Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972).
Həyatı
Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir.[1]
Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir.[2] Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır.[1]
1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur.[3] 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.[1]
Qurban Sultanov Böyük Vətən müharibəsi illərində "Qırmızı ulduz", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla, 1966-cı ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1964-cü ildə ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir.[1] Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (7–8-ci çağırış) seçilmişdir.[3]
Qurban Sultanov 30 sentyabr 1999-cu ildə vəfat etmişdir.[1] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ailəsi
Qurban Sultanov III dərəcəli dövlət ədliyyə müşaviri Ələddin Sultanovun qardaşı, 1-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri Hidayət Sultanovun atası, ictimai-siyasi xadim Yaşar Əliyevin qayınatası, Ombudsman Səbinə Əliyevanın babasıdır.
İstinadlar
Xarici keçidlər