Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur.[1] 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir.[2]
Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş[2] və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır.[3]
Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir. 1955-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1956–1958-ci illərdə[4] Azərbaycan SSR yerli sənaye naziri, 1958–1969-cu illərdə Azərbaycan SSR maliyyə naziri olan Qurban Xəlilov 1969–1985-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, paralel olaraq 1970-ci ildən SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.[1]
Sov.İKP 24–27-ci qurultaylarının, Azərbaycan Kommunist Partiyasının 13, 14, 19, 22–31-ci qurultaylarının nümayəndəsi olmuşdur. 1970–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının 1985-ci ildəki 31-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir.[1]
1926-cı ildən Sov.İKP-nın üzvü, 1971–1986-cı illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü, SSRİ Ali Sovetinin (8–11-ci çağırış)[3], Azərbaycan SSR Ali Sovetinin (2, 5–11-ci çağırış) deputatı olmuşdur.[1]
Qurban Xəlilov 20 mart 2000-ci ildə Bakıda vəfat edib.[5]
↑ 1234Хәлилов Гурбан Әли оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 75.
↑ 12Гурбан Әли оғлу Хәлилов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 273.