İl-76 qəzası |
---|
Qəzaya uğramış İl-76 təyyarəsinin modeli. |
Tarix |
|
Qəza səbəbi |
Yanğın nəticəsində mühərrikin sıradan çıxması |
Yer |
İvanovo, İvanovo vilayəti, Rusiya |
Ölkə |
|
Sərnişin sayı |
7 |
Komanda |
8 |
Yaralı sayı |
0 |
Ölü sayı |
15 |
Təyyarə modeli |
İl-76 |
Qalxma yeri |
Severnıy aerodromu |
İstiqamət |
Plesetsk aerodromu |
İl-76 qəzası (rus. Катастрофа Ил-76 под Иваново) - 2024-cü ilin 12 mart tarixində Rusiya Federasiyasının İvanovo vilayətinin inzibati mərkəzi İvanovo şəhərindən 6 km şimalda yerləşən Severnıy aerodromunda qalxmış İlyuşin İl-76 model təyyarənin bir necə dəqiqədən sonra qəzaya uğraması ilə nəticələnmiş hadisə.[1]
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 8 ekipaj üzvü və 7 sərnişin olmaqla ümumilikdə 15 nəfər həlak olublar.[2]
Hadisə şahidlərinin çəkdiyi videolardan və digər şahidlərin ifadələri əsasında təyyarənin sağ mühərrikində başlamış qəfil yanğın nəticəsində mühərriklərin sıradan çıxması səbəbindən qəzaya uğradığı müəyyənləşdirilib.[3]
Qəza
Orenburq vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, təyyarə Orenburqdan olan pilotlar tərəfindən idarə edilib. O əlavə edib ki, onlar 117-ci Hərbi Nəqliyyat Aviasiya Alayının zabitləri olublar.[4] Digər tərəfdən Tver vilayətinin qubernatoru İqor Rudenya təyyarədə Tverdən olan ekipaj üzvlərinin olması barədə məlumat yayıb.[5] Qəza Moskva vaxtı ilə saat 13:00-da İvanovo vilayətinin Boqorodskoye rayonu yaxınlığında baş verib.
Təyyarənin mühərriklərindən biri adi uçuş üçün havaya qalxan zaman qəfildən yanmağa başlayıb.[6] Hadisə şahidlərinin çəkdiyi və internetdə yayılmış video görüntülərdə təyyarənin sağ mühərrikinin yandığı görünür.[7]
Pilotlar təyyarəni xilas etmək məqsədi ilə İvanovo vilayətinin inzibati mərkəzi İvanovo şəhərindən 6 km şimalda yerləşən Severnıy aerodromuna endirməyə çalışarkən qəzaya uğrayıblar. Təyyarə aerodromun yaxınlığında yerləşən meşəlik əraziyə düşüb.[4] Qəza yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər. İvanovo vilayətinin qubernatoru Stanislav Voskresenski bildirib ki, qəzaya yaxın kəndlərə heç bir ziyan dəyməyib.[8]
Dövlət rəsmiləri qəza nəticəsində həlak olanların yaxınlarına rəsmi formada başsağlığı verib.[3] Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış axtarış-xilasetmə işləri hadisə baş verən günün sonu başa çatdırılıb.[9]
Rusiya Müdafiə Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 15 nəfərin hamısı həlak olub.[10] Rusiya Müdafiə Nazirliyi əlavə məlumat yayaraq bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinin idarə heyəti qəzanı araşdırmaq üçün İvanovo vilayətinə uçub.[6] İlkin ehtimallara görə qəzaya mühərrikdə baş vermiş gözənilməz yanğın səbəb olub.[3]
İstinadlar