Siqx dövləti — 1764-сü ildə Cənubi Asiyada Pəncab ərazisində siqxlər tərəfindən təşkil edilmiş və 1799-cu ildə tam formalaşmış dövlət. Amritsar və Lahor kimi mərkəzləri var idi. Dövlət misalilərə bölünürdü, misalilərə misaldarlar rəhbərlik edirdi. Ümumi sayı 12 idi və hər birinin təxminən 70.000 süvarisi var idi.
Tarixi
1764-cü ildə Pəncab ərazisində müstəqil Siqx dövləti təşkil edildi. Bu dövlət, feodal istismarçılarına qarşı xalq kütlələrinin yüz ildən bəri apardığı mübarizənin nəticəsində yaradılmışdı. Bunun nəticəsi olaraq siqx icması (xəlsə) mülki və hərbi işlər sahəsində ali hakimiyyət orqanı elan edildi. Hakimiyyətdən devrilmiş feodal zadəganların torpaqları müsadirə edilib icma mülkiyyəti elan olundu. Kəndlilərin vəziyyəti müvəqqəti olaraq yüngülləşdirildi.
Xarici işğalçılara qarşı müvəffəqiyyətli ümumxalq mübarizəsi kütlələrin vətənpərvərlik şüurunun artmasına kömək etdi. Əfqan ordularının 1764-cü və 1767-ci illərdə Hindistana yenidən soxulmaq cəhdləri Pəncabın xalq kütlələri tərəfindən qəti surətdə dəf edildi.
Bu hadisə Əhməd şahın öz qoşunlarını Hindistandan çıxarmağa məcbur olmasında həlledici rol oynadı. Lakin XVIII əsrin 70-90-cı illərində Britaniya müstəmləkəçilərinə qarşı Hindistanın apardığı şiddətli mübarizədə Pəncab ciddi rol oynaya bilmədi, çünki döyüş meydanı Pəncabdan xeyli uzaqda idi.
XIX əsrin 70-ci illərində Siqx dövlətinin özündə də daxili ictimai-siyasi vəziyyət dəyişmişdi. Siqxlərin hərbi sərkərdələri (sərdarlar) ən yaxşı və çoxlu münbit torpaqlar ələ keçirmişdilər. Onlar Pəncab əhalisinin əksəriyyətini təşkil edən, siqx olmayan kəndliləri istismar etməyə başlamışdılar. Zəif siqx hökuməti cəmi bir neçə il fəaliyyət göstərdi. Nəticədə Pəncab on iki xanədana (misala) parçalandı ki, bunların da hakimləri arasında fasiləsiz mübarizə başlandı. Bu mübarizə XIX əsrin əvvəllərinədək davam etdi.[2]
12 aprel 1801-ci ildə Rancit Sinq Maxaraca kimi taxta çıxmışdı. 1799-cu ildən paytaxt şəhər Qucranvala oldu. 1802-ci ildə isə paytaxt Amritsar və Lahora köçürüldü.
Rancit Siqxin ölümündən sonra 1839-cu ildə sərdarlar arasında münaqişə baş verdi, bu da zamanla həmin sərdarların zamanla iri feodallara çevrilməsi ilə nəticələndi. Bu dövlət 1849-cu ilə qədər mövcud oldu və ikinci ingilis-siqx mühariibəsi nəticəsində Britaniya müstəmləkəsinə çevrildi.[2]
Sonuncu siqx knyazı Dalip Siqx taxtdan salındı və ömrünün sonuna qədər Britaniya hökumətindən təqaüd aldı.
İstinadlar