İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulmuşdur.[1][2] Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir. Hər iki ölkə bir-biri ilə hərbi, strateji və diplomatik sahələrdə əməkdaşlığa sahibdir.[3][4] 1990-cı illərdə tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən İsrail Hərbi Hava Qüvvələri Türkiyə ərazisində uçuş praktikası həyata keçirir, qarşılığında İsrailli silah mütəxəssisləri Türkiyə HHQ-nə məxsus döyüş təyyarələrinin modernizasiyası işləri ilə məşğul olurdu.[5]
Türkiyədə Rəcəb Tayyib Ərdoğan ölkənin baş naziri vəzifəsinə təyin olunduqdan sonra İsrail və Türkiyə arasındakı münasibətlərdə zəifləmə baş vermişdir. Ərdoğanın İsrailə ilk səfəri 2005-ci ilə təsadüf edir. İki ölkənin münasibətləri xüsusilə 2008–2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi və 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində daha da pisləşmişdir. 2013-cü ilin mart ayında İsrail hökuməti hücuma görə üzr istəmiş və diplomatik əlaqələrin yenidən bərpa olunması ilə bağlı cəhd etmişdir.[6]ABŞ-nin da bu sahədə olan dəstəyinə baxmayaraq, 2013-cü ilin sonlarına doğru tərəflər arasındakı münasibətlər hələ də gərgin olaraq qalırdı. 2013-cü ilin oktyabrında İranda olan İsrail xüsusi xidmət orqanlarına xidmət edən əməkdaşların aşkara çıxarılmasında Türkiyənin də rolunun olması İsrail və Türkiyə arasındakı əlaqələrə ciddi zərbə vurmuşdur.[7]
2015-ci ilin dekabr ayında Türkiyə və İsrail dövlətləri əlaqələri yenidən bərpa etmək məqsədilə gizli danışıqlara başlamışdır. 27 iyun 2016-cı il tarixində iki dövlət əlaqələrin normallaşdırılması məqsədilə razılığa gəlmişdir.
Türkiyə ərazisində çox qədim tarixlərdən etibarən yəhudi xalqının yaşadığı məlumdur. 1491-ci ildə 200,000 nəfərdən çox yəhudi İnkvizisiya tərəfindən İspaniyadan çıxmağa məcbur olduqdan sonra onların əksər hissəsi Osmanlı İmperiyası ərazisində məskən salmışdır. Bu tarixdən etibarən yəhudilər Osmanlı tarixində çox vacib rol oynamağa başladılar. Xüsusilə də XVI əsrdə yəhudilər Osmanlı sarayında həkim, diplomat və başqa vəzifələri tutmuşdur. Bu tarixdən sonra yəhudilərin saraydakı təsirləri azalsa da, Osmanlı tarixi boyunca ticarət, sənaye və bankçılıq kimi sahələrdə həmişə ön planda qaldılar.
1923-cü ildə Türkiyə Respublikası müstəqillik əldə etdikdən sonra da türk və yəhudi xalqları arasındakı mövcud münasibətlər daha da inkişaf etdirildi.
Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər 1949-cu il mart ayının 28-i qurulmuşdur. Həmin vaxt Türkiyə İsrail dövlətini tanıyan yeganə müsəlman ölkəsi idi. Atılmış bu addım iqtidarda olan elitanın yalnız siyasi düşüncələri ilə izah olunurdu. O dövrdə Türkiyədə ictimai fikrin ümumi əhval-ruhiyyəsi bütövlükdə islam dünyasının mövqeyi ilə üst-üstə düşürdü. Məhz bu səbəbdən uzun müddət iki dövlət arasındaki münasibətlər formal olaraq qalırdı.
