Rəsul Cəfərov

Rəsul Cəfərov
Doğum tarixi 17 avqust 1984(1984-08-17) (40 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hüquqşünas, insan hüquqları fəalı
Partiyası

Rəsul Cəfərov (17 avqust 1984, Bakı) – azərbaycanlı hüquq müdafiəçisi.[1]

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edildi.[1] O, Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham olundu və 2015-ci il aprelin 16-da 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.[1] Rəsul Cəfərovun həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən Azərbaycan iqtidarına, onun azad edilməsi üçün çağırışlar edilməyə başlanıldı.[1] "Freedom House" və "Amnesty International" insan haqları qurumları Rəsul Cəfərovu siyasi məhbus olaraq tanıdı.[1] ABŞ-nin Azərbaycan Səfirliyi və Dövlət Departamenti, habelə Avropa Şurası Parlament Assambleyası (AŞPA), "Amnesty International", "Freedom House" və "Human Rights Watch" Azərbaycan iqtidarına Rəsul Cəfərovun azad edilməsi üçün dəfələrlə çağırışlar etdilər.[1] Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə əfv edildi.

Həyatı

Rəsul Ağahəsən oğlu Cəfərov 1984-cü il avqustun 17-də Bakı şəhərində anadan olub.[1] 1990–2000-ci illərdə Bakı şəhərində 20 №-li məktəb-liseyi bitirən Rəsul Cəfərov, 2000–2004-cü illərdə Qərb Universitetində "beynəlxalq hüquq" ixtisası üzrə bakalavr təhsili, 2004–2006-cı illərdə isə həmin universitetdə "Avropa hüququ" ixtisası üzrə magistr təhsili alıb.[1] 2006–2007-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olan Rəsul Cəfərov, 2018-ci ildə Mərkəzi Avropa Universitetində (CEU) "Konstitusiya hüququ" üzrə magistr təhsili alıb.[1]

Fəaliyyəti

Həbs edilməsi

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edildi. Avqustun 2-də Nəsimi rayon Məhkəməsi Qərarı ilə Rəsul Cəfərov barəsində üç aylıq həbs qəti-imkan tədbiri seçildi.

Avqustun 4-də isə Azərbaycanın Baş Prokurorluğu Rəsul Cəfərova qarşı ittihamlarla bağlı bəyanat yaydı:

Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallara əsasən, Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlarda Cəfərov Rəsul Ağahəsən oğlunun həmtəsisçisi və sədri olduğu hüquqi qeydiyyatı olmayan "İnsan Hüquqları Klubu" ictimai birliyində şübhəli bank əməliyyatları həyata keçirilməsi qeyd edildiyindən birliyin fəaliyyəti məhkəmə qərarı əsasında Maliyyə Nazirliyi və Vergilər Nazirliyi, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.

Rəsul Cəfərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2010-cu ilin oktyabrından etibarən ABŞ-nin Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etmədən qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 147.900 manat məbləğində külli miqdarda gəlir əldə etməklə, habelə dövlət büdcəsinə ödənilməli olan 6.162 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr mövcuddur.

Rəsul Cəfərovun Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanın Baş Prokurorluğunun Rəsul Cəfərovla bağlı bəyanatı

Rəsul Cəfərov isə ona qarşı sürülən ittihamlar üzrə özünə təqsirli bilmədiyini və həbs edilməsinin siyasi motivlərlə olduğunu bildirdi. Onun vəkili Xalid Bağırovun "Voice of America" Radiosunda verdiyi müsahibə bunları demişdi:

Rəsul Cəfərovun dövlət qeydiyyatına alınmış QHT-si yox idi və o, müxtəlif layihələrdə koordinator kimi iştirak edirdi, bu isə vəzifə deyil. Vəzifəsi olmayan Rəsul Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə də edə bilməzdi. Buna görədə irəli sürülən 308-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə) əsassızdır.

