Sosial təminat hüququ

Sosial təminat hüququnun anlayışı

İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:

  • insan həyatının müəyyən — sosial-iqtisadi sahəsinə şamil edilməsi;
  • əsas müddəalarda məsləhətverici, "qeyri-ciddi" təriflərin verilməsi (məsələn, "layiqli həyat", "ədalətli və uyğun həyat şəraiti");
  • sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması.

Sosial təminat hüququ əmək qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərərfindən müvafiq müavinətlərin ödənilməsindən və təşkilati-hüquqi digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Aşağıda göstərilən hallarda vətəndaşların sosial təminat hüququ müəyyənləşdirilir:

  1. qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda;
  2. xəstəliyi olduqda;
  3. əlilliyi olduqda;
  4. ailə başçısını itirdikdə;
  5. əmək qabiliyyətini itirdikdə;
  6. işsiz olduqda.

Qanunun 4. 1 maddəsinə uygun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:

  • Yaşa görə əmək pensiyası;
  • əlilliyə görə əmək pensiyası;
  • ailə başçısını itirməyə görə əmək pensiyası;

Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir:

  • Baza hissəsindən;
  • Sığorta hissəsindən;
  • Yığım hissəsindən.

Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:

  • Baza hissəsindən;
  • Sığorta hissəsindən;
  • Yığım hissəsindən.

Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:

  • Baza hissəsindən;
  • Sığorta hissəsindən.

Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Sosial təminat hüququnun predmeti, metodu və sistemi

Sosial təminat hüququnun predmetinə daxil olan münasibətləri aşağıdakı kimi təsnifləşdirmək olar:

  1. Sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlər. Bura aiddir :pensiyalar, müavinətlər , kompensasion ödəmələr və s.
  2. Sosial təminatın "natural" növləri ilə bağlı yaranan münasibətlər. Bura aiddir: tibbi yardım və müalicə, pulsuz və ya güzəştli dərman yardımı, sanatoriya- kurort müalicəsi, tam və yarımstasionar sosial xidmət, uşaqların internatlarda və ya uşaq müəssisələrində saxlanması, əlillərin peşə hazırlığı və işə düzəldilməsi, əlillərin nəqliyyat vasitələri ilə təmin edilməsi, protez- ortopedik yardım , əlillərə pulsuz mənzil verilməsi, sosial təminat sistemi üzrə güzəştlər.
  3. Sosial təminat sistemi üzrə pul ödəmələri və sosial təminatın "natural" növləri ilə bağlı yaranan münasibətlərin normal fəaliyyət göstərməsi üçün obyektiv surətdə zəruri olan prosedur və prosessual xarakterli köməkçi münasibətlər. Bura aiddir: hüquqi faktların müəyyən edilməsi , sosial təminatın bu və ya digər növünə olan hüququn reallaşdırılması, pozulmuş hüquqların müdafiəsi və s.
  4. Sosial təminat hüquq sahəsinin predmetinə bilavasitə bölüşdürmə münasibətlərinin realizəsi ilə əlaqədar olaraq yaranan münasibətlər də daxildir. Bu münasibətlər hüquq tətbiqedici fəaliyyət üzrə münasibətlərdir. Göstərilən münasibətlərin məzmununu hüquqi faktların müəyyən edilməsi, sosial təminat məsələləri üzrə qərarların qəbul edilməsi və s. təşkil edir.

Beləliklə, sosial təminat hüququnun predmetini sosial təminat sistemi vasitəsilə daxili məhsulun bölüşdürülməsi ilə bağlı yaranan maddi və prosedur-prosessual xarakterli mürəkkəb kompleks ictimai münasibətlər təşkil edir.

Metodu

Hər bir hüquq sahəsinin müstəqil sahə kimi fərqləndirilməsi üçün ikinci zəruri amil kimi hüquqi tənzimetmə metodu cıxış edir.Sosial təminat hüququnun metodu dedikdə, vətəndaşların sosial təminatı üzrə ictimai münasibətlərin hüquqi tənziminin üsul və vasitələrinin məcmusu başa düşülür.

Sistemi

Sosial təminat hüququnun sistemi dedikdə, onun daxilində hüquq normalarının elmi şəkildə əsaslandırılmış düzülüşü başa düşülür. Sosial təminat hüququnun normalarını ümumi və xüsusi hissədə qruplaşdırmaq olar.

Sosial təminat hüququnun ümumi hissəsinə hüquqi tənzimetmənin prinsip və vəzifələrini, sosial təminat sahəsində əsas hüquqları ifadə edən normalar daxildir.

Xüsusi hissəyə təminatın ayri-ayrı növlərinin təyin edilməsini müəyyən edən normalar daxildir. Normaların bu qrupları hüquq sahəsinin institutlarını yaradır. Nümunə kimi bu institutları göstərmək olar: yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə əmək pensiyaları, işsizliyə görə, müvəqqəti olaraq əmək qabiliyyətini itirməyə görə müavinətlər və s.

Beləliklə, sosial təminat hüququnun sistemi tənzimlənən ictimai münasibətlərin spesifikliyinə uyğun olaraq müəyyən ardıcıllıqla yerləşmiş, bir-biri ilə qarşılıqlı əlaqədə olan institutların və normaların məcmusunu ifadə edir.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!