İbrahim Zeynalov (tam adı: Zeynalov İbrahim Xudaverdioğlu; 5 fevral 1954, Aşağı Ayıblı, Tovuz rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.
İbrahim Zeynalov 5 fevral 1954-cü ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1971-cı ildə Tovuz rayonunda orta məktəbi bitirmişdir. 1980-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir.
1980–82-ci illərdə Tovuz rayonu Xəlfəli kəndində tarix müəllimi işləmişdir. 1972–74-ci illərdə ordu sıralarında ADR-də xidmət etmişdir. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.
1986-ci ildən Bakı Dövlət Universiteti Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1986-cı ildə "Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti" mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1999-cu ildə "Azərbaycanın iqtisadi və sosial inkişafı (1970–1980-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, 2000-ci ildən həmin kafedranın professoru vəzifəsini icra edir.
118 adda elmi məqalənin, 4 monoqrafiyanın, 12 kitabın müəllifidir.