Tofiq Abasquliyev (1927, Qaryagin, Qaryagin qəzası – 2011, Bakı) — dilçi alim, Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzinin direktoru.
Həyatı
Abasquliyev Tofiq Əsgər oğlu 1927-ci ildə Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə müəllim və direktor vəzifələrində çalışmışdır. Sonra Azərbaycan Xarici Dillər İnstitutunun İngilis-Azərbaycan fakültəsini də fərqlənmə diplomu ilə bitirmişdir.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və İngilis dili kafedrasında çalışmış, Xəzər Universitetinin İngilis dili kafedrasına (departmentinə) başçılıq etmişdir.
Tofiq Abasquliyev 1992-ci ildən başlayaraq pedaqoji və elmi fəaliyyətini əsasən Xəzər Universitetində davam etdirmiş, hal-hazırda Xəzər Universitetinin professoru və "Lüğət və Ensiklopediya Mərkəzi"nin müdiri vəzifələrində elmi-təşkilati işlə məşğuldur.
Elmi-pedaqoji fəaliyyəti
Tofiq Abasquliyevin elmi işləri İngilis dilinin qramatikası, terminologiya və tərcümə, frazeologiya və leksikoqrafiya sahələri üzrədir.
"İngilis Atalar Sözləri və Onların Azərbaycanca, Rusca Qarşılıqları" adlı kitabı ("Elm", Bakı, 1981) 1012 ingilis atalar sözü və zərbi-məsəlin azərbaycanca və rusca tərcüməsinə, uyğun qarşılığının tapılmasına və onların şərhinə həsr olunmuşdur.
Tofiq Abasquliyev bircildli "Azərbaycanca-İngiliscə Lüğət" (redaktoru O. Musayev) müəlliflərindən biridir.
"Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət (ing. Khazar English — Azerbaijani Comprehensive Dictionary) adlı sanballı 6 cildli əsər Tofiq Abasquliyevin müdiri olduğu "Lüğət və Ensiklopedia Mərkəzi"ndə yazılmışdır. Azərbaycan dilçiliyinin və ümumiyyətlə Azərbaycan elmi və mədəniyyətinin ən mühüm uğurlarından biri sayılan bu lüğətin müəllifləri Tofiq Abasquliyev, Hamlet İsaxanlı, Kərim Qasımov, Nejad Mikayılzadə və Nabat Məmmədova, redaktorları Tofiq Abasquliyev və Hamlet İsaxanlıdır.
"Əməkdar müəllim" fəxri adına layiq görülüb.[1]
İstinadlar
Lüğətlər və ensiklopediyalar | |
---|
|