İlkin dövrlər
Türkiyə-İsrail siyasi-diplomatik münasibətlərinin qurulmasını şərtləndirən əsas amil həmin dövrdə hərbi-siyasi blokların formalaşması idi. Türkiyə Qərbyönümlü blokda aktiv yer tutmağa ümid edirdi. Burada əsas faktorlardan biri Türkiyəyə qarşı kommunizm təhlükəsi idi. İsrail isə ABŞ-nin dəstəyindən açıq şəkildə istifadə edirdi. Diplomatik münasibətlərin qurulması eyni cəbhədə olan dövlətlərin bir növ "öhdəliyi" kimi də qiymətləndirilə bilər. Beləliklə, "Soyuq müharibə dövründə Türkiyə-İsrail münasibətlərinin qurulması birbaşa Türkiyənin ABŞ və NATO ilə münasibətlərindən asılı idi. İsrail tərəfi Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsində Ərəb dünyasına qarşı potensial bir müttəfiq qazanmaq niyyəti güdürdü. İsrailin ilk baş naziri David Ben-Qurion Türkiyəni İsrailin ərəb düşmənlərini arxadan əhatə edən dövlətlər sırasında görürdü. İslam dünyasından təcrid olunmaqdan çəkinən Türkiyə üçün isə xarici siyasətin hər iki istiqaməti ayrılmaz idi. Bu məqamda onu da qeyd edək ki, ABŞ və NATO Türkiyə ilə İsrail arasındakı əlaqələrdə bir vasitəçi rolunu oynamağa üstünlük verirdi.
Ankara tərəfindən yəhudi dövləti tanındıqdan sonra Türkiyə-İsrail münasibətlərində ilk ən yaddaqalan hadisə 29 avqust 1958-ci ildə İsrailin baş naziri David Ben-Qurionla Türkiyənin baş naziri Adnan Menderesin məxfi görüşü idi. Bu görüşdə iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi, bir-birinin hərbi inkişafına dəstək, həmçinin ölkələr arasında mümkün ola biləcək ittifaqın yaradılması istiqamətində müsbət ictimai rəyin formalaşdırılması üçün hər iki ölkədə təbliğat işlərinin aparılmasını nəzərdə tutan "periferiya paktı" adlı sənədə dair razılıq əldə olundu.
Bu hadisə bütövlükdə Türkiyə-İsrail əlaqələri üçün bir neçə səbəbdən mayak rolunu oynayır. Birincisi, məhz həmin vaxt dövlətlərarası əməkdaşlığın daha perspektivli inkişaf sahələri (hərbi və kəşfiyyat məlumatlarının mübadiləsi) müəyyən edilmişdi. İkincisi, hər iki baş nazirin elə birinci görüşündə ikitərəfli münasibətlərin əsas problemi hər iki ölkə əhalisi, xüsusən də müsəlman Türkiyə tərəfindən bu ittifaqın qəbul edilməməsi idi. Görüşün məxfi və qeyri-rəsmi keçirilməsi də bunu sübut edir. Hər iki rəhbər başa düşürdü ki, əsas maneəni ləğv etmədən əlaqələrin inkişafı mümkün deyil.
Türkiyədə baş vermiş sonrakı hadisələrin inkişafı ittifaqın qurulmasının ilk cəhdinin uğursuzluğunu nümayiş etdirdi. Buna əsas səbəb məhz Menderes hökumətinin siyasəti ilə ictimai rəyin mövqeyi arasındakı fərq idi. 1960-cı ildə Türkiyə ilk dəfə həddən artıq Qərbyönümlü və İsrailə sərfəli siyasi kursun təhlükəsini hiss etdi. Mayın 27-də ölkədə dövlət çevrilişi baş verdi.
Ərəb dünyası ilə əlaqələrin normallaşdırılması xəttindən çıxış edərək, Türkiyə hökuməti "altı günlük müharibədə İsrailin uğurlarını ittiham etdi və işğal olunmuş ərazilərin tərk edilməsi tələbini irəli sürdü. 1967-ci ilin iyun ayında isə Türkiyə hökuməti Ərəb dövlətləri birliyinə qoşuldu. Lakin Türkiyə birliyə qoşulmaq haqqında sənədə imza atarkən İsraili "işğalçı dövlət" kimi tanıyan maddənin imzalanmasından imtina etdi. Türk diplomatiyası formalaşmış şəraitdə manevr qabiliyyətini qoruyub saxlamaq xəttinə sadiq qaldı.
