Onikibarmaq bağırsaq (lat. duodenum) — nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25–30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir. Onikibarmaq bağırsaq özü bir neçə hissələrə bölünür: birinci hissə — lat. pars superior (pars horisontalis superior - BNA) onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə — enən hissəyə — lat. pars descendens keçir. Burada əmələ gələn əyriliyə lat. flexura duodenum superior deyilir. Onikibarmaq bağırsağın yuxarı hissəsi digər hissələrdən hərəkətlidir və uzunluğu 4–5 sm-dir. Enən hissə yuxarı hissədən iki dəfə uzundur, şaquli istiqamətdə onurğanın sağ tərəfi ilə aşağı boş venanın ön səthi ilə aşağıya doğru gedir və dördüncü bel fəqərəsinə çatır; burada ikinci əyrilik — lat. flexura duodeni inferior əmələ gətirdikdən sonra üçüncü və dördüncü hissə horizontal və qalxan hissə — lat. pars horisontalis inferior et pars ascendens adı ilə onurğanın ön səthi ilə sola və yuxarıya doğru gedir və ikinci bel fəqərəsinin bərabərində sol tərəfdə lat. flexura duodeno jejunalis adlanan əyriliyi təşkil edərək acı bağırsağa keçir. lat. flexura duodeno jejunalis əyriliyi öz vəziyyətində onikibarmaq bağırsağı asıcı əzələ — lat. m. suspensoris duodeni vasitəsilə saxlanılmışdır. Onikibarmaq bağırsağı asıcı əzələ saya əzələ liflərindən təşkil olunaraq, diafraqmanın bel hissəsinin içəri ayaqcıqlarından başlayır, mədəaltı vəzin arxası ilə aşağı enir və bağırsağın əzələ qişasına qarışır.
Sintopiyası
Onikibarmaq bağırsaq yuxarı hissədə qaraciyərin kvadrat payının altında yerləşərək, öd kisəsinin boynuna, mədəaltı vəziyə və köndələn çənbər bağırsağa söykənir. lat. Pars descendens duodeni sağ böyrək ilə mədəaltı vəziyə söykənir və önündə olan köndələn çənbər bağırsaq müsariqəsi ilə çarpazlaşır. Mədəaltı vəzin başı ilə bu hissənin arasında əmələ gələn şırımla ümumi öd axacağı — lat. ductus choledochus gedir və burada mədəaltı vəzi axacağı — lat. ductus pancreaticus ilə birləşərək onikibarmaq bağırsağın enən hissəsinə açılır. Üfüqi hissə arxa tərəfdən qarın aortası və aşağı boş vena ilə və ön tərəfdən yuxarı müsariqə arteriyasıvə venası ilə əhatə olunmuşdur. Onikibarmaq bağırsaq başlanan və qurtaran uclarında hər bir tərəfdən periton ilə əhatə olunmuşdur; yerdə qalan hissəsi ancaq ön tərəfdən seroz qişa ilə örtülür; beləliklə onikibarmaq bağırsaq peritondan xaric üzvlərdən hesab olunur.
Mənbələr
Xarici keçidlər