah İsmayıl dövründə onun Səfəvi dövlətinin paytaxtı Qəzvində yaşayıb yaşamaması da müəyyən deyildir.[3][1]
II Şah İsmayılın ölümündən sonra Şah Təhmasibin digər bir oğlu Şah Məhəmməd Xudabəndə (1578-87) hakimiyyətə gəlir. Şah Məhəmməd Xudabəndə hakimlik etdiyi Şiraz şəhərindən paytaxt Qəzvinə doğru yolda olarkən Həsən bəy Qum şəhərində yeni hökmdarın məiyyətinə qoşulmuşdur. Həsən bəy Rumlunun sonrakı taleyi qaranlıqdır. “Əhsənüt-təvarix” Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrünün başlanğıcında – 1578-ci ilin hadisələrində yarımçıq qalır. Həmin zaman müəllifin yaşı 48-dən çox deyildi. Ə.Nəvai dövrün siyasi mənzərəsinin təhlilini apararaq, II Şah İsmayılın qızğın tərəfdarlarından olduğu üçün Həsən bəy Rumlunun Şah Məhəmməd Xudabəndə zamanında arzuolunmaz şəxs kimi həbsə salındığını və hətta öldürüldüyü ehtimal olunur.
Əsər haqqında
Əsərin cildləri haqqında tarixçilər arasında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar əsərin 12 bəziləri isə 10 cilddən ibarət olması barədə mülahizələr irəli sürmüşlər. Buna səbəb əsərin son iki cildinin günümüzə gəlib çatması və bu cildlərdə ziddiyyətli məlumatların yer almasıdır. Əsərin 12 cildən ibarət olması fikrinin tərəfdarları arasında İ.P. Petruşevski, M. Abidova , M.X. Nemətova, O.Ə. Əfəndiyev, C.M. İbrahimov, S.B. Aşurbəyli, S.M. Onullahi istifadə etmiş olduqları cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər.[4] İranda nəşr olunan ―Rahnomaye ketab‖ məcəlləsində də Əhsənüt-təvarixin Ç.N. Seddon tərəfindən edilən nəşrinin XII cild olması və əsərin XI cildinin 1349-cu ildə (1970) Tehranda çap etdirilməsinə dair məlumat dərc olunmuşdur . Lakin salnamənin cildləri haqqında birinci fikri sübuta yetirən dəlilə istər onun Leninqraddakı əlyazma nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur, əksinə, Həsən bəy Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı cildin X cild olduğunu göstərmişdir ki, bu barədə bir qədər sonra danışılacaqdır. Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarixin əldə olan cildlərini XI və XII cildlər olduğunu söyləmişlər.[4] Məlumdur ki, sovet alimlərindən ilk dəfə İ.P. Petruşevski bu salnamənin 12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə istifadə etdiyimiz ―Əhsənüt-təvarixin Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. Seddon nəşrinə müraciət etmişdir, lakin onun fikrini təsdiq edə biləcək məlumat həmin nüsxələrin heç birində yoxdur. Ehtimal ki, İ.P. Petruşevskidən sonra Əhsənüt-təvarixə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 12 cilddə yazıldığını göstərmişlər. Əhsənüt-təvarixin cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. Romaskeviçə məxsusdur. Belə ki, əsərin B.Dornun kataloquna 287 saylı əlyazma kimi daxil edilmiş Peterburq nüsxəsinə əsaslanan A.A.Romaskeviç “Əhsənüt-təvarix”in 10 cilddən ibarət olduğunu bildirmiş və dövrümüzə gəlib çatan cildlərin IX və X cildlər olduğunu ifadə etmişdir.[5][6]