Bu hadisələr İsrail rəhbərliyi üçün Türkiyə ilə ikitərəfli əməkdaşlığın yenidən qurulmasının istisna olmadığını göstərdi. Türkiyə rəhbərliyi İsraillə əlaqələrin tam kəsilməsini zəruri bilmədi. Bununla da Türkiyə İsrailin potensial müttəfiq hesab etdiyi "ikinci dairə" ölkələrinə aid edilən daha perspektivli ölkə hesab edildi. Növbəti dəfə bu fakt öz təsdiqini 1969-cu il hadisələrində tapdı. Həmin il Mərakeşin paytaxtı Rabatda keçirilən İslam Konfransı Təşkilatının sessiyasında Türkiyə rəsmi olaraq İsraillə diplomatik əlaqələrin ləğvinə çağırış edən qərarı rədd etdi.
Bütün bunlara baxmayaraq, Türkiyə-İsrail münasibətlərinin inkişafında növbəti mərhələyə start verilmədi. İki ölkə arasında əlaqələrin ümumi səviyyəsi çox aşağı idi. İqtisadi, maliyyə və ticarət sahələrindəki əlaqələrdə inkişaf yox idi. Hərbi-siyasi əlaqələr və kəşfiyyat orqanlarının dialoqu Türkiyədə daxili-siyasi həyatın qeyri-sabitliyi səbəbindən kəsilmişdi. 1970-ci illərin əvvəllərində də əlaqələr əvvəlki dövrlərdə olduğu kimi qalmışdı. İsrail hökuməti ölkədaxili siyasi dəyişikliklərdən asılı olmayaraq, Türkiyə ilə ilk növbədə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına maraq göstərirdi. Türkiyə rəhbərliyi isə İsrail tərəfi ilə əlaqələri qoruyub saxlayır, amma bununla belə əlaqələrin gücləndirilməsindən qaçır və şəxsi təşəbbüslərlə çıxış etmirdi.
Beləliklə, 1970-ci illərin əvvəllərində elə bir vəziyyət yaranmışdı ki, Türkiyə ilə İsrail arasında nəzəri olaraq mümkün ittifaqın yaranmasına böyük potensial olduğu halda, praktiki cəhətdən belə bir ittifaqın formalaşması mümkün deyildi. Belə bir vəziyyət iki ölkə arasında əlaqələr üçün tarix boyu xarakterik olub.
Gələcəkdə Türkiyənin Yaxın Şərqdəki rolu ikili xarakter daşıyacaqdı. Bir tərəfdən, Türkiyə rəhbərliyi hakimiyyətə hansı partiyanın gəlməsindən asılı olmayaraq, artıq Ərəb dövlətlərinə münasibətdə birtərəfli ehtiyatsız siyasət aparmırdı. Türkiyə rəhbərliyinin Ərəb dünyası ilə əlaqələrini normallaşdırmaq istəyi 1980-ci il dövlət çevrilişindən sonra özünü daha aydın büruzə verməyə başladı. Həmin vaxt türk-ərəb münasibətlərinin daha da gücləndirilməsi üçün İsraillə diplomatik əlaqələr ən aşağı səviyyəyə endirilmişdi.
1980-ci illərdə İsrail Türkiyə tərəfindən heç bir effektiv və aktiv dəstəyə ümid edə bilməzdi. Türkiyə Yaxın Şərqdə NATO-nun maraqlarını və alyansın nümayəndəsi rolunu qoruyub saxlamağa çalışırdı. Türkiyənin həmin illərdə Yaxın Şərq ölkələri ilə münasibətləri Türkiyənin xarici siyasətinin ümumi istiqamətinin inkişafına bütövlükdə uyğun idi.
