Yapon teatr tarixi

Yaponiya teatrının tarixi, tanınmış dahi şərqşünas Nikolay Konradın fikrincə, mərhələ-mərhələ üç teatr janrı ilə əlaqədar olub öz xarakterini onların təbiətində, hüsnündə, xislətində eyhamlaşdırmış, obrazlaşdırmışdır. Qədim Nara (VIII-IX əsrlər) dövrü bu nisbi bölgüdən kənarda qalır. Teatrşünaslar Yaponiya teatrının ənənəvi formalarının inkişaf tarixini beş mərhələ üzrə paylaşdırırlar. Belə ki, onların hər biri özünə uyğun teatr forması, teatr janrı yaratmışdır.

Yapon teatrının inkişaf mərhələləri

Nara çağlarından sonra başlayan xronologiyada 1-ci dövr Yaponiya siyasi tarixinin Xəyan (IX-XII əsrlər) mərhələsidir, zatən kübar olanların yaşayış tərzini, hakimiyyətini və mədəniyyətini əks etdirir. Qaqaku janrı bu tarixi zamanın törəməsidir. Milli rəqslərə köklənmiş musiqili tamaşalara Yaponiyada “Qaqaku” deyirdilər. Sonrakı əsrlərdə qaqaku artıq musiqi janrı kimi təşəkkül tapacaq. Bu məqamlarda ilkin teatr formaları daha çox musiqi və rəqs elementləri ilə müşahidə olunurdu. Qaqaku yalnız kübar zadəganların zövqünü oxşaya bilərdi.

Kamakura (XIII-XIV əsrlər) 2-ci dövrdür, Yaponiya tarixində feodalizmin təşəkkül çağlarıdır, zadəganların sosial pilləkəndən aşırılması məqamıdır. Bu əsrlərdə “təmiz” teatr janrlarının bünövrəsi müəyyənləşib formalaşır, dramatik mətnlər sujetli pyeslər şəklinə düşür.

3-cü dövr Yaponiya feodalizminin ikinci həddi “Muromati” və ya “Asikaqa” adlanır. Bu mərhələ tarixin XIV-XVI əsrlərini əhatə edir. Tarix səhnəsində yeni tipli zadəganlar aşkara çıxır. Bunlar samuraylardır. Samuraylar Noh teatr janrının qeyri-rəsmi müəllifləridir, bu janrın ideoloqlarıdır. Noh teatrının yaranması, təşəkkülü və inkişafı Muromati mərhələsinin zaman hüdudlarında gerçəkləşir.

4-cü mərhələ, Tokuqava (XVII-XIX əsrlər), - yapon feodalizminin üçüncü həddidir, Yaponiyanın mədəni həyatında şəhərlilərin təşəbbüsünün və ümumi sosial “çəkisinin” artdığı bir vaxtdır. Şəhər tacirləri, baqqallara və sənətkarlara mənsubdur. Məhz Kabuki janrı da onların zövqünün təcəssümüdür. Noh janrı isə nüfuzdan düşməkdə olan samurayların dəbdəbəli, təmtəraqlı, mərasim xislətli ciddi əyləncəsidir.

5-ci mərhələ yapon teatr mədəniyyətinin formaları ilə Avropa teatr nümunələrinin paralel şəkildə, yanaşı yaşadığı Meys(dz)i (1868-1912) dövrüdür. Bu, yapon teatr tarixinin keçid və sintez mərhələsidir. Sanki zamanın bu kəsimində Avropa mədəniyyət örnəklərilə Yaponiyanın milli teatr ənənələri qarşılaşıb müxtəlif çeşidli, maraqlı formalar və teatr oyunları meydana gətirir, sənət hadisələri yaradırdı.

1912-ci ildən isə Yaponiyanın siyasət və mədəniyyət tarixinin Syova mərhələsi başlayır. Bu, artıq Yaponiyada avropatipli teatrın tarixini özündə əks etdirir. XX əsrin 60-cı illərində isə hətta U.Şekspirin “Kral Lir” faciəsi Noh teatrının səhnəsinə adlayır və bu janr onu özünəməxsus bir şəkildə, “aranjeman” edir. Təbii ki, heç bir bölgü yapon teatr mədəniyyətinin bütövlüyünü və inkişaf mənzərəsini, inkişaf ahəngini parçalaya bilməz, qıra bilməz.

Yaponiyada teatr janrları

Yaponiyada Noh və Kabuki teatrlarına qədər “C(dz)usi” (“cadugərlər” mənasında anlaşılır) adlanan tamaşalar geniş yayılmışdı. Cusi bir növ xalq təbabətçisidir, ovsunçudur. Haradasa onun Sibir şamanlarına da oxşarlığı var. Xəyan mərhələsində bu cusilər Budda məbədgahının xidmətçilərinə çevrilirlər. Onlar adətən məbədgahlara gələn zəvvarları əyləndirirdilər. Sonralar bu cadugərlər Cusi-saruqaku truppalarında birləşirlər. Bu məbədgah xidmətçilərinin tamaşalarına da “cusi-saruqaku” deyərdilər. Cusi-saruqakular Xəyan dövrünün sonuna kimi yaşayır və XIV əsrdə tamam aradan çıxır.

Budda məbədgahının müqəddəs xidmətçilərinin (aktyorlarının) oyunlarını tədricən sıxışdırmış tamaşalar “Ennen-noh-mai” (“Uzun ömrün rəqsləri” kimi tərcümə edilir) adlanırdı. Artıq ennen-noh-mai tamaşa-rəqslərində Noh teatrı üçün xarakterik sayılan bütün elementlər, dialoq, xorun nəğməsi, mahnı və rəqs özünü göstərirdi. Nara və Kioto şəhərlərində və onların yaxınlığında yerləşən Kobucuki, Xoryuci və Xieycan məbədgahlarında bu tamaşalar geniş miqyas almışdı.

“Denqaku” adlanan “əkinçilik tamaşaları” da vaxt etibarı ilə ennen-noh-mai və cusi-saruqakulardan əvvəl təşəkkül tapmışdır. Sonradan denqaku torpaq və məhsuldarlıq bayramları ilə birbaşa əlaqəsini itirmiş və müstəqil teatr janrı kimi formalaşmışdır. Lakin tarix denqakuların təbiətini dəqiq müəyyənləşdirməyə imkan vermir. Bununla belə bir məsələ tam aydındır ki, Yaponiya teatr mədəniyyəti bu teatr janrlarının inkişafı əsasında formalaşmışdır.

Mənbə

  • Анарина Н. Г. История японского театра. Древность и средневековье: сквозь века в XXI столетие. — М.: Наталис, 2008. — 336 с. — 1000 экз. — ISBN 978-5-8062-0290-2.
  • Анарина Г.Н. Японский театр Но. М.: Наука, 1984.
  • Гришелёва Л. Д. Театр современной Японии. — М.: Искусство, 1977. — 237 с. — 25 000 экз.
  • Восточный театр. Л.: Академия, 1929.
  • Глускина А.Е. Заметки о японской литературе и театре. М.: Наука, 1979.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!