Ərəbzadə Mehmed Arif Əfəndi (1740, İstanbul – 14 may 1826, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. Atası Ataullah Əfəndi özü kimi şeyxülislam olmuşdur.
Həyatı
1740-cı ildə dünyaya gəlmişdir. Atası I Əbdülhəmid səltənətində şeyxülislam olmuş Ərəbzadə Ataullah Əfəndidir. İlk təhsilini atasından və dönəmin önəmli alimlərindən almış, dini təhsilini də tamamladıqdan sonra 1785-ci ildə Yenişəhər, bir müddət sonra Məkkə, 1789-cu ildə isə İstanbul qazısı olmuşdur. 1795-ci ildə Anadolu, 1800-cü ildə isə Rumeli başqazılığına təyin edilmiş, vəzifə müddəti başa çatdıqdan bir müddət sonra ikinci dəfə Rumeli başqazılığına gətirilmişdir.
III Səlimin taxtdan endirilməsi və IV Mustafanın cülusunun ardından şeyxülislamlıq rütbəsində də dəyişiklik edildi və Ərəbzadə Mehmed Arif Əfəndi şeyxülislamlığa yüksəldi (21 iyul 1808). Cəmi 25 gün davam edən şeyxülislamlığı olduqca çətin və böhranlı keçdi. Belə ki, İstanbula gələn və Sultan Səlimi yenidən taxta çıxarmağı planlaşdıran Ələmdar Mustafa Paşa öncəliklə Çələbi Mustafa Paşadan zorla sədarət möhürünü aldı. Ardından şeyxülislam Arif Əfəndini çağıraraq Sultan Mustafanı yola gətirməsini və elçi olaraq saraya getməsini tələb etdi. Ancaq Sultan Mustafanın qəzəbindən çəkinən Arif Əfəndi bu təklifi qəbul etməmiş, nəticədə Ələmdar Mustafa Paşa tərəfindən təhqir edilmişdir. Bundan acıqlanan Arif Əfəndi bu dəfə də paşanı şikayət etmək üçün Sultan Mustafanın hüzuruna çıxmış, ancaq ikiüzlülük və üsyançıları təhrik etməklə günahlandırılmışdır. Nəticədə hər iki tərəfin də qəzəbinə uğrayan Arif Əfəndi köşkünə çəkildi və cərəyan edən hadisələrə qarışmadı. Bir neçə gün içərisində Ələmdar Mustafa Paşa və tərəfdarları saraya basqın təşkil etdi. Sarayda Sultan Səlimin cansız bədəniylə qarşılaşan üsyançılar padşahın kiçik qardaşı Şahzadə Mahmudu taxta çıxardılar (28 iyul 1808).
Taxt dəyişikliyinin ardından 15 avqust 1808-ci ildə Arif Əfəndi vəzifədən alındı. Geri qalan həyatını elmə həsr edən Arif Əfəndi 14 may 1826-cı ildə İstanbulda vəfat etdi. Cənazəsi atası və digər yaxınlarının da dəfn edildiyi Sənan Paşa mədrəsəsinin həyətinə dəfn edildi.
Mənbə
- Devhatü’l-meşâyih, s. 120–122.
- Cevdet, Târih, VIII, 30; XII, 141–142.
- İlmiyye Salnâmesi, s. 573–575.
- Pakalın, I, 79.
- İTA, I, 498–500.
|
---|
Ailəsi | | |
---|
Sədrəzəmlər | |
---|
Şeyxülislamlar | |
---|