İsveçrə Federal Texnologiya İnstitutu

İsveçrə Federal Texnologiya İnstitutu
ETHZ, EPFZ, PF di Zurigo, SPFT, チューリッヒ工科大学, 苏黎世理工, 蘇黎世理工, ВТШ Цюриха
Eidgenössische Technische Hochschule Zürich
Loqonun şəkli
Xəritə
47°22′35″ şm. e. 8°32′52″ ş. u.HGYO
Əsası qoyulub 1855
Tip Dövlət universiteti
Tələbə sayı 15093
Şəhər Sürix
Ölkə
Sayt ethz.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsveçrə Federal Texnologiya İnstitutu (alm. Eidgenössische Technische Hochschule Zürich‎, ing. Federal Institute of Technology Zurich) — Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir.

İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir.

Tarixi

7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal parlamenti "Dəqiq, siyasi və humanitar elmlər məktəbi ilə birgə Federal politexnik məktəbin yaradılması haqqında" qanun qəbul edir. Federal politexnik məktəb 16 oktyabr 1855-ci ildən fəaliyyətə başlayır və Sürix şəhərindəki müxtəlif binalarda ilk dərslər keçirilir. Məktəbin əsas məqsədi milli infrastrukturun gələcəyini qurmaq, bütün sahələr üzrə ölkədə peşəkarlıq səviyyəsini və milli elitanın karyerasını inkişaf etdirməkdir. Məktəb yeni binaya köçmək üçün memarlar arasında müsabiqə təşkil edir və nəticədə memar Qotfrid Zemper qalib gəlir. 1858-1864-cü illərdə onun layihəsi əsasında ali məktəbin binaları tikilir.

1911-ci ildən Politexnik Məktəbi Federal Texnologiya İnstitutu adlanır. İnstitut rəhbərliyi Sürix şəhərində böyük tikinti layihələri həyata keçirir.

1908-ci ildə Federal Texnologiya İnstitutu tələbələrinə doktorluq dərəcəsi vermək hüququ qazanır və bir il sonra ilk dəfə olaraq altı kimyaçı tələbəyə bu dərəcə verilir.

I Dünya müharibəsindən sonra Federal Texnologiya İnstitutu fəaliyyətini daha da genişləndirir. 1929-cu ildə institutun nəzdində Hidravlik laboratoriya və İqtisadi Biznes İnstitutu, 1933-cü ildə Texniki Fizika İnstitutu, 1937-ci ildə Afif Sənaye Tədqiqatları Departamenti açılır. 1936-cı ildə institutun prezidenti Artur Ron "İnnovativ fəaliyyət siyasəti" proqramını hazırlayır, nəticədə 1942-ci ildə İsveçrə Milli Elm Fondu yaradılır.

1965-ci ildə Federal Texnologiya İnstitutu ərazisinin genişləndirilməsi, yeni korpusların, fakültələrin açılması və s. məqsədlərlə bağlı layihələr həyata keçirir. İnstitut bunun üçün dövlətdən 444 milyon frank məbləğində kredit alır.

Tarixə kompüter, qloballaşma dövrü kimi düşən XX əsrin sonlarında hər bir universitet müxtəlif layihələr həyata keçirməyə başlayır. Federal Texnologiya İnstitutu da baş verən yenilikləri, gedən prosesləri nəzərə alaraq, 1981-ci ildə İnformatika və materialşünaslıq, 1987-ci ildə isə Ekologiya elmləri departamentləri yaradır. 1989-cu ildə institut müxtəlif departament və idarələrə bölünür.

1990-cı illərin sonlarından başlayaraq institut Boloniya islahatları çərçivəsində iş aparır. 1993-cü illərdə Federal Texnologiya İnstitutunun departamentləri tədricən büdcə müstəqilliyi əldə edir. İnstitut qlobal şəbəkəyə qoşulur, informasiya texnologiyalarını modernləşdirir və elmi-texniki bazasını genişləndirir.

