Tikanlı kəvər |
---|
|
|
|
|
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü.
Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Kəvərin çiçəklərinin qönçə dövründə onda 100-150 mq % C vitamini, 0,32 % rutin, 21-28 % azotlu maddələr, 4-5 % piyli maddələr olur. Toxumlarında 25-30 % piyli yağ vardır ki, bu da tərkib etibarilə 12-13 % doymuş yağ turşularından, 22-24 % olein, 33-51 % linol turşularının qliseridlərindən ibarətdir.
Təbii yayılması
Yabanı halda Aralıq dənizi sahillərində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Pakistanda və Hindistanda yayılmışdır.
Botaniki təsviri
Çoxillik yarımkol bitkidir. Oduncaqlı əsas gövdədən hər tərəfə sürünən, uzunluğu 2 m-dək olan budaqları çıxır. Çoxsaylı kiçik yarpaqlarıyumru və ya ellipsvari formalı, ucu biz, qısa saplaqda yerləşir, saplaqların bünövrəsində iynə kimi yalançı zoğları vardır. Çiçəkləri tək, iri (diametri 5-8 sm), ağ bəzən sarımtıl və ya çəhrayı çalarlıdır. May-iyunda, bəzən iki dəfə (sentyabr-oktyabrda)çiçəkləyir. Meyvələri uzunsov-oval, ətli, giləmeyvə şəkilli, uzunluğu 2 sm-dək, yaşıl rənglidir. Yetişdikdə içəri tərəfdən çoxsaylı, qonur toxumları, burulan dörd laylarla açılır. Kökü qalın, güclüdür.
Ekologiyası
Yaxşı drenajlı, günəşli yerdə, pH 6, 3-8, 3 olan quru torpaqlarda bitir. Qışda temperaturu +10 °C-dən aşaği olmayan rayonlarda becərilməsi məsləhətdir.
Azərbaycanda yayılması
Azərbaycanda tikanlı kəvər ancaq yabanı növü halda yayılmışdır. Böyük və Kiçik Qafqazda, Abşeronda, Şamaxıda, Naxçıvanda, Sumqayıtda, Xızıda və s. rayonlarda bitir.
İstifadəsi
Qabığının həlimi iştaha artıran və mədənin fəaliyyətini yaxşılaşdıran ədviyyat kimi istifadə edilir. Köklərin hər qabığı diş ağrısında çeynənir və irinli yaralarda istifadə olunur. Kaperslərin meyvələrində steroid saponinlər, alkaloidlər, karbohidratlar (32,9%), askorbin turşusu (150 mq %-dək) və yağ (3,75%);küklərin qabığında-staxidrin alkaloidi vardır.
İstinadlar
Həmçinin bax