Yeşua D. Salom malikanəsi ― Bosniya və Herseqovinanın Sarayevo şəhərinin mərkəzində yerləşən malikanə. Bina 2008-ci ilin noyabrından Bosniya və Herseqovinanın milli abidəsi olaraq siyahıya alınmışdır.[2]
Milyaşka çayının şimal sahilində, Avstriya-Macarıstan imperiyası dövründə tikilmiş binalar arasında Yeşua D. Salom malikanəsi, çayın qarşı sahilində isə Aşkenazi yəhudilərinə aid sinaqoq yerləşir.
Tarix
Yeşua D. Salom malikanəsi 1901-ci ildə, məşhur memar İosip Vankaşın dizaynı ilə, məşhur yəhudi taciri Yeşua D. Salom üçün tikilmişdir. Bu dövrdə 1893-cü ildə qəbul edilmiş "Paytaxt - Sarayevo İnşaat Nizamnaməsi"nə əsasən Milyaşkanın sağ sahili boyunca yalnız iki mərtəbəli binalar inşa edilə bilərdi.[3]
Malikanə yaşayış binaları arasında çiçək motivlərindən istifadə edilmiş ilk tikililərdən biridir.[4] Bina tikildiyi ilk dövrlərdə su, daxili santexnika, elektrik enerjisi və istilik sisteminə sahib avanqard obyekt idi. Binanın arxasında daş fəvvarəli daxili həyət yerləşirdi.
1922-ci ildə bina Simo Krstiçə satıldı. 1931-ci ildə isə malikanəyə Bosniya və Herseqovina Mərkəzi Bankı tərəfindən əl qoyuldu və elə həmin ildə bank binanı ilk Bosniya kibrit fabriki olan Dolakın direktoru Jak Saloma satdı.[3]
Bina 1962-ci ildə Bosniya və Herseqovina Mühəndislər və Texniklər Cəmiyyətinin qərargahının yerləşdiyi sosial mülk olaraq milliləşdirildi. Malikanə 1991-ci ildən bəri Demokratik Fəaliyyət Partiyasının Sarayevo kantonal idarə heyətinə ev sahibliyi edir.[3]
2008-ci ildə Sarayevo Kantonal Mədəni, Tarixi və Təbii İrsin Qorunması İnstitutu daha sonra milli abidə olaraq siyahıya salınanan malikanəni bərpa etmişdir.
Təsvir
Tikilinin ölçüləri 27,7 x 16,55 metr kimidir və ümumi hündürlüyü 18,20 metrdir. Binanın girişi qəhvəyi rəngli qoruyucu boya ilə örtülmüş keyfiyyətli palıd ağacından hazırlanmış, 2,15 x 3,3 metr ölmülərində iki qanadlı taxta portaldan ibarətdir.[5] Tikilinin kompozisiyası təxminən 3,7 metr diametrdə və 5,1 metr hündürlüyündəki yumurta formalı günbəzin ucaldığı iki mərtəbəli bir dam örtüyü ilə tamamlanmışdır.
İstinadlar