Sosial terminlər (ing. social—"sosial", lat.terminus—"sərhəd, son hədd") — sosial iş sahəsinə aid olub əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərə necə müraciət edəcəyimizi müəyyənləşdirən sözlərdir.
13 dekabr 2006-cı ildə BMT tərəfindən "Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya " qəbul olundu. Konvensiyanın əsas məqsədlərindən biri əlilliyi olan şəxslərin ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir. 2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən bu Konvensiyaya qoşulmaq barəsində qanun imzalanıb və bu Konvensiyanın icrası ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi üzrə vəzifələr müəyyənləşdirilib. Əlilliklə bağlı sosial terminlər həmin Konvensiyada nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq hazırlanmışdır. Onların sırasında Konvensiyanın 3-cü maddəsinin b) bəndində — ayrı-seçkiliyə yol verilməməsi, d) bəndində — əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması, 4-cü maddəsinin 1.b) bəndində — əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirlərin, o cümlədən qanunvericilik tədbirlərinin görülməsi, 8-ci maddəsinin 1.a) bəndində — əlillik məsələlərində, ailə səviyyəsi də daxil olmaqla, bütün cəmiyyətin maariflənməsini yüksəltmək və əlilliyi olan şəxslərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək və 2.i) bəndində — əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin həvəsləndirilməsi və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsi kimi göstərilən öhdəlikləri qeyd etmək olar.[1]
İzahlı sosial terminlər
A
Abduksiya (Abduction) – qolun və ya ayağın tam və ya bir hissəsinin bədənin şaquli vəziyyətindən kənara doğru hərəkəti.
Abilitasiya (Abilitation) – əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşama imkanının artırılması.
Aqrafiya (Agraphia) – yazı prosesinin ağır dərəcədə pozulması.
Aleksiya (Alexia) – yazılmış sözlərin və ya hərflərin tanıma qabiliyyətinin məhdudlaşması səbəbindən mətni oxumaq bacarığının itirilməsi.
Autizm (Autism) – uşaqlarda üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən xəstəlik.
B
Baxıcı (Caregiver) – qayğıya möhtac şəxsə evində yardım göstərən, onun hər cür gündəlik qayğılarını öz üzərinə götürən, adətən sertifikatı olmayan, əsasənailə üzvləri və ya yaxınlarından olan şəxs.
Birinci qrup əlillik (Disability of Group I) – xəstəlik, travma və ya anadangəlmə məhdudiyyətlər nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) kəskin məhdudlaşmasıdır. Bununla əlaqədar xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı vardır.
Brayl əlifbası (Braille, Braille script) – 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub yazması üçün tərtib edilən əlifba.
D Daun sindiromu (Down's syndrome) – xromosom saylarında olan pataloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilən formadır. Bu, genetik nizamsızlıq nəticəsində insanın 21 xromosom cütündə artıqdan bir xromosom olması vəziyyəti və bunun nəticəsi olaraq ortaya çıxan xəstəliyə verilən addır.