İkinci Mahmud (əsl adı: Ağakişiyev Mahmud İsmayıl oğlu; 30 may 1986, Qazax rayonu – 6 iyul 2019, Bakı) — yazıçı, esseist, publisist.
Həyatı
Əsl adı Ağakişiyev Mahmud İsmayıl oğlu olan İkinci Mahmud 1986-cı ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur.
Muğanlı kənd orta məktəbini bitirmişdir. Bakı Dövlət Universitetində filologiya (bakalavr, 2003–2007) və türkologiya (magistr, 2008–2011) üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Ankara şəhərində yerləşən Bilkənd Universitetində Türk dili və ədəbiyyatı üzrə kurs keçmişdir.
Yaradıcılığı
2013-cü ildən mətbuatda çıxış etməyə başlamışdır. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilmişdir.
Ümid arası adlı hekayəsi alman dilinə tərcümə edilmişdir. Özü isə Artur Şopenhauer, Alber Kamü, Umberto Eko, Çak Palanik, Viktor Pelevin, Nodar Dumbadze, Haruki Murakami kimi müəlliflərin bir-neçə esse və hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir. Synaps Library layihəsinin ideya müəlliflərində biridir.[1]
Tarixin izi ilə adlı bədii-dokumental filmin ssenari müəllifi və rejissorlarından biridir.
- Tualet kağızı: heç nə haqqında üç esse (2013) – publisistika. Publisistik fraqmentlərdən və esselərdən ibarət olan Tualet kağızı: heç nə haqqında üç esse kitabında müəllifin mental dəyərlər, din, cinayət anlayışı haqqında düşüncələri yer almaqdadır. Kitab Qanun Nəşriyyatı tərəfindən çap edilmişdir. Tualet kağızı: heç nə haqqında üç esse kitabı 2013-cü ilin mart ayında bir neçə onlayn kitab mağazasında satış reytinqi üzrə birincə olmuşdur.
- Ümid arısı (2015) – hekayələr. Ümid arısı hekayələr toplusunda müəllifin müxtəlif vaxtlarda yazdığı 6 hekayə (Tanımal, Ümid arısı, Babamın dişi, Yersiz ölüm, Bahar qarının Quranı, Lyuk) cəmlənmişdir. 64 səhifədən ibarət olan kitab, Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən çap edilmişdir.
- Bataqlıq donuzu (2015) – povest. Bataqlıq donuzu povesti psixoloji problemlərdən əziyyət çəkən, gənc və uğursuz fotoqrafın həyat hekayəsidir.
Ölümü
Mahmud Ağakişiyev 2019-cu ilin 6 iyul tarixində Xətai rayonunda yerləşən evində vəfat edib. Ürək tutmasından dünyasını dəyişən yazıçı, anadan olduğu Qazax rayonunun Muğanlı kəndində dəfn edilib.[2]
İstinadlar