Nina Kralyiç (xorv.Nina Kraljić; 4 aprel1992[1], Lipovlyani[d], Sisak-Moslavina jupaniyası[d][2]) — Xorvatiya müğənnisi, bəstəkarı və aktrisası. O, əsasən Xorvatiyanın The Voice səs yarışmasında qələbəsinə görə və Xorvatiyanı2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. 2016-cı ildə Nina Xorvatiyanın Porin musiqi mükafatına layiq görülmüşdür. Onun Samo adlı debüt albomu həmin ilin sentyabr ayında işıq üzü görmüşdür.
Nina Kralyiç 4 aprel 1992-ci ildə Xorvatiyada anadan olmuşdur. Onun atası Jelko, anası isə İrena Kralyiçdir. Tena adlı özündən yaşda kiçik bacısı var. Uşaqlıq illərindən musiqiyə həvəsli olan Nina ilk səhnə təcrübəsini 2009-cu ildə Xorvatiyanın Got Talent məharət yarışmasında iştirakdan almışdır. O, yarışmada onuncu yeri tutmuşdur. 14 yaşında ikən Nina musiqi təhsili almaq üçün ailəsindən ayrılmış və ölkənin Riyeka şəhərinə köçmüşdür. Orada yerləşən musiqi akademiyasında Nina opera üzrə təhsil almışdır.
Musiqi karyerası
Nina Kralyiç 2015-ci ildə Xorvatiyanın The Voice səs yarışmasında iştirak etmişdir. Yarışmada Nina Jak Hudekin komandasında yer almışdır. O, yarışmadakı yüksək səviyyəli ifaları nəticəsində bir milyondan artıq səs toplayaraq yarışmanın qalibi elan edilmişdir. Həmin ilin iyun ayında Ninanın debüt sinqlı, folk musiqi elementləri ilə zəngin müasir tərzdə bəstələnmiş ballada "Zaljuljali smo svijet" təqdim edilmişdir.
2016-cı ilin fevral ayında Xorvatiyanın HRT telekanalı Nina Kralyiçin ölkəni İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil edəcəyini elan etmişdir.[3] İfaçının Stokholm səhnəsində səsləndirdiyi mahnı "Lighthouse" mart ayında dinləyicilərə təqdim olunmuşdur. Həmin ayda Nina "Ən yaxşı yeni artist" kateqoriyası üzrə Xorvatiyanın nüfuzlu Porin mükafatına layiq görülmüşdür.
Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Nina Kralyiç 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə Nina 133 xalla 10-cu yerdə qərarlaşaraq, Xorvatiyanı son yeddi ildə ilk dəfə final mərhələsinə yüksəltməyə nail olmuşdur. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Kralyiç 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 73 xal toplayaraq, 23-cü yerdə qərarlaşmışdır.
Nina Kralyiçin Samo adlı debüt albomu 2016-cı ilin sentyabr ayında işıq üzü görmüşdür. Albomda yer alan 12 mahnıdan ikisi məhz ifaçının özü tərəfindən bəstələnmişdir.