Hazırda Federal Texnologiya İnstitutu dünyanın ən sürətlə inkişaf edən təhsil mərkəzlərindən biridir. Əbəs yerə deyil ki, institut bura gələnləri aşağıdakı sözlərlə qarşılayır: "Sabahın dünyasına xoş gəlmisiniz!"

Müasir vəziyyəti

İsveçrə Federal Texnologiya İnstitutu iki kampusdan ibarətdir. Əsas kampus 1860-cı ildə Sürix şəhərinin mərkəzində yaradılıb. Memar Qotfrid Zemper tərəfindən inşa edilmiş bu kampusun binaları neoklassik üslubda tikilib. Yeni kampus isə 1964-1976-cı illərdə şəhərin kənarındakı Hönqerberq ərazisində yaradılıb. Kampusun ərazisinin sonuncu dəfə genişləndirilməsi 2003-cü ilə təsadüf edir və burada Materialşünaslıq, Memarlıq, İnşaat, Fizika, Biologiya və Kimya departamentləri yaradılır. Hönqerberq kampusunu "Elm şəhəri" də adlandırırlar.

İsveçrə Federal Texnologiya İnstitutunun nəzdində aşağıdakı departamentlər fəaliyyət göstərir:

Memarlıq və inşaat elmləri departamentinə Memarlıq, Vətəndaş, Ekoloji və Geomatik mühəndislik məktəbləri daxildir.

Mühəndislik departamenti Biosistemlər, Kompüter elmləri, İnformasiya texnologiyaları və elektrotexnika, Mexanika və proses mühəndisliyi, Materialşünaslıq məktəblərindən ibarətdir.

Dəqiq elmlər və riyaziyyat departamentində Biologiya, Kimya və tətbiqi bioelmlər, Riyaziyyat, Fizika məktəbləri fəaliyyət göstərir.

Sistemli istiqamətləşdirilmiş elmlər departamentinə Kənd təsərrüfatı və sənaye, Yer elmləri, Environika məktəbləri daxildir.

Menecment və sosial elmlər departamenti İdarəetmə və informasiya texnologiyaları, İqtisadiyyat, Humanitar və sosial-siyasi elmlər məktəblərindən ibarətdir.

Federal Texnologiya İnstitutu sadalanan ixtisaslar üzrə bakalavr və magistr hazırlayır. Tədris Boloniya prosesinə, akademik nailiyyətlər isə kredit sisteminə əsasən aparılır.

İnstitut dünyanın bir sıra universitetləri ilə sıx əməkdaşlıq edir, bu ali məktəbin tələbələri təhsillərini dünyanın müxtəlif universitetlərində davam etdirmək imkanına malikdirlər. İnstitut tələbələrə, əlavə olaraq 15 master proqramı (Statistika, Müqayisəli incəsənət və beynəlxalq tədqiqatlar (MACIS), Maliyyə sahəsi, Kompüter elmləri, Mikro və Nanosistem və s. sahələr üzrə), 130 tədris kursu təklif edir. Burada, eyni zamanda müəllimlər, digər əməkdaşlar üçün kurs və proqramlar həyata keçirilir. Həmin proqramlar, əsasən, pedaqogika, yeni texnologiyalardan istifadə, informatika, xarici dillər, tədris və liderlik bacarıqlarının öyrədilməsi sahələrini əhatə edir.