Xalid Bağırov

Avqustun 4-də "Amnesty International" Rəsul Cəfərovun həbsi ilə bağlı bəyanat verdi. "Azərbaycan: Daha bir tanınmış hüquq müdafiəçisi dəmir barmaqlıqlar arxasına atılıb" adlı bəyanatda, Rəsul Cəfərovun insan haqları müdafiəçisi olduğuna görə cinayət ittihamları irəli sürüldüyü və onun ifadə azadlığı hüququndan istifadə etdiyinə görə azadlıqdan məhrum edildiyi bildirilib. Bəyanatın sonunda Rəsul Cəfərov "Amnesty International" tərəfindən vicdan məhbusu hesab edilib.

Avqustun 5-də isə "Human Rights Watch" Rəsul Cəfərovun dərhal həbsdən azad edilməsi üçün bəyanat verdi. "Human Rights Watch"-un rəhbərinin müavini Raçel Denderin Rəsul Cəfərovla bağlı bunları demişdi: Azərbaycan iqtidarı Rəsul Cəfərovu dərhal həbsdən azad etməli, bütün siyasi motivli ittihamları onun üzərindən götürülməlidir. Onlar həmçinin vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymalıdır. Rəsul Cəfərov iqtidarı fəal tənqid edənlərdən biridir və siyasi motivli ittihamlara məruz qalıb.

Azad edilməsinə dair bəyanatlar

Rəsul Cəfərovun həbs edilməsindən dərhal sonra bir-sıra yerli və beynəlxalq insan haqları qurumlarından başqa bir-sıra siyasətçilərdən onun həbsi ilə bağlı bəyanat vermişdi.

Avqustun 6-da Avropa İttifaqının (Aİ) Avropanın genişlənməsi və qonşuluq məsələləri üzrə Komissarı Ştefan Füle, Rəsul Cəfərovun həbsindən narahat olduğunu bildirdi.[2]

Rəsul Cəfərovun həbsi Azərbaycan hakimiyyətinin məqsədyönlü şəkildə vətəndaş cəmiyyətini məhdudlaşdırılması təəsüratını yaradır.

Avqustun 7-də ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, Rəsul Cəfərovun həbs olunduqdan sonra KİV-lərə hücumların davam etməsindən narahat olduğunu bildirdi.

Görünür, bu hərəkətlər azad fikrin və KİV azadlığının məqsədyönlü şəkildə susdurulmasına yönələn kampaniyanın tərkib hissəsidir. Mən hakimiyyəti Rəsul Cəfərovu dərhal həbsdən azad etməyə, tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırıram.

ATƏT-in nümayəndəsi Dunya Miyatoviç

Sentyabrın 2-də Океан Ельзи qrupu Rəsul Cəfərovun həbs edilməsi ilə bağlı müraciət verdi:

Keçmiş Sovet İttifaqı regionunda fəallara qarşı ən sərt repressiya gənclərin, elm insanlarının, siyasi fəalların və QHT-lərin rejimin hədəfinə çevrildiyi Azərbaycanda baş verir.

30 yaşlı hüquq müdafiəçisi Rəsul Cəfərov daim bu represiyanı işıqlandırmaq, Azərbaycan və onun əhalisi üçün yaxşı gələcəyi təmin etmə üçün çalışıb.

2011-ci ildə o, ölkədə insan hüquqlarının ağır durumunu nümayiş etdirmək üçün 2012-ci ildə Bakıda baş tutan Avroviziya Mahnı Müsabiqəsindən istifadə etmək məqsədi ilə "Sing for Democracy" Kampaniyasına başlayıb.

2013-cü ilin dekabrında o, Ukrayna ilə həmrəy olaraq, Maydanda olub. Həmin vaxt Океан Ельзи qrupu coşqun kütlənin qarşısında çıxış edərək öz konsertini etiraz aksiyaları zamanı həbs olunan və xəsarət alanlara həsr etmişdi.

Океан Ельзи qrupunun lideri Svyatoslav Vakarçuk

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 "Rəsul Cəfərov Kimdir?  (az.)". www.bbc.com (British Broadcasting Corporation). 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2015.
  2. "Avropa İttifaqının Komissarı Rəsul Cəfərovun həbsindən narahatdır.  (az.)". www.voanews.com (Voice of America). 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2014.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!