Rəşad Yavər oğlu Əliyev (21 avqust 1980, Bakı) — Azərbaycan alimi, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Texniki Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru, AzTU-nun dosenti, AzTU Basketbol klubunun prezidenti.
Həyatı
Rəşad Əliyev 1997–2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.[1]
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistr pilləsini bitirib.[2]
2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.[3][1]
2005–2006-ci illərdə "Azərbaycan Ticarət və Dağıtım" MMC, "Azərsun Holdinq" və "Sun Qrup Menecment" MMC-də dizayner, marketinq mütəxəssisi, məhsul müdiri vəzifələrində çalışıb.[4]
2006 – 2009-cu illərdə "Azərbaycan Sənaye Bankı" ASC-də bank proqramı üzrə mütəxəssis, informasiya texnologiyaları üzrə baş mütəxəssis, İnformasiya texnologiyaları departamentinin direktor müavini, İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifələrində işləyib.[4]
2009–2012-ci illərdə "Royal Bank" ASC-nin İT departamentinin direktor müavini, direktoru vəzifələrində çalışıb.[4]
2014–2016-ci illərdə "Zirvə İdman Kompleksi" MMC-də (AAAF Park Yaşayış Kompleksi) direktor müavini, 2018–2020 "AAAF Holdinq"in İdarə Heyətinin sədri vəzifələrini icra edib.[5][4]
10 il müddətində MilliNet internet mükafatının təşkilat komitəsinin üzvü olub, həmçinin "Startup Azerbaijan"da mentorluq fəaliyyəti ilə məşğul olub.[4][6]
2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi"nin müdiri vəzifəsində işləyib.[7][8]
Təhsil nazirinin əmri ilə 2021-ci il avqustun 11-də AzTU-nun Rəqəmsallaşma və layihələr üzrə prorektoru təyin olunub.[9][10]
16 Sentyabr 2022-ci il tarixindən etibarən AzTU Basketbol klubuna prezident təyin olunub.
Elm və Təhsil nazirinin əmri ilə 2023-ci il fevral ayının 22-də AzTU-nun Maliyyə-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.
İstinadlar