İkiqat vergitutma — bir şəxsin və ya təşkilatın eyni gəlir, mənfəət və ya əmlak üzərində iki fərqli ölkə tərəfindən vergiyə cəlb olunmasını ifadə edir.[1] Bu vəziyyət, beynəlxalq ticarət, sərmayə yatırımları və ya xarici gəlirlər əldə edən şəxslər üçün problem yarada bilər.[2]
Azərbaycanın da bir çox ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələri mövcuddur. Bu müqavilələr konkret vergiləri və tətbiq edilən şərtləri tənzimləyir.
İkiqat vergitutmanın qarşısını almaq və investorların təşviq edilməsi məqsədilə bir çox ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr (Double Taxation Agreements, DTAs) bağlanır. Bu müqavilələrin əsas məqsədi:[3]
Vergi yükünün azaldılması — şəxslərin və ya şirkətlərin eyni gəlirə iki dəfə vergi ödəməkdən qorunması.
Vergi öhdəliklərinin aydınlaşdırılması — hər bir ölkənin hansı vergiləri tətbiq edəcəyini müəyyən etmək.
Vergidən yayınmanın qarşısının alınması — vergi məlumatlarının mübadiləsi vasitəsilə şəffaflığın artırılması.
İkiqat vergitutmanın qarşısını almaq üçün iki əsas metod tətbiq olunur:[4]
Vergi kreditləri (ing.Tax Credit) — şəxs və ya şirkət, xarici ölkədə ödənilən verginin miqdarını öz ölkəsində ödəməli olduğu vergidən çıxmaq hüququ əldə edir.
Vergidən azadetmə (ing.Tax Exemption) — xarici ölkədə əldə edilən gəlir və ya mənfəət ümumiyyətlə şəxsin və ya şirkətin vətənində vergiyə cəlb edilmir.[5]
İkiqat vergitutma müqavilələri iqtisadiyyat üçün mühüm rol oynayır.[6]
Xarici sərmayələrin artırılmasını təşviq edir.
Xarici şirkətlərin fəaliyyətini asanlaşdırır.
Vergi hüququ ilə bağlı mübahisələrin azalmasına səbəb olur.
Tarixi
İkiqat vergitutmanın tarixi beynəlxalq ticarət və sərmayə fəaliyyətlərinin artdığı dövrlərə dayanır. Bu konsepsiya, xüsusilə XX əsrin əvvəllərində ölkələrarası iqtisadi əlaqələrin genişləndiyi bir zamanda aktual oldu.[7]
Milli qanunvericiliklə tənzimləmə (XIX əsr sonları – XX əsrin əvvəlləri)
Beynəlxalq iqtisadi əlaqələrin artması nəticəsində bir gəlirə iki fərqli dövlət tərəfindən vergi tətbiq olunması problemi yaranmağa başladı. Bu dövrdə ölkələr arasında xüsusi müqavilələr mövcud deyildi, buna görə də ölkələr öz milli qanunvericilikləri çərçivəsində bu problemi həll etməyə çalışırdılar.[8]
İkiqat vergitutma müqavilələrinin yaranması (XX əsrin əvvəlləri)
İkiqat vergitutmanı sistemli şəkildə həll etmək üçün ilk cəhdlər 1920-ci illərdə edildi. Əsas inkişaf mərhələləri:[9]
1921-1928-ci illər
Millətlər Cəmiyyəti (ing.League of Nations) çərçivəsində ilk beynəlxalq vergitutma məsələləri müzakirə edildi. 1928-ci ildə Millətlər Cəmiyyəti beynəlxalq vergi müqavilələri üçün ilk model müqavilələr hazırladı. Bu modellər sonrakı dövrlərdə beynəlxalq standartların formalaşmasında baza oldu.[10]
Almaniya və İtaliya arasında ilk müqavilə
1899-cu ildə ikiqat vergitutmanın qarşısını almaq üçün Almaniya və İtaliya arasında ilk formal müqavilə imzalandı. Bu, tarixdəki ilk ikiqat vergitutma müqavilələrindən biri kimi tanınır.
İqtisadi əməkdaşlıq və inkişaf dövrü (XX əsrin ortaları)
1945-ci ildən sonra beynəlxalq iqtisadi əməkdaşlığın artması ikiqat vergitutma ilə bağlı müqavilələrin genişlənməsinə səbəb oldu.[11] 1963-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilk model vergi konvensiyasını hazırladı. OECD Model Vergi Konvensiyası ölkələr arasında ikiqat vergitutma müqavilələri bağlamaq üçün standartları müəyyən etdi. Birləşmiş Millətlər Təşkilatı (BMT) da inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alaraq öz model konvensiyasını təqdim etdi.[12]
Vergi şəffaflığı və qlobal standartlar (XXI əsr)
Qloballaşma dövründə ikiqat vergitutma problemi daha kompleks hala gəldi.[13] Bunun nəticəsində XXI əsrin əvvəllərindən başlayaraq vergi şəffaflığının artırılması və vergidən yayınmanın qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq gücləndi[14][15]
. Bu, ikiqat vergitutma müqavilələrinə yeni maddələrin əlavə olunmasını şərtləndirdi. OECD və G20-nin irəli sürdüyü Vergi Bazalarının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) təşəbbüsü ikiqat vergitutma müqavilələrindəki boşluqların aradan qaldırılmasına yönəldi.[16]
↑Ernest R. Larkins(2001): Double Tax Relief for Foreign Income: A Comparative Study of Advanced Economies; HeinOnline, 2001. Vol:21:233
↑Darren Rykers (2009): "A Critical Analysis of how Double Tax Agreements can facilitate Fiscal Avoidance and Evasion"; The Taxpayer and the Lotus, 17 Nov. 2009.
↑Maarten F. de Wilde & Geert T. W. Janssen(2011): The Netherlands: Key practical issues to eliminate double taxation of business income. Erasmus School of Law, 2011.