Bizə gəlib çatan son iki cild XV-XVI əsrlərin tarixini əhatə edir. Əsər salnamə üslubunda yazılmış və xronoloji ardıcıllığa ciddi riayət edilmişdir. Tarixi hadisələr illər üzrə qruplaşdırılmış, hər il baş vermiş əhvalatlar ayrıca fəsillər içində təsvir edilmişdir. Bu fəsillər daxilində ilbəil Azərbaycanda, İraqda, Xorasanda, Mavəraünnəhrdə, İranın müxtəlif vilayətlərində, hətta Hindistanda, Anadoluda, Şamda, Misirdə, Avropada belə baş vermiş mühüm hadisələr müxtəlif sərlövhələr altında əksini tapmışdır.[6] Fəsillərin sonunda, bir qayda olaraq, “Müxtəlif əhvalatlar” başlığı altında həmin ilə aid qısa xəbərlər və “Ölümlər” başlığı altında həmin il dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər, məşhur dövlət, mədəniyyət, elm və sənət xadimləri haqqında məlumat verilmişdir. Əsərin mətnində çox sayda “Quran” ayələrinə və şeirlərə rast gəlirik. Lakin farsdilli ədəbiyyatın tanınmış mütəxəssislərindən olan Ə.Nəvai “Əhsənüt-təvarix”də yer verilmiş şeirlərin bir qisminin bayağı və əhəmiyyətsiz olduğunu vurğulayaraq, bu cür nümunələrə yer verdiyi üçün Həsən bəy Rumlunu tənqid etmişdi.[7]
Həsən bəy Rumlu öz əsərini yazarkən Həkiməddin İdris Bitlisinin “Həşt behişt”, Əbdürrəzzaq Səmərqəndinin “Mətləüs-səədeyn və məcməül-bəhreyn”, Mirxondun “Rövzətüs-səfa”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”, Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə”, Xondəmirin “Həbibüs-siyər”, anonim müəllifin “Tarixi-Şah İsmayıl Səfəvi”, Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini”, Qazı Əhməd Qəffarinin “Tarixicahanara” əsərlərindən və s. tarixi məxəzlərdən yararlanmışdır. Həsən bəy Rumlu farsdilli qaynaqlarla yanaşı, Osmanlı türkcəsində yazılmış tarix kitablarına da müraciət etmişdir.[8] Eyni zamanda, əsərdə bir çox tarixi sənədlərin mətni əksini tapmışdır. Müəllifin öz qeydlərinə görə, o, son cildi yazarkən bir sıra hallarda hadisə şahidlərinin şərhlərinə yer vermiş, I Şah Təhmasibin və II Şah İsmayılın dövründə, Məhəmməd Xudabəndənin hakimiyyətə yüksəlişi vaxtında baş vermiş proseslərin təsviri zamanı isə xeyli dərəcədə öz şəxsi müşahidələrinə əsaslanmışdır. Ş.Fərzəliyevin fikrincə, “Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələrini əks etdirən tarixi əsərlərdən kor-koranə istifadə etməmiş, yeri gəldikcə, onların bəzisinə düzəliş vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır.[9]
Əsərin müxtəlif dövlət kitabxanalarında və şəxsi kolleksiyalarda çox saylı nüxsələri mühafizə edilmişdir. Bunlardan bəziləri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda, Tehrandakı İslami Şura Məclisi Kitabxanasında, Tehran Universitetinin Mərkəzi Kitabxanasında, Tehran Universitetinin Ədəbiyyat Fakültəsinin kitabxanasında, Tehrandakı Gülüstan Kitabxanasında, Məlik Milli Kitabxanasında, Məşhəddəki Fərrux kitabxanasında, Tacikistan Elmlər Akademiyasında, Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kitabxanada (indiki Rusiya Milli Kitabxanası), İstanbuldakı Nuruosmaniyyə, Bayəzid və Əsəd Əfəndi kolleksiyalarında, İngiltərədəki Bodleian kitabxanasında, Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Ellis kolleksiyasında və s. saxlanan əlyazma nüsxələrini misal göstərmək olar.[11]
Bakı nüsxəsi. AMEA M.Füzuli adına Əlyazmalar İnstututunda əsərin son cildinin B-1696 və S-435 nömrəli iki əlyazma nüsxəsi mühafizə olunur. B-1696 nömrəli nüxsə malik kalliqrafik nəstəliq xətti ilə yazılıb. Səhifələri incə, sarımtıl və pardaxlıldır. Mətnin ətrafı qızılı haşiyələrlə çevrələnib. Vərəqlər sadə qələmlə, latın rəqəmləri ilə nömrələnib. Əlyazmanın 1 və 2-ci səhifələri zərli ornamentlərlə bəzədilmişdir. Mətni qara, başlıqları isə qırmızı mürəkkəblə yazılmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə XVII əsrin birinci yarısına aid edilir. Ölçüsü 24х14,5 sm, həcmi 265 vərəqdir. Əlyazma kitabı üzərində bərpa işlərinin aparıldığı və göy rəngli karton cildə salındığı müşahidə edilməkdədir. Bu nüsxədə bəzi boşluq və sistemsizliklər nəzərə çarpır. Həsən bəy Rumlu “Əhsənüt-təvarix”i h. 985-ci ilin hadisələrinə kimi davam etdirsə də, bəhs etdiyimiz Bakı nüsxəsində hadisələrin təsviri h. 982-ci ilin əhvalatları daxilində yer alan “Ölümlər” bölümündə, II Sultan Səlimin vəfatı ilə əlaqədar olan açıqlamalarda yarımçıq qalmışdır. Mətnin bu qismi Tehran çapının 1490-cı səhifəsinə uyğun gəlir və həmin nəşrdə əksini tapmış mətnin son səhifəsi olan 1556-cı səhifəyə qədər məlumatlar sözügedən Bakı nüsxəsində yer almamışdır.[9]
