İslam bankçılığı

İslam bankçılığı — Bütün alqı-satqı və kirayə əməliyyatlarında yalnız real yəni göz önündə olan aktivlərə əsaslanan və şəriət qaydalarını özündə ehtiva edən bir iqtisadi mexanizm. Bu növ bankçılıqda faizlər (ərəbcə "Riba") qadağandır və əməliyyatlar xeyir və zərərdə "müştərəklik" prinsipi əsasında həyata keçirilir.[1]

Tarixi

Müasir islam maliyyəsi keçən əsrin sonunda yeni təkan almışdır. Bu təkan Yaxın Şərq ölkələrinin neft sənayəsinin kəskin şəkildə inkişafı və bunun nəticəsi olaraq, müsəlman cəmiyyətində likvid vəsaitlərin artmasından irəli gəlmişdir. Yaranan vəziyyətdə İslam qanunvericiliyinin tələblərinə cavab verən maliyyə müəssisələrinin olmaması müasir İslam Maliyyəsinin yaranmasının mühüm səbəbinə çevrilmişdir. Qlobal maliyyə sisteminin tərkibində İslam Bankçılığı daha cox "faizsiz maliyyə" kimi xarakterizə olunmaqdadır. İlk dəfə olaraq bu sistem 1963–1966-cı illərdə Misir iqtisadçı aliminin hazırladığı bank modeli əsasında elə həmin ölkədə tətbiq edilmişdir[2]. Dünya maliyyə sistemində İslam Bankçılığı üzrə aktivlərin ümumi həcmi 2011-ci il üzrə 1 trln. ABŞ dolları məbləğində olmuşdur. Hazırda islam bankçılığı geniş coğrafi kontingenti əhatə edərək, ABŞ-dən Çinədək dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq edilir[3].

Regionlar üzrə

Qadağalar

İslam maliyyəsinin ənənəvi maliyyə sistemi ilə oxşarlığına baxmayaraq, İslam qanunvericiliyinin tələblərindən irəli gələn bir çox fərqləndirən xüsusiyyətləri də mövcuddur:

  • Sələm (Riba) qadağandır;
  • Pulun satış obyekti kimi istifadə oluna bilmədiyinə görə, alqı-satqı və ya lizinq əməliyyatlarının əsasında maddi aktivin mövcud olması vacibdir;
  • İslam prinsiplərinə zidd olan maliyyə xidmətlərinin göstərilməsinə aid olan bütün növ fəaliyyətlərə, qumar biznesinə (Maisir), eləcə də tütün, spirtli içki, silah və bu kimi qadağa olunmuş məhsulların istehsalı, saxlanması və ya ticarəti üçün sərmayənin qoyulması icazəli deyildir.
  • Hər növ risklərin qarşısının alınması üçün ticarət və maliyyə bazarlarında aparılan bütün əməliyyatlarda şəffaflığa və düzgünlüyə riayət olunmalıdır.
  • İslam Maliyyə Institutların fəaliyyətinin İslam qanunvericiliyinə cavab verməsinə nəzarət etmək üçün Müstəqil Şəriət Komitəsinin (Shari’ah Advisory or Supervisory Board) yaradılması tələb olunur. Komitənin tərkibinə yalnız Fiqh-əl-Müamələ (İslam kommersiya qanunu) sahəsində ixtisaslı mütəxəssislər və İslam maliyyələşdirməsi sahəsində yüksək təcrübəli ekspertlər daxil ola bilər.
  • Belə məhdudiyyətlərə baxmayaraq, İslam Maliyyə Institutlarının fəaliyyəti bazar iqtisadiyyatının tələbləri ilə ziddiyyət təşkil etmir, hətta faiz tutulmasından imtina etdiyinə baxmayaraq islam banklarının fəaliyyəti xeyriyyəçilik xarakteri daşımır, mənfəət və gəlirlər isə İslam qanunvericiliyi tərəfindən icazəli yollarla əldə olunur[4].

