Əbülhəsən Əli ibn Məhəmməd ibn Musa ibn Həsən ibn Fərat (ərəb. أبو الحسن علي بن محمد بن الفرات; 855 – 924, Bağdad) — Abbasi xəlifəsi Müqtədirin dövründə üç dəfə vəzirlik etmiş dövlət xadimi. Əli bacarıqlı maliyyə inzibatçısı və böyük qardaşı Əhmədin müavini kimi nüfuz qazanmışdır. Nəhayət, o, Müqtədirin xəlifəliyi dövründə iki böyük və rəqib saray fraksiyasından Bənülfərata başçılıq etmişdir. Bunun digəri baş komandan Munis Müzəffər və vəzir Əli ibn İsa ibn Cərrahın ətrafındakı məmurlar qrupu idi.
İbn Fərat 908–912-ci illərdə vəzir vəzifəsini davam etdirərək 908-ci ildə Müqtədirin xəlifə seçilməsində mühüm rol oynamışdır. Bu müddət ərzində o, Fars vilayətini yenidən xilafətin tərkibinə qatmağa və Azərbaycanda hakimiyyət sürən Sacilər üzərində hakimiyyəti müəyyən qədər bərpa etməyə nail olmuşdur. İbn Fərat 917–918-ci illərdə ikinci dəfə vəzifə kimi xidmət etdikdən sonra varisi tərəfindən həbs edilmiş və 923-cü ildə azad edilmişdir. O, çox keçməmiş, üçüncü və sonuncu dəfə vəzir olmuşdur. Üçüncü dəfə vəzifədə olduğu müddətdə rəqiblərinə qarşı vəhşiliyi və qərmətilərlə münaqişədə hərbi uğursuzluqlar onun oğlu Mühəssin ilə birlikdə 18 iyul 924-cü ildə edam edilməsinə səbəb olmuşdur.