S-435 nüsxəsi. “Əhsənüt-təvarix” əsərinin digər bir əlyazma nüsxəsi M.Füzuli adına Əlyazmalar İnstitutunda S-435 şifrəsi ilə mühafizə edilməkdədir. Bu nüsxə nəstəliq xətti ilə sarımtıl dəftərxana kağızlarının tək üzünə köçürülmüş, açıq yaşıl rəngli karton cildə salınmışdır. Mətn qara mürəkkəblə, başlıqlar isə bəzən qara, bəzən qırmızı mürəkkəblə yazılmışdır. Səhifələr ərəb rəqəmləri ilə nömrələnmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə XX əsrin ortalarına aid edilə bilər. Ölçüsü: 30,3 x 18,5 sm., həcmi 235 vərəqdir. Müqayisələr nəticəsində bu nüsxənin Əlyazmalar İnstitutundakı B-1696 şifrəli digər nüsxədən köçürüldüyünü müəyyənləşdirilib. Belə ki, ilk nüsxədə olan boşluqlar, xronoloji ardıcıllığın pozulması kimi hallar, adların və istilahların yazılması zamanı yol verilmiş xətalar eyniylə bu nüsxədə də təkrar edilmişdir.[9]
Tərcümə və nəşrləri
1. B. Dorn tərəfindən ilk dəfə əsərin farsca mətnindən hissələr 1858-ci ildə "Xəzəryanı ölkələrin cənub sahillərinin tarixinə dair müsəlman mənbələri" adlı kitabda nəşr edilib.[11]
2. Ç.N. Seddon ilk dəfə əsərin sol cildinin elmi-tənqidi mətninin nəşr etdirib. Ç.N.Seddonun hazırladığı bu mətn və onun ingiliscə müxtəsər tərcüməsi 1930-cu illərdə Hindistanda Baroda Şərqşünaslıq İnstitutu tərəfindən iki cilddə işıq üzü görmüşdür. İlk cild əsərin farsca mətnini, ikinci cild isə ingiliscə qısa tərcüməsini əhatə edir.3. 1968-ci ildə Tehranda farsca mətni əhatə edən ilk cildi yenidən nəşr edilib.[12]
4. Ə. Nəvai tərəfindən hər iki cildin daha dolğun elmi-tənqidi mətni kitab halında nəşr edilib. Ə.Nəvainin hazırladığı bu kitab ilk dəfə iki cilddə (1349 / 1970-ci ildə ilk cildi və 1357 / 1978-ci ildə ikinci cildi) nəşr edilmişdir. 1384 / 2005-ci ildə həmin nəşr üç cild halında təkrar yayınlanmışdır. 1389 / 2010-cu ildə isə bu üç cildlik nəşr yenidən işıq üzü görmüşdür.[12]
5. A.K. Arends mənbənin Türkmənistan tarixi ilə bağlı hissələrinə Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında saxlanılan və Dornun kataloqunda 287 nömrəli əlyazma əsasında “Türkmənlərin və Türkmənistanın tarixinə dair materiallar” adlı toplunun 2-ci cildində yer vermişdir.[13]
6. Əsərin Gürcüstan tarixi ilə bağlı hissələri B. Dornun nüsxəsi əsasında V.S.Puturidze tərəfindən “Həsən Rumlunun Gürcüstan haqqında məlumatları” adı altında nəşr edilib.
7. Əsər 28.01.2005-ci il tarixli Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun qərarı ilə 2006-cı ilin oktyabrında Mürsel Öztürk tərəfindən türk dilinə tərcümə edilmiş və Türk Tarix Qurumunun (TTK) nəşri olaraq nəşr edilmişdir. Bu nəşr Nəvainin çapı əsasında hazırlanmışdır.[13]
Həsən bəy Rumlu tərcümə Mürsəl Öztürk. Ahsenü't-Tevârîh. Ankara. 2020. ISBN978-975-17-4595-8.
Quinn, Sholeh; Melville, Charles. Yarshater, Ehsan; Melville, Charles (redaktorlar ). Persian Historiography: History of Persian Literature A, Vol X (A History of Persian Literature). I.B.Tauris. 2012. ISBN978-1845119119.