1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar ərzidə abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər.[5]
30 iyun 1959-cu il tarixində Marquşevan kəndinin adı dəyişdirilib Leninavan adlandırılmışdı[2][3]. Digər mənbəyə görə, indiki Şıxarx 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir[5].
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 yanvar 1966-cı il tarixli Fərmanı ilə Leninavan kəndini şəhər tipli qəsəbələr kateqoriyasına keçirmək, şəhər tipli Leninavan qəsəbəsində qəsəbə Soveti yaratmaq, Leninavan kənd Sovetini ləğv etmək, şəhər tipli Leninavan qəsəbəsi ilə birləşdiyi üçün Marağa kəndini yaşayış məntəqələri siyahısından çıxarmaq haqqında o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı[8][9].
Qarabağ münaqişəsinin başlamasından əvvəl Azərbaycan SSR 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Leninavan şəhər tipli qəsəbəsi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan qəsəbə Sovetinin mərkəzi kimi göstərilir[10].
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı[11]. Daha sonra, Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.[12] Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[13]. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır[1], bununla yaşayış məntəqəsinə ərazidəki Şıx arxının adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır[5].
Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə[14]Ağdərə rayonu yenidən yaradılmış[15], və Şıxarx qəsəbə inzibati ərazi dairəsi, tərkibindəki Şıxarx qəsəbəsi ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilibdir[14].
Tarixi
1990-cı illər
1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdır. İki gün davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək etmişdir.[16] Bu əməliyyat nətiçəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmamış və 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli olmuşdur. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi[17]. Həmin ermənilər daha sonra Ağdam rayonu ərazisində Birinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş və separatçı rejim tərəfindən Nor Marağa (Yeni Marağa) adlandırılmış Qızıl Kəngərli kəndində Qarabağ ərazisində yaşamağa davam etdilər. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata görə Ağdam rayonu Azərbaycana qaytarıldı, və həmin zaman da vaxtilə məskunlaşmış erməni əhali kəndi tərk etdi.[18]
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış məhəlləsi tikilib. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır.[21]
Coğrafiyası və iqlimi
Qəsəbə Tərtərçayın sahilində, Qarabağ düzündə, rayon mərkəzindən 5 kilometr qərbdə, Tərtər-İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi 3 min 29 hektardır.[22]
Əhalisi
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şıxarx qəsəbəsində əhali yaşamırdı.[23]
2013-cü ildə Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatda idi. Burada 37 nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayırdı.[22]
2017-ci ildən Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə 1176 ailə yaşayır.[24]
↑Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.