Santa Mariya della Salute (it.Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır.
Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir. Məbədin daxili talarla əhatələnmiş geniş səkkizguşəli sahədən ibarətdir. Kümbəzin oturmuş olduğu sütunların uzunluğu 60 metrdir. Mərmər döşəmə konsentrik çevrə şəkilli döşənmişdir. Mərkəzi şəkkizguşənin ətrafında bazilika perimetrli 6 kapella yerləşir.
Bazilikanın Mərkəzi qurbangahı Bakirə Məryəmin şəhərin taundan xilas etmə möcuzəsinə həsr edilmiş mərmər heykəl ilə bəzədilmişdir. Qurbangahın mərkəzində Krit adasından gətirilmiş müqəddəs Məryəmin şəfaverci ikonası: Madonna della Saluta yerləşir. Bazilika ətrafı kapellaların birindən başqa hamısı Bakirə Məryəmə həsr edilmişdir. Burada Tisian Veçellio tərəfindən "Həvari Mark taxtda" məharətlə işlənilmişdir. Bazilikada Tintorettonun məşhur "Kanda nikah" əsəri saxlanılmaqdadır.