Əsas iştirakçıları

İslam maliyyə sisteminin əsas iştirakçıları aşağıdakılardır:

  • Islam bankları. Onların fəaliyyəti ölkənin mövcud qanunvericilikləri ilə tənzimlənir[5]. Məsələn, yalnız üç ölkədə — İran, Sudan və Pakistanda Şəriətin tələblərinə uyğun olaraq vahid qanunvericilik yaradılmışdır. Malayziyada İslam Bankçılığının tənzimlənməsi üçün ayrıca qanunvericilik mövcuddur, Böyük Britaniyada isə islam banklarının fəaliyyətinin asanlaşdırılması üçün ölkənin mövcud maliyyə qanunvericiliyinə müəyyən düzəlişlər edilmişdir;
  • Ənənəvi bankların daxilində yaradılan "Islam Pəncərə"ləri;
  • Digər Islam Maliyyə Institutları.
  • Islam sığortası Təkaful.
  • İslam kapital bazarı və onun daxilində olan investisiya bankları.

İslam bankçılığının əsas prinsipləri

İslam Bankçılığında iqtisadi münasibətlər əsasən tərəfdaşlıq prinsiplərinə söykənir. Belə ki, şəriklik prinsipi əsasında aparılan investisiya layihələrində bank, mənfəətlə yanaşı, biznes prosesində əmələ gələn zərərləri də müştəri ilə bölüşdürür. Bu da, öz növbəsində hər iki tərəfin məsuliyyətini ikiqat artırır. Həmçinin, İslam bankçılığı, bütün müqavilələrdə, gələcəkdə iqtisadi mübahisələrin yaranmasına səbəb ola biləcək qeyrimüəyyənlik xarakterli müddəaların mövcud olmasına yol vermir.

Vadiə əd Damənə

"Vadiə əd Damənə" ərəbcə "zəmanətli qoruma" deməkdir. "Vadiə əd Damənə" bir müqavilə forması olaraq, iki cürdür. Biri "Wadih yad Damanah", digəri isə "Wadih vəl Amanah" adlanır. "Wadih yad Damanah" əslində bizim dilimizdə "zəmanət", "Wadih vəl Amanah" isə "əmanət" deməkdir[6].

Xüsusiyyətləri

Islam bankçılığında 3 əsas şərt var ki, bunsuz göstərilən xidmətlər islam bankçılığına uyğun sayıla bilməz. Bunlardan biri indi Azərbaycanda geniş yayılan sələmlə oxşarlığı olan "riba"dır. "Sələm" sadəcə artan pul, "riba" isə həm artan, həm də azalan pul mənasındadır: ""Qurani Kərim"də onun adı "sələm" yaxud da "artan pul" yox, məhz "riba" göstərilib. "Riba" termin olaraq, onu özündə ehtiva edir ki, bu pul həm arta, həm də azala bilər. Yəni nə borc verənə, nə də borc alana zülm olmasın. Ribada borc alanın pulunun üzərinə pul gəlmir. Borc verənin isə verdiyi pulunun üzərindən azalmır. Bu, çox önəmli məsələdir. Çünki biz real həyatda adətən, sələmdən danışırıq. Sələm isə sadəcə artan pul olduğundan borc alanın haqqı tapdanır. Bu isə islam ənənələrinə ziddir". İslam bankçılığının ikinci mühüm şərti ğarar, üçüncüsü isə maisrdir. "Ğarar" qeyri-müəyyənlik deməkdir. Məsələn, kimsə məişət əşyası almaq üçün başqasından 100 manat borc götürüb və razılaşmaya əsasən, borc 3 gün ərzində ödənsə 101, 5 günə ödənsə 105 manat olacaq və sair. Yəni burada qiymət qeyri-müəyyən şəkildə dəyişir. "Maisr" isə bir növ qumar, şansa buraxmaq mənasındadır. Buna misal olaraq, sığortanı xidmətlərini qeyd etmək olar. Əslində isə sığorta xidməti sığorta ediləni ehtimal olunan risklərdən qorumaq üçündür. Ancaq sığorta sistemi daha çox qumar prinsiplərini özündə birləşdirən ehtimallara əsaslanır. İslam bankçılığında riba, ğarar və maisrin olması vacibdir və bu şərtlərdən biri olmadıqda təklif olunan xidmətlər islam bankçılığına uyğun sayılmır.

