Ukrayna Silahlı Qüvvələri (ukr. Збройні сили України) — Ukrayna dövlətinin silahlı qüvvələri. Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla bütün hərbi və təhlükəsizlik qurumları Ukrayna prezidentinə tabedir. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Desant Qoşunlarından ibarətdir.
2014-cü ildə Rusiya ilə Ukrayna arasında baş verən hadisələrdən sonra Ukrayna özünün Silahlı Qüvvələrinin sayını 204,000 nəfərə çatdırdı ki, bu da 229,000 nəfər hərbçisi olan Fransadan sonra Avropada ən çox hərbi qulluqçusu olan ölkə deməkdir.[4]
3 iyun 2016-cı il tarixindən etibarən qadınlar da Ukrayna Silahlı Qüvvələrində döyüş əməliyyatlarına cəlb edilir.[5]
Büdcə
2016-cı ildə milli təhlükəsizlik və müdafiə büdcəsi 2013-cü illə müqayisədə 23%, 2005-ci illə müqayisədə 65% artaraq 5.172 milyard ABŞ $ təşkil etmişdir ki, bu da Ukrayna ÜDM-nin 5%-nə bərabərdir. 2016-cı ildə, həmçinin Silahlı Qüvvələrin modernizasiya xərcləri də 30% artmışdır.[6]
Hərbi bayram günləri
- 8 iyul: Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri günü
- İyulun ilk bazar günü: Hərbi Dəniz Qüvvələri günü[7]
- 2 avqust: Desant Qüvvələri günü
- 7 sentyabr: Hərbi kəşfiyyat günü
- 14 oktyabr: Ukraynanın müdafiəçiləri günü
- 29 oktyabr: Maliyyə zabitləri günü
- 3 noyabr: Raket və Artilleriya Qoşunları günü
- 3 noyabr: Mühəndislər günü
- 6 dekabr: Silahlı Qüvvələr günü
- 12 dekabr: Quru Qoşunları günü
Hərbi Sənaye Kompleksi
SSRİ dağıldıqdan sonra onun hərbi sənayesinin 30%-i Ukraynaya verildi. Ukrayna hələ də raket texnologiyası, döyüş gəmiləri və sualtı gəmilər üçün naviqasiya elektronikaları, döyüş təyyarələri üçün radar istehsalına görə liderlərdən biridir.
İstinadlar