1970–80-ci illərdə iki ölkə arasındakı böhran yenidən dərinləşdi. Buna əsas səbəb Yasir Ərəfatın 1979-cu ildə Ankarada Fələstin Azadlıq Təşkilatının nümayəndəliyini açması oldu. Bu addım İsrail-Türkiyə münasibətinə yeni gərginlik gətirdiyi üçün İsrail hakimiyyətini narahat etməyə bilməzdi. Ankara islam ölkələrində baş qaldırmış anti-İsrail mövqeyinə loyallıq nümayiş etdirmək məcburiyyətində idi. 1980-ci il dekabr ayının 3-də Türkiyə İsraildəki d
iplomatik nümayəndəliyinin səviyyəsinin "simvolik dərəcəyə endirilməsinə qərar verdi. Nümayəndəlik fəaliyyətini ikinci katib səviyyəsində davam etdirməli idi. Səbəb kimi İsrailin Yaxın Şərq siyasəti ilə bağlı barışmaz mövqe tutduğu göstərilirdi.
Münasibətlərin yenidən bərpası
Şübhəsiz, bu addım tarix boyu İsrail-Türkiyə əlaqələrinə dəymiş ən böyük zərbə idi. İran İslam İnqilabı, İran-İraq müharibəsi və Misir prezidenti Ənvər Sədatın öldürülməsi kimi proseslər də İsrail-Türkiyə əlaqələrinə təsir göstərirdi. Lakin regionda vəziyyətin tədricən normallaşmasına paralel olaraq, Türkiyə-İsrail münasibətləri də bərpa edilirdi. 1982-ci ildə Livanda baş vermiş müharibə əlaqələrin davamlı soyuqlaşmasına təkan vermədi və münasibətlərin tamamilə kəsilməsinə səbəb olmadı. Bundan sonra böhranın kritik nöqtəsinin öhdəsindən gəlmək üçün danışıqlara imkan yarandı. Əlaqələrin bərpası diplomatik münasibətlərin faktiki olaraq keçmiş səviyyəyə qayıtması ilə başlandı. 1985-ci ildə İsrail Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsinə müşavir rütbəsində diplomat göndərdikdən sonra Türkiyə 5 sentyabr 1986-cı ildə Tel-Əvivdə 2-ci katib vəzifəsinə səfir rütbəsində diplomat təyin etdi.
Sentyabr ayının 6-da İstanbul şəhərində yerləşən sinaqoqda terror aktı baş verdi. Bu hadisə ikitərəfli əlaqələr üçün yeni təhlükənin yaranması haqqında xəbərdarlıq idi. Eyni zamanda terror qruplaşmalarının silahlanmasına istiqamətlənmiş yeni mübarizə üsulu idi. Terror aktı nəticəsində 20 nəfəri qətlə yetirildi. Buna baxmayaraq, Türkiyə ilə İsrail arasındakı münasibətlərin vektoru dəyişməz qaldı. İstanbulda təşkil edilmiş terror aktı bu hadisənin təşkilatçılarının gözlədiyi təsirə səbəb olmadı.
Bununla yanaşı, ikitərəfli münasibətlərin tarixində ilk dəfə olaraq əlaqələrin möhkəmləndirilməsi faktoru kimi daha çox sahələri əhatə edən qarşılıqlı sərfəli əməkdaşlığa üstünlük verilməyə başlandı. 1986-cı ildə bu əməkdaşlıq Türkiyə və İsrail arasında birbaşa hava əlaqəsinin açılması ilə reallaşdırıldı. Əldə olunmuş razılaşmalar əməkdaşlığın bütün fəaliyyət sahələrinə təsir göstərdi. İki ölkə arasındakı ticarət dövriyyəsinin birdən-birə əhəmiyyətli dərəcədə artması bunun bariz nümunəsi idi.
