Tremolit Ca2Mg5 (OH,F)2 [Si4O11]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Növ müxtəliflikləri
Xromlu tremolit, manqantremolit, bissolit – mineralın asbestəoxşar naziklifli və nefrit – gizlikristallik əmələgəlmələri.
Xassələri
Rəng – ağ, sədəfi-boz, müxtəlif çalarlı yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsiz, yaşılımtıl - ağ; Parıltı – şüşə, tutqun (nefritin), ipəyi (asbestin); Şəffaflıq – işığı keçirəndən qeyri-şəffafadək; Sıxlıq – 2,9-3,0; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – pilləli, qabıqlı (nefritdə), tikanlı (asbestdə, nefritdə); Morfologiya – kristallar: uzunprizmatik, iynəvari, bəzən tük şəkilli, İkiləşmə: polisintetik; Mineral aqreqatları: şüalı, lifli, çubuq- və keçəvari, sıx.
Mənşəyi və yayılması
Karbonat süxurlarının və hiperbazitlərin regional metamorfizminin erkən mərhələsinin səciyyəvi mineralıdır. Kontakt-metamorfik süxurların əsas minerallarından biridir. Mərmərləşmiş əhəngdaşlarında, kristallik şistlərdə, alp tipli damarlarda, roqoviklərdə, nadir hallarda kolçedan yataqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: talk, kalsit, dolomit, xlorit, epidot, qlaukofan, serpentin. Mineralın tapıldığı yerlər: Saxa Respublikasında Aldan rayonu, cənub-qərbi Pribaykalyedə Slydyanka yatağı, Cənubi Uralda Sanarka və Kamenka çay dərələri (Rusiya); Kampolunqo (İsveçrə) və b. Azərbaycanda Kiçik Qafqaz ofiolit qurşağının hiperbazitlərində və Daşkəsən rayonunun mərmərləşmiş əhəngdaşlarında, Konqur-Alangöz intruzivinin cənub-qərb hissəsinin kontakt oreolunda qeyd olunur. Lev nefritoid (nefritin paralel-lifli növ müxtəlifliyi) yatağı və Kilsəli təzahürü Kəlbəcər rayonunun, Narzanlı yatağı isə Laçın rayonunun serpentinitlərində yerləşir.
Tətbiqi
Nefrit yarımqiymətli daşdır. Nefritoiddən məmulat daşı kimi, bəzən həm də müxtəlif bəzək əşyalarının hazırlanmasında istifadə edilir. Tremolit-asbest – bissolit oda-, turşuya- və qələviyədavamlı mühüm material olub, sənayenin bir çox sahələrində geniş tətbiq olunur.
İstinadlar
- ↑ Hawthorne F. C., Oberti R., Harlow G. E., Maresch W. V., Martin R. F., Schumacher J. C., Welch M. D. Nomenclature of the amphibole supergroup (2012) (ing.). // Am. Mineral. Mineralogical Society of America, 1916. Vol. 97. P. 2031–2048. ISSN 0003-004X; 1945-3027 doi:10.2138/AM.2012.4276
- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər