Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil etmişdir. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatını alıb. 2012-ci ilin fevral ayinda Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb[1]. 9 may 2012-ci ildə 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4] və 1 may 2017-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.