İsveçrənin ən böyük kitabxana sistemi Federal Texnologiya İnstitutunun kitabxanasıdır. Kitabxanaya 6,9 milyon kitab, əlyazma, jurnal, xəritə, audiovizual material, verilənlər bazası və s. daxildir. Sistem İnternet şəbəkəsinə qoşulub, oxucular "Sourcing" adlanan kataloq üzrə elmi ədəbiyyat toplusu ilə tanış olmaq imkanına malikdir. İnstitutun əsas kitabxanası olan Tökmə kitabxanada memarlıq, inşaat texnikası, sənaye, mexanika, elektronika, kompüter elmləri, kənd təsərrüfatı, maşınqayırması, kənd və meşə təsərrüfatı, yerşünaslıq, biologiya, kimya, əczaçılıq, fizika, riyaziyyat, bədən tərbiyəsi və idman, nəqliyyat, materialşünaslıq, environika və digər sahələrə aid kitablar mövcuddur. Federal Texnologiya İnstitutunun nəzdində əsas kitabxanadan əlavə, Enerji texnologiyaları, Kənd təsərrüfatı iqtisadiyyatı, İnşaat texnikası, İnşaat materialları, Avtomatika, Müqayisəli və beynəlxalq tədqiqatlar mərkəzi, Kimya, biologiya və əczaçılıq, Elektroenerji vericisi, Hidrodinamika, Geotexnika, Tarix, Ən yeni tarix arxivləri, Tomas Mann adına arxiv, Memarlığın tarixi və nəzəriyyəsi, Yeraltı sular və hidromexanika, Yüksək enerji fizikası, İnformasiya texnologiyaları və elektrotexnika, Kompüter elmləri, Kartoqrafiya, Kommunikasiya texnologiyaları, İntellektual mülkiyyət sahəsində perspektiv tədqiqatlar, Riyaziyyat, Fizika, Mexaniki sistemlər və texnologiya strukturu, Metal və metallurgiya tədqiqatları, Mikrobiologiya, Əməliyyat tədqiqatları, Kənd memarlığı, Sənaye, Menecment, Nəqliyyat planlaşdırması, Aerotermokimya və yanacaq sistemi, Hidravlika, hidrologiya və qlyasiologiya, Meşə, qar və landşaft tədqiqatları, WIF, Sant-Hallen, Paul Şerer, Lozanna, DES plazma və s. kitabxanalar fəaliyyət göstərir.

Sürix gölünün və Limmat çayının sahilində yerləşən, qarlı dağlarla əhatə olunan Sürix gözəl və təhlükəsiz şəhərdir. Federal Texnologiya İnstitutu İsveçrənin bölgələrindən, xarici ölkələrdən olan tələbələri, doktorantları, müəllimləri və s. əməkdaşları bu şəhərdə yaşayış yeri ilə təmin edir. Bunun üçün 8 gün öncə "Einwohnerkontrolle" və "Kreisbüro" adlanan, 1864-cü ildən fəaliyyət göstərən mənzil xidməti idarəsinə müraciət edilməli, İsveçrə Federal Texnologiya İnstitutunda təhsil almağı və ya işləməyi təsdiq edən sənəd təqdim olunmalıdır. Mənzil xidməti idarəsi isə onlara tələbə yataqxanaları, çoxmənzilli binalar və ayrıca evlər təklif edir, müraciət edən şəxslər isə istədiyi mənzili seçmək hüququna malik olurlar. Bu mənzillərdə 6 aylıq yaşayış haqqı 8.00 CHF (İsveçrə frankı) təşkil edir. Şəhərin ictimai nəqliyyatı olduqca rahat və sürətlidir, sərnişinlərə yüksək səviyyədə xidmət göstərir.

Büdcə xərcləri və təhsil haqqı

İsveçrə Federal Texnologiya İnstitutunda bakalavr və magistr pilləsində təhsil haqqı 580 CHF, bir semestr təhsil haqqı isə 30 CHF təşkil edir. ötən il İsveçrə Federal Texnologiya İnstitutunun büdcəsi 1 milyard 263,8 milyon İsveçrə frankı təşkil edib.

