Həmzəyev Naqif Ələşrəf oğlu (24 may 1983[1], Nərimanlı, Vardenis rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatı (2015, 2020), YAP Gəncə şəhər təşkilatının sabiq sədri (2013–2022), tarix üzrə fəlsəfə doktoru.
Həyatı və təhsili
Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub.[2] Təhsilinə 1988-ci ildə Nərimanlı kənd orta məktəbində başlamış, 2000-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə tamamlamışdır.
2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003–2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində "qonaq tədqiqatçı" statusu ilə "Birinci Dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru" mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyniadlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib.
2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004–2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində "İraq Türkmənlərinin tarixi" mövzusunda araşdırma aparıb. 2006-cı ildə "İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu" mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Yaxın və orta şərqin tarixi" ixtisası üzrə magistr dərəcəsini qazanıb.
2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirərək "leytenant" hərbi rütbəsini qazanıb.
2009–2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən "Elektron Universitet" layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında "İT meneceri" üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2018-ci ildə "XIX əsrin sonundan günümüzə qədər erməni siyasi düşüncəsi və siyasi partiyaları" adlı dissertasiya işini müdafiə etmişdir.
2020-ci ildə Renmin Universiteti (Çin) İpək yolu məktəbində Çin siyasəti ixtisası üzrə magistrantura pilləsinə qəbul olunub. 2024-cü ildə təhsilini uğurla bitirib.
Ailəsi
Ailəlidir, 2 övladı var. Nuhun Həmzə, Banu Həmzə
Fəaliyyəti
2000-ci ildən ictimai fəaliyyətlə məşğul olub. "Dünya Azərbaycanlıları" Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir.
2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universitetinin İnformasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib.
2009–2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru və İnnovasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
2013–2014-cü illərdə Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində fəaliyyət göstərib.
1 avqust 2013-cü ildə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib və 2022-ci ilin 31 yanvar tarixinədək həmin vəzifədə çalışıb.[3]
2015-ci il 19 mart tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin edilib.
2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Eyni zamanda parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Latviya, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna və Azərbaycan-İsveç işçi qrupunun üzvüdür. Həmçinin Milli Məclisin Gənclər və İdman və İnsan hüquqları Komitəsinin və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
2020-ci ildə Avropa Şurası Parlament Assambleyası Əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.
2020-ci il fevralın 9-da 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
2021-ci iləd keçirilən YAP VII Qrultayında YAP Təftiş Komissiyasının üzvü seçilib.
Milli Məclisin (MM) Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya Azərbaycan-Çexiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-İsveç, Azərbaycan-İsrail, Azərbaycan-Koreya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Macaristan, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə və Azərbaycan-Ukrayna işçi qruplarının üzvüdür.
Həmçinin Milli Məclisin İnsan hüquqları və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitələrinin və Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
Mükafatları
- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.[5]
- Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif edilmişdir.
- 2021-ci ildə "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli sərəncamı ilə"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
İstinadlar