Məhsullarının xüsusiyyətləri

İslam Bankçılığı məhsullarının bir çox ənənəvi bank məhsulları ilə oxşarlığı mövcuddur, lakin əsas fərqləndirici xüsusiyyəti odur ki, yuxarıda qeyd olunduğu kimi, bu məhsulların tətbiqi İslam qanunvericiliyi tərəfindən icazə olunan yollar ilə həyata keçirilir. Məsələn, İslam maliyyələşdirmə sisteminin əsas məhsullarından olan: Murabaha –ticarət sövdələşməsi, İcara — əmlakın icarəyə verilməsi, Muşaraka – şərikli investisiya fəaliyyəti, Müdaraba — əməkdaşlıq əsasında biznes layihələrin icrası Vakalə — vəkalət əsəsında maliyyə aktivlərinin idarəedilməsi və s

Nəzarət agentlikləri

İslam maliyyə təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üçün aşağıda sadalanan beynəlxalq müşahidə və nəzarət agentlikləri mövcuddur:

  • AAOIFI (The Accounting and Auditing Organization for Islamic Financial Institutions) — islam maliyyə institutları üçün mühasibat, audit və idarəetmə standartlarının müəyyənləşdirən müstəqil təşkilat. 1990-cı ildə Bəhreyndə yaradılmışdır. AAOIFI standartları Bəhreyn, Sudan, İordaniya və Qatar dövlətlərində əsas hesab olunur.
  • IFSB (Islamic Financial Services Board) — 2002-ci ildə Malayziyada yaradılmış islam maliyyə xidmətləri şurası. Şuranın əsas fəaliyyəti islam maliyyə müəssisələri üçün standartların, qaydaların və texniki göstərişlərin tərtib olunmasından ibarətdir.

Beynəlxalq İslam Maliyyə Bazarı

(The International Islamic Financial Market) – Bəhreyn, Bruney, İndoneziya, Malayziya, Sudan dövlətlərinin mərkəzi bankları, valyuta agentlikləri və İslam İnkişaf Bankı tərəfindən təsis edilmişdir. Beynəlxalq İslam Maliyyə Bazarının fəaliyyəti islam maliyyə instrumentlərinin kontraktlarının təkmilləşdirilməsi və standartlaşdırılması, məhsulların işlənib hazırlanması və infrastrukturun inkişaf etdirilməsi, islam kapital bazarının və valyuta bazarlarının möhkəmləndirilməsi üçün əsas prinsiplərin və tövsiyələrin hazırlanması, həmçinin, ümumdünya birinci və ikinci islam kapital bazarının və qısamüddətli maliyyə bazarının, islam maliyyə instrumentləri bazarının inkişafı ilə bağlıdır.

İslam İnkişaf Bankı

(The Islamic Development Bank) – iştirakçı ölkələrdə iqtisadi və sosial inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə 1975-ci ildə İslam Konfransı Təşkilatının iştirakçı dövlətləri tərəfindən yaradılmışdır.

İstinadlar

  1. Nicat Muradzadə. "İslam Bankçılığı Alternativ Ola Bilərmi?". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  2. "Arxivlənmiş surət" (PDF). 2013-12-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  3. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  4. "Arxivlənmiş surət". 2018-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
  5. "Arxivlənmiş surət". 2017-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  6. http://mobil.hurriyet.com.tr/avrupada-ilk-faizsiz-bankacilik-29620070[ölü keçid]

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!