1987-ci ilin sentyabr ayında hər iki ölkənin xarici işlər nazirləri BMT-nin Baş Assambleyasında görüşdülər. Bununla da, təxminən 30 il əvvəl iki ölkənin dövlət nümayəndələri arasındakı kəsilmiş birbaşa əlaqələr yenidən bərpa olundu.
1987-ci ilin dekabr ayında başlanmış birinci Fələstin intifadası (fələstinlilərin İsrail işğalına qarşı başlatdığı müqavimətin adı) yenicə möhkəmlənən əlaqələrə müəyyən dərəcədə öz təsirini göstərdi. Türkiyə hökuməti Fələstin xalqını dəstəkləyən və İsrail ordusunun güc tətbiq etməsini tənqid edən bəyanatlarla çıxış etdi. Buna baxmayaraq, Fələstin məsələsi Türkiyə-İsrail münasibətlərinin inkişafına mane ola bilmədi. İqtisadi, hərbi-texniki və digər sahələrdə əlaqələrdə artım müşahidə olunurdu.
İsrail dövlətini tanıyan ilk dövlətlərdən olan Türkiyə 15 noyabr 1988-ci ildə həm də birtərəfli şəkildə elan edilmiş Fələstin dövlətini tanıdı. Ancaq İsrail hökumətinin etirazından sonra Türkiyə hakimiyyəti Fələstin nümayəndəsinə hərtərəfli diplomatik status verməkdən çəkindi. Türkiyənin İsraillə əldə olunmuş uğurları daha da inkişaf etdirmək istəməsi əsas səbəb idi.
1990-cı il üçün ölkələrarası ticarət dövriyyəsi 100 milyon dolları keçmişdi. Bu göstərici ticari və iqtisadi əlaqələr üzrə ilkin tədbirlərin uğurlu olduğunun göstəricisi idi.
1991-ci ildə İsrail dövləti ilə Türkiyə Respublikası arasındakı diplomatik əlaqələr bütövlükdə bərpa olundu. Bu andan etibarən hər iki ölkə arasındakı əlaqələr yeni impulslar almağa başladı.
İsrail Ankara ilə münasibətində öz siyasətini, demək olar ki, dəyişməmişdi. Bu siyasət David Ben-Qurionun qoymuş olduğu prinsiplərə əsaslanırdı. Hər bir yeni hökumət Türkiyə ilə əməkdaşlıqda maraqlı olduğunu gizlətmirdi. İsrail Türkiyə ilə birbaşa əlaqələrini ABŞ-la razılaşdırmaqla həyata keçirirdi.
1949–1992-ci illərdə hər iki ölkənin əlaqələrini sabitləşdirən əsas faktor kimi Türkiyəyə münasibətdə İsrail rəhbərliyində mövcud olan yanaşmanı hesab etmək olar. İkitərəfli əlaqələrin möhkəmləndirilməsinə, Türkiyənin problemlərinin İsrail hakimiyyəti tərəfindən anlayışla qəbul edilməsinə məhz bu yanaşma kömək edirdi. Söhbət gedən dövrü analiz edərək, belə bir nəticəyə gəlmək olar ki, bu əlaqələrdən ən çox qazanan tərəf İsraildir. Eyni zamanda, qarşılıqlı layihələrin böyük bir hissəsinin həyata keçirilməsi təşəbbüsü ilə İsrail çıxış edirdi.
Bütün bunlara baxmayaraq, "Soyuq müharibə başa çatanadək iki ölkə arasında hərbi-siyasi əlaqələrdən başqa, demək olar ki, heç bir sahədə əməkdaşlığın ciddi şəkildə genişləndirilməsi müşahidə olunmadı. Bunun əyani sübutu kimi iki ölkə arasındakı ticarət dövriyyəsinin səviyyəsini göstərmək olar. Türkiyə qonşu müsəlman dövlətlərini qıcıqlandırmamaq üçün İsrail ilə əlaqələrində daha ehtiyatlı davranırdı.