Smartbuk (ing.Smartbook) — 2009 – 2010-cu illər arasında istehsal edilmiş həm smartfonun, həm də netbuk kompüterinin müəyyən xüsusiyyətlərini özündə birləşdirən mobil cihaz sinfi.[1] Smartbuklar noutbuk və ya planşet tipli korpusda daim aktiv, bütün gün davam edən batareya ömrü, 3G, ya da Wi-Fi bağlantısı və GPS (adətən smartfonlarda olur) kimi xüsusiyyətlərlə reklam olunurdu. Onların 5– 10 düym ekran ölçüsü, fiziki və ya yumşaq toxunma ekranlı klaviaturası var idi.[2]
Bir Almaniya şirkəti "Smartbook" brendi altında notbuklar satırdı və bir çox ölkələrdə (ABŞ, Çin, Yaponiya və ya Hindistan kimi bəzi böyük bazarlar daxil olmamaq şərtilə) sözün ticarət nişanına sahib idi. Bu, başqalarının məhsullarını təsvir etmək üçün smartbuk terminindən istifadə etməsinə mane olmaq üçün hərəkət etmişdir.[3][4]
Smartbuklar məhsuldarlıqdan daha çox əyləncə məqsədləri üçün nəzərdə tutulmuşdur və adətən onlayn proqramlarla işləmək üçün nəzərdə tutulmuşdur.[5] Onların simsiz məlumat planı ilə birlikdə mobil telefonlar kimi mobil şəbəkə operatorları vasitəsilə subsidiya ilə satılacağı proqnozlaşdırılırdı.[6]
Android və iPad kimi daha populyar planşetlərin meydana gəlməsi, adi masaüstü kompüterlərin və notbukların populyarlığı səbəbilə smartbuk gündəmdən düşmüşdür.[7]
Smartbuk konsepsiyası "Qualcomm" tərəfindən 2009-cu ilin may ayında "Snapdragon" texnologiyasının marketinqi zamanı xatırlanmışdır və məhsulların həmin ilin sonunda satışa çıxarılması gözlənilirdi.[8] Əsas proqram təminatının (xüsusən "Adobe"nin xüsusi "Flash Player"inin) ARM arxitekturasına uyğunlaşdırılmasında çətinliklərin yaşanması[9] buraxılışları 2010-cu ilin birinci rübünə qədər təxirə salmışdı.[10]
Smartbuklar adətən masaüstü kompüterlərdə olan ənənəvi prosessorlardan daha çox enerjiyə qənaət edən prosessorlarla təchiz edilmişdilər.[1] İlk smartbukların Linuxəməliyyat sisteminin variantlarından, məsələn, "Google"un Android və ya "ChromeOS" əməliyyat sistemlərindən istifadə edəcəyi gözlənilirdi. ARM prosessoru onlara x86 prosessorlarından istifadə edən daha böyük cihazlarla müqayisədə daha uzun batareya ömrü əldə etməyə imkan vermişdi.[8][9] 2010-cu ilin fevralında "ABI Research" 2015-ci ildə 163 milyon smartbookun tədarük ediləcəyini proqnozlaşdırmışdı.[11]
Bir çox ölkələrdə "Smartbook" sözü "Smartbook AG" tərəfindən qeydə alınmış ticarət nişanı olmuşdu.[12][13] 2009-cu ilin avqustunda Almaniya məhkəməsi "Smartbook AG"dən bəhs edilmədiyi halda "Qualcomm"un Almaniyadan "Smartbook" sözünü ehtiva edən bütün veb səhifələrinə girişi bloklamağa qərar vermişdi.[14] "Smartbook AG" ticarət markasını qorumuşdur.[4][15] 2010-cu ilin fevralında çıxarılan qərar "Lenovo"nun bu termindən istifadə etməsinə mane olmuşdu.[16]
2010-cu ilin sonunda "Qualcomm"un icraçı direktoru Pol Ceykobs etiraf etmişdi ki, iPad kimi planşet kompüterlər artıq smartbukların yerini tutmuşdular. Onlar bu səbəbdən bu adı ləğv etmişdilər.[7]