Xarici əlaqələri

İnstitut Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.[1]

Reytinqi

"Academic Ranking of World Universities"dəki yeri:[2]
2003[3] 2004[4] 2005[5] 2006[6] 2007[7] 2008[8] 2009[9] 2010[10] 2011[11] 2012[12] 2013[13] 2014[14] 2015[15]
25 27 27 27 27 24 23 23 23 23 20 19 20
"QS World University Rankings"dəki yeri:
2015/16[16] 2014/15[17] 2013/14[18] 2012/13[19] 2011/12[20] 2010/11[21]
9 12 12 13 18 18
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[22] 2014/15[23] 2013/14[24] 2012/13[25] 2011/12[26] 2010/11[27]
9 13 14 12 15 15

İnstitutun Nobel mükafatı laureatları

1867-ci ildə İsveç kimyaçısı, mühəndis Alfred Nobel dinamiti kəşf edir. Bu kəşf dünyada böyük səs-küyə səbəb olur, hətta Nobelə bundan sonra "ölüm satan" ləqəbi də verilir. 1888-ci ildə mətbuatda A.Nobelin vəfatı ilə bağlı nekroloq nəşr edilir. Onun ölümü barədə qeyri-dəqiq məlumatların yayılmasından sonra 27 noyabr 1895-ci ildə Nobel Parisdə yerləşən İsveç-Norveç klubunda vəsiyyətnamə hazırlayır. O, vəsiyyətnaməsində var-dövlətinin yarısını hər il fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə əldə edilmiş mühüm nailiyyətlərə, inqilabi ixtiraya və cəmiyyətin, mədəniyyətin inkişafına böyük töhfə vermiş şəxslərə milliyyətindən asılı olmayaraq mükafat təqdim olunmasını qeyd edir. 1900-cü ildə ilkin olaraq 31 milyon İsveç kronu məbləğində vəsaitə malik Nobel Fondu yaradılır. 2007-ci ildə bu fondun kapitalı təxminən 560 milyon ABŞ dolları təşkil edib.

Nobel mükafatının ilk təqdimetmə mərasimi 10 dekabr 1901-ci ildə baş tutur. 1969-cu ildən başlayaraq iqtisadiyyat sahəsi üzrə də mükafat təqdim edilib. Laureat mükafatlandırma zamanı "Nobel memorial mühazirəsi" ilə çıxış etməlidir və həmin çıxış sonradan xüsusi kitabda nəşr edilir.

1901-ci ildən bu günə qədər Federal Texnologiya İnstitutu dünyaya 21 Nobel mükafatı laureatı bəxş edib. Onlar universitetin məzunları və burada çalışan professorlar olub. Fizika sahəsində dünyanın tanınmış alimləri Albert Eynşteyn və Vilhelm Rentgen bu institutun ən məşhur məzunlarındandır.

Hazırda İsveçrə Federal Texnologiya İnstitutunun prezidenti, professor Ralf Eyxlerdir. O, eyni zamanda institutun İcraçılar Şurasına rəhbərlik edir. İnstitutda 372 professor, 9049 inzibati işçi çalışır.

İnstitutun tələbələrinin ümumi sayı 15093 nəfərdir. Onların 30%-ni əcnəbi, 30,5 %-ni isə qız tələbələr təşkil edir. İnstitutda 3171 nəfər magistr və doktorant təhsil alır. Federal Texnologiya İnstitutu İsveçrənin digər universitetləri kimi isveçrəli tələbələri qəbul imtahanı keçirmədən qəbul edir. Bu institutun tələbəsi olmaq üçün matura (Avstriya, Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, çexiya, Macarıstan, İtaliya, Lixtenşteyn, Makedoniya, Polşa, Serbiya, Slovakiya, Ukrayna və İsveçrə orta məktəblərində buraxılış imtahanları) nəticələrini təqdim etmək lazımdır. Əcnəbi tələbələr ümumi imtahan verdikdən sonra instituta qəbul olunur. İnstitutda abituriyentin riyazi biliklərinə diqqət yetirilir və tədris ərzində də bu fənn xüsusi öyrədilir. Bakalavr pilləsi 6, magistr pilləsi 3 semestrdən ibarətdir. Sonuncu semestr dissertasiyanın yazılmasına sərf edilir. Bir tədris ili 2 semestrə bölünür. Birinci kursun ikinci semestrinin sonunda tələbələr "Basisprüfung" adlanan imtahan verirlər. Tələbələrin əksəriyyəti bu imtahanı uğurla verirlər. İmtahandan kəsilən tələbələr onun çətinliyini nəzərə alaraq, ikinci dəfə bu sınaqdan keçməkdən imtina edirlər. İnstitutda dərslər alman və ingilis dillərində keçirilir.

