1934-cü ildə Laçın şəhərində anadan olmuşdur[1]. Orta məktəbi bitirdikdən sonra 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1957-ci ildə tam kursu müvəffəqiyyətlə bitirmişdir.
İnstitutu bitirdikdən sonra Laçın rayonuna təyinat almış və gənc mütəxəssis kimi öz ixtisası üzrə aqronom vəzifəsində işləməyə başlamışdır.
1959-cu ildə Laçın şəhər orta məktəbində müəllim işləmiş, 1961-ci ildə isə Laçın şəhər 1№li orta məktəbinə tədris hissə müdiri təyin edilmişdir.
1966-cı ildə Laçın Rayon Partiya Komitəsinə təlimatçı təyin edilən T. Əhmədov 1968-ci ildə "Laçın" qəzetinin kənd təsərrüfatı şöbəsinə müdir vəzifəsinə irəli çəkilir. Peşəkarlığı və işgüzarlığı sayəsində 1980-ci ildə məsul katib, 1988-ci ildən isə redaktor müavini təyin edilir.
25 il jurnalist kimi fəaliyyət göstərən T. Əhmıdov 1979-cu ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
Müxtəlif səpkili yazıları hər zaman rayon sakinləri tərəfindən ehtiramla qarşılanmış, yaxşı mənada diqqəti cəlb etmişdir. Rayonun bütün kəndlərini, müəssisə və təsərrüfatlarını bir-bir gəzərək qabaqcıl işçilər, zəhmət adamları, eyni zamanda nümunəvi müəssisələr haqqında silsilə yazılar, maraqlı oçerklər qələmə almışdır.
Həyat yoldaşı və 4 övladı Bakı Dövlət Universitetini bitiriblər.
1992-ci il iyul ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində "Kommersiya-informasiya" xidməti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1999-cu ilə qədər həmin vəzifədə çalışmış, sonra təqaüdə çıxmışdır.
Tofiq Əhmədov 25 dekabr 2012-ci ildə ömrünün 79-cu baharında dünyasını dəyişdi.