Tokotin Yapon İncəsənəti Muzeyi (ivr. מוזיאון טיקוטין לאמנות יפנית) – İsrailin Hayfa şəhərində, Karmel dağının təpəsində yerləşən yapon incəsənəti muzeyi. Orta Şərqdə yapon incəsənətinə həsr olunmuş yeganə muzeydir. Muzey 1960-cı ildə kolleksiyaçı Feliks Tikotin və Hayfa şəhərinin meri Abba Huşi tərəfindən yaradılmışdır.[1]
Tarixi
Feliks Tikotin yapon incəsənətinin kolleksiyaçısı olan yəhudi olmuşdur. O, topladığı kolleksiyalarla bir çox muzeydə yapon incəsənəti sərgiləri təşkil etmişdir. İkinci dünya müharibəsi zamanı nasistlərdən qaçmış və kolleksiyasını Niderlandda gizlətmişdir.[2] Müharibədən sonra kolleksiyasını İsrailə gətirməyə qərar vermiş və 1956-cı ildə İsrailə gələrək kolleksiyasını muzeylərindən birinə bağışlamışdır. Hayfa şəhərini ziyarət edərkən şəhərin meri Abba Huşi ilə görüşmüş və Hayfada yapon incəsənəti muzeyi qurmaq qərarına gəlmişdir.[3]
Tikotin Niderland, Belçika, Fransa, İngiltərə və Yaponiyaya səyahət edərək ideyası üçün dəstək axtarmışdır. O, Natake Asano kimi muzey direktorlarından, Tokio İncəsənət Universitetindən Çisaburo Yamada kimi akademiklərdən və Viktor Suzuki kimi ruhani liderlərdən kömək almışdır.[4] 18 may 1958-ci ildə Hayfa bələdiyyəsinin keçirdiyi görüşdə Hayfa şəhərində yerləşən Kiş evinin alınaraq muzeyə çevrilməsi qərarı verilmişdir.
1959-cu ilin fevralında muzey üçün planlar təsdiqlənmiş və sərgi zalı üçün tikinti işləri başlamışdır. Muzeyin açılışı 25 may 1960-cı ildə baş tutmuşdur. Tikotinin istəyi ilə muzeyin qəyyumlar şurası təşkil edilmişdir. Bu şuraya onun qızı İlana Drukker Tikotin başçılıq edir.
1982-ci ildə yapon xeyriyyəçi Ryoiçi Sasakava yeni korpus tikintisi üçün yarım milyon dollar bağışlamışdır. Yaponiya memarı Cunzo Yoşimuranın dizaynı əsasında tikilən korpusun açılışı 1995-ci ildə baş tutmuşdur.
Kolleksiyalar
Muzeyin kolleksiyasına 8000-ə yaxın eksponat daxildir. Bu kolleksiya rəsm əsərləri, qravürlər, eskizlər, parçalar, antik mətnlər, keramikalar, netsukelər, lak və metal məmulatlar, antik qılınclardan ibarətdir. Eksponatların çoxu XVII–XIX əsrlərə, eləcə də, müasir dövrə aiddir.[5] Şəxsi ianələr hesabına muzeyin kolleksiyası böyüyür.[6][7]
Sərgilər yapon mədəniyyətinin müxtəlif aspektlərini əhatə edir.[8] Yapon adətlərinə görə otağın interyeri mövsümə əsasən dəyişdirilir. Buna görə də sərgilər hər 3 aydan bir yenilənir. Sərgilər üçün illüstrasiya olunmuş kataloqlar və izahedici mətnlər hazırlanmışdır.[9] Muzeyin mağazasında sərgi afişaları satılır.[10]
Qalereya
İstinadlar
Xarici keçidlər