Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir.
İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur.
2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı.
Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar.
1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.[1]
Dünya çempionatlarının qalibləri
Ölkələr üzrə
İstinadlar