Radiasiya – radioaktiv kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qama şüaları və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal olaraq dəyişir.
Radiasiya növləri
Cəm və əksolunan radiasiya
Cəm və əksolunan radiasiya (Q) cəm radiasiyası horizontal səthə düşən (D) səpələnən və (S) düz radiasiyaların cəminə bərabərdir:
Q = S+ D
Cəm radiasiya universal pironometr(M- 80M), əksolunan radiasiya isə albedometr cihazı vasitəsilə ölçülür.
Düz radiasiya
Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Səpələnən radiasiya
Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir.
Albedo
Cəm radiasiyanın tərkibində düz və səpələnən günəş radiasiyalarının nisbəti Günəşin horizontda yüksəkliyindən, buludluluğun miqdarından və atmosferin çirklənmə dərəcəsindən asılıdır. Cəm radiasiyanın bir hissəsi Yer səthinə çataraq yenidən atmosferə şüalanır. Cəm radiasiyanın Rk əksolunan hissəsinin ümumi Q cəm radiasiyaya nisbəti çox vacib xarakteristikalardan biri olub, səthin əksetmə qabiliyyəti və ya A albedosu adlanır:
A = Rk/ Q
Albedo adətən faizlə ifadə olunur. Səthin albedosu onun rəngindən, kələ-kötürlüyündən, rütubətindən və digər xüsusiyyətlərindən asılıdır. Su səthinin albedosu adətən quru səthindən kiçik olur. Qar və buz səthinin albedosu isə daha böyük olur. Yerin süni peyklərindən qurunun, dənizin və bulud örtüyünün albedosunun müşahidələri aparılır. Albedonun qiymətinə görə bəzi təbiət hadisələri haqda fikir yürütmək olur(məsələn, dənizdə dalğanın hündürlüyü, bulud örtüyünün qalınlığı və s.)
Radiasiya balansı və onun tərkib hissələri
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Bu şüalanmanın əsas hissəsi Yerə yönəlmişdir. Yer səthinə gələn və şüalanan radiasiya fərqləri radiasiya balansı adlanır. Radiasiya balansı qısa və uzundalğalı radiasiyadan ibarətdir. Radiasiya balansının tərkib hissələri bunlardır:
- S- düz radiasiya
- D- səpələnən radiasiya
- Rk- əksolunan radiasiya
- Ez- yerin uzundalğalı şüalanması
- Ea- atmosferin uzundalğalı qarşılıqlı şüalanması
Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir. Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.[1]
Ətraf mühitin radiasiya şəraiti
Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv çirklənməsi yaradır. Atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur. Qeyd etmək lazımdır ki, 1950–60-cı illərdə keçmiş SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin tərəfindən genişmiqyaslı yer üzərində və açıq okeanlarda nüvə silahı sınaqlarının aparılması nəticəsində atmosfer havası, su obyektləri və yerüstü torpaq qatları süni radioaktiv çirklənməyə məruz qalmışdır. Bununla yanaşı, ətraf mühitin radiasiya fonuna dünyanın müxtəlif ölkələrində Atom Elektrik Stansiyaları və digər obyektlərdə baş verən texnogen qəzalar da böyük təsir göstərir.
İstinadlar
- ↑ Шихлинский Э. М. Радиационный баланс Азербайджана. Баку,1960
Xarici keçidlər
Həmçinin bax