İsveçrənin bir sıra nüfuzlu universitetlərində azərbaycanlı tələbələr təhsil alır, lakin İsveçrə Federal Texnologiya İnstitutunda oxuyan tələbələr arasında azərbaycanlı gənclərin adları yoxdur.

İsveçrə Federal Texnologiya İnstitutu tətbiqi elmlər sahəsində fundamental tədqiqatlara malikdir. İnstitut tələbələrini insan, təbiət və texnologiyalar arasındakı münasibətlərə yeni prizmadan baxmağı öyrədir, elmin davamlı inkişafını təkcə milli zəmində deyil, dünyəvi şəkildə təmin edir. İsveçrə Federal Texnologiya İnstitutunun tələbələri gələcəyin yüksək səviyyəli karyera əldə edən mütəxəssislərinə çevrilir.

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  1. Vilhelm Konrad Rentgen – fizika üzrə Nobel mükafatı laureatı (1901-ci il)
  2. Alfred Verner – kimya üzrə Nobel mükafatı laureatı (1913-cü il)
  3. Riçard Vilştetter – kimya üzrə Nobel mükafatı laureatı (1915-ci il)
  4. Fris Haber – kimya üzrə Nobel mükafatı laureatı (1918-ci il)
  5. Şarl Eduard Hiyom – fizika üzrə Nobel mükafatı laureatı (1920-ci il)
  6. Albert Eynşteyn – fizika üzrə Nobel mükafatı laureatı (1921-ci il)
  7. Peter Debay – kimya üzrə Nobel mükafatı laureatı (1936-cı il)
  8. Rixard Kun – kimya üzrə Nobel mükafatı laureatı (1938-ci il)
  9. Leopold Rujiçka – kimya üzrə Nobel mükafatı laureatı (1939-cu il)
  10. Otto Ştern – fizika üzrə Nobel mükafatı laureatı (1943-cü il)
  11. Volfqanq Pauli – fizika üzrə Nobel mükafatı laureatı (1945-ci il)
  12. Tadeuş Rayxşteyn – tibb üzrə Nobel mükafatı laureatı (1950-ci il)
  13. Feliks Blox – fizika üzrə Nobel mükafatı laureatı (1952-ci il)
  14. Herman Ştaudinger – kimya üzrə Nobel mükafatı laureatı (1953-cü il)
  15. Vladimir Preloqa – kimya üzrə Nobel mükafatı laureatı (1975-ci il)
  16. Verner Arber – tibb üzrə Nobel mükafatı laureatı (1978-ci il)
  17. Henrix Rorer – fizika üzrə Nobel mükafatı laureatı (1986-cı il)
  18. Georq Bednors – fizika üzrə Nobel mükafatı laureatı (1987-ci il)
  19. Aleksandr Müller – fizika üzrə Nobel mükafatı laureatı (1987-ci il)
  20. Riçard Ernst – kimya üzrə Nobel mükafatı laureatı (1991-ci il)
  21. Kurt Vütrix – kimya üzrə Nobel mükafatı laureatı (2002-ci il)

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org  (ing.)
  2. "ARWU - Swiss Federal Institute of Technology Zurich". Shanghai Ranking Consultancy. 2014. 2015-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  3. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  4. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  5. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  16. "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  17. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  18. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  19. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  20. "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  21. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  22. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  23. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  24. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  25. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  26. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  27. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!