Əli Sultan oğlu Məmmədov 1908-ci ildə Zəngəzur qəzasının (sonralar Meğri rayonunun) Maralzəmi kəndində anadan olmuşdur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, qonşu kəndlərdə muzdurluq etmiş, eyni zamanda müstəqil şəkildə təhsilini artırmışdır.[1]
Əli Məmmədov 1927-ci ildən bir sıra məsul vəzifələrdə işləmişdir. O, Meğri rayonunun Vardanizor kənd sovetinin sədri, Nüvədi kəndində kolxoz sədri, Meğri Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Ermənistan Kommunist Partiyası Meğri Rayon Komitəsinin ikinci katibi olmuşdur.[1]
1946-cı ildə Əli Məmmədov Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi seçilmiş, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq 1950-ci ildə bu vəzifədən azad edilərək Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədri vəzifəsinə keçirilmiş, 1952-ci ildə isə oxumağa göndərilməsi adı ilə bu vəzifədən azad edilmişdir.[2]
Əli Məmmədov 1955-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında üçillik partiya məktəbini bitirdikdən sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır.[1]