Nquyen Van Lem Vyetkonqdakapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir.[1]
Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanıCənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur.[2] O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir.[3] 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu.[4][5] İddialara görə, o, təxminən otuz dinc sakindən ibarət kütləvi məzarlıq yaxınlığında əsir götürülmüşdü.[6]
Loan bağlı məhbusu başından vurmaq üçün özünün ".38 Special" patronlu "Smith & Wesson Bodyguard" revolverindən istifadə edərək Lemi küçədə edam etmişdir.[7] Fotoşəkil hadisənin şahidi və "NBC News"un operatoru Vo Sıu və "Associated Press" fotoqrafı Eddi Adams tərəfindən qeydə alınmışdır. Fotoşəkil və video müasir Amerika jurnalistikasında məşhur obrazlara çevrilmişdir. Adamsa 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmışdır.[8]