Vasif Yəhya oğlu Dadaşov (1 mart 1939, Bakı – 6 noyabr 2017, Bakı) — Azərbaycan mühəndis-energetiki, Araz SES-in keçmiş direktoru və baş mühəndisi, MDB-nin əməkdar energetiki, Milli enerji sisteminin qabaqcıllarından biri.[1]
Bioqrafiya
Vasif Dadaşov 1939-cu ildə həkim ailəsində anadan olub. 1956-cı ildı 156 saylı məktəbi medalla bitirib və Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub[1].
1961-ci ildə Vasif Dadaşov ali təhsilini müvəffəqiyyətlə başa vurur və təyinatla Moskva vilayətindəki SSRİ Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutuna göndərilir. Bir ildən sonra Vətənə dönür və yeni yaradılan "Azərenerjisazlama" müəssisəsində çalışmaqda davam edir[1].
1971-ci ildə Araz SES-na baş mühəndis təyin edilir, 6 aydan sonra isə 1976-cı ilədək stansiyanın direkoru olur. O, 1971-ci ildən Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran müştərək komissiyasının üzvü olur. 1976-cı ilin may ayında İrana ezam olunur və buradakı Araz SES-də işləməyə başlayır. Vasif Dadaşovun əməyi nəticəsində stansiya istehsal edilən elektrik enerjisinin həcmini 20 milyon kilovat-saatdan 140 milyona çatdırır[1].
1978-ci ildə Vasif Dadaşov Vətənə qayıdır və Azərbaycan Baş Energetika İdarəsində Yüksək gərginlikli avadanlıqların istismarı və təmiri xidmətində rəis müavini, 1980-ci ildən 2001-ci ilə qədər isə hidrotexniki xidmətin rəisi işləyib. 1983-cü ildən eyni zamanda Azərbaycan Baş Energetika İdarəsində baş mühəndisin müavini vəzifəsini icra edib[1]. 2002-ci ildən "Azərenerji" ASC-nin Enerjinin İstehsalı İdarəsində baş mühəndisin müavini vəzifəsində işləyib[2].
Əmək fəaliyyətinə görə dəfələrlə Fəxri fərman və digər mükafatlarla təltif olunub, "MDB-nin əməkdar energetiki" fəxri adına layiq görülüb[2]. 2007-ci ildə Azərbaycanda energetikanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib[3].
İstinadlar