1799-1800-cü ildə maysurların devrilməsindən sonra marathalar ingilislərin nəzarətindən kənarda qalan yeganə güc idi. Hindistanda vətəndaş həmrəyliyini pozan Ost-Hind kompaniyası marathalar arasında nifaq salır, milli qırğınlar törədirdi. Nəhayət, Peşvə ilə bağlanan müqaviləyə əsasən Kompaniya marathaların xarici siyasətini öz nəzarətinə aldı. Bu müqaviləyə əsasən ingilislərin böyük bir hərbi dəstəsi Peşvənin ərazisinin keşiyini çəkməli idi. Bunun müqabilində ümumi vergi məbləği 2 milyon 600 min rupi təşkil edir və mahallar Kompaniyanın ixtiyarına keçirdi. Eyni zamanda marathaların hərəkat birliyini zəiflətməyə çalışan müstəmləkəçilər həmin müqaviləyə konfederasiyanın ləğv edilməsi haqqında maddə daxil etməyə müvəffəq oldular.
Müharibənin gedişi
1802-ci ildə bağlanmış müqavilənin qeyri-bərabər xarakterdə olması ən iri maratha knyazlıqlarının, o cümlədən İndorun və Qvaliorun müqavimətinə səbəb oldu. Beləliklə, uzun sürən ingilis-maratha müharibələri başlandı. İngilislərin planına əsasən Velesli Dəkkən yaylasını, Leyk Doab və Dehlini tutmalı, Povel isə Bundelkxanda daxil olmalı idi. Bu əməliyyatlar yerinə yetirilən zaman ingilislərin 53 mindən çox köməkçi piyada dəstələri isə ehtiyatda gözləməli idi. 1803-cü ilin sentyabr ayında Rao Şindenin dəstələri Dehlidə Leykin, Asai döyüşündə isə Veleslinin qoşunları tərəfindən məğlubiyyətə uğradı. 1803-cü ilin noyabr ayında Şindenin başqa bir qoşunu da general Leyk tərəfindən məğlub edildi. 29 noyabrda Velesli Arqaun yaxınlığında Bxonsle üzərində qələbə çaldı. 1802-1805-ci illərdə ikinci ingilis-maratha müharibəsində ingilis qoşunları maratha knyazlarını xalqdan və müttəfiqlərdən təcrid etməklə təkbətək məğlub etməyə müvəffəq oldular.
Müharibənin nəticəsi
İngilislərlə marathlar arasında ardıcıl olaraq 3 müqavilə bağlandı:
17 dekabr 1803-cü ildə Raquji Bxonsle ilə Deagon sülhü
30 dekabr 1903-cü ildə Daulat Rao Şinde ilə Suryi-Anjanqon sülhü
Bağlanmış müqavilələrə əsasən Qərbi, Mərkəzi və Şimali Hindistanda bir çox yerlər Kompaniyanın ixtiyarına keçdi. Moğol imperiyasının paytaxtı Dehli şəhəri də işğal edildi. Kompaniyanın ağalığını qanuniləşdirmək üçün ingilislər Böyük Moğol sülaləsini qeyri-səmimim bərpa edib bildirdilər ki, Ost-Hind kompaniyası ölkəni bu sülalənin tapşırığı ilə idarə edir. Bununla da ingilislər işğala bəraət qazandırırdılar.
İstinadlar
↑Naravane, M.S. Battles of the Honorourable East India Company. A.P.H. Publishing Corporation. 2014. 65–66